Azərbaycan mötəbər COP29-a ev sahibliyi edəcək
Siyasət

Azərbaycan mötəbər COP29-a ev sahibliyi edəcək

Ölkə başçımız bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya nümayiş etdirdi

Dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Xatırladaq ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da namizədliyini geri gotürüb.

Qeyd etmək lazımdır ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinə 100-dən çox dövlət və hökumət başçısı, eləcə də ümumilikdə 60 mindən çox nümayəndə qatılıb. Sammitdə ilk dəfə olaraq Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Azərbaycanın genişmiqyaslı tədbirdə böyük nümayəndə heyəti ilə iştirakı ölkəmizin ekologiya və iqlim sahəsində nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan ilk dəfə bu tədbir çərçivəsində öz pavilyonu ilə təmsil olunub.

Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olub. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Ölkəmiz son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik edib və növbəti sədrliklərə uğurlu miras qoyub, qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması dünya ictimaiyyətinə məlumdur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti qələbəsi, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst edərək Azərbaycanın yüksələn nüfuzuna kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Azərbaycan Respublikasının Prezidenti bu təşəbbüsü ilə dövlətimizin qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.

Mustafa KAMAL,

"Respublika".