Mina terroru düşmənin hərbi cinayətlərinin davamıdır
Siyasət

Mina terroru düşmənin hərbi cinayətlərinin davamıdır

İşğal dövründə Azərbaycan ərazilərində misli görünməmiş vəhşiliklər törədən ermənilər tarix boyu ürəklərində gəzdirdikləri kini-küdurəti, hikkəni işğal etdikləri ərazilərdə minalar basdıraraq insanların həyatına, ətraf mühitə ciddi təhlükə yaratmaqla davam etdirmişlər. Düşmən torpağı olsa belə 30 il boyu suyunu içib, havasını udub, üstündə gəzdiyi torpağın altını üstünə çevirmək isə ancaq erməniliyə xas xüsusiyyətdir. Əks təqdirdə, uca yaradanın bəxş etdiyi mərhəmət hissini heç bir qərəz, kin, düşmənçilik yenə bilməz. Yer üzünün əşrəfi sayılan bəşər övladı qurub-yaratmaqdan zövq aldığı halda qəddar, amansız ermənilərin ölçüyəgəlməz vəhşilikləri, ərazilərimizdə 1 milyona yaxın mina basdırması, sözün əsl mənasında, insanı hiddətləndirir.

Özgə torpaqlarında yaşayan düşmən bu yerlərin sahiblərinin gec-tez qayıdacağını yaxşı bildiyi üçün yeraltı-yerüstü sərvətlərini talan edib mənimsəməklə yanaşı, ucsuz-bucaqsız əraziləri başdan-başa minalayıb. "İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır", - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasında olduğunu bildirmişdir.

İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur düşmənin basdırdığı ölümsaçan minalardan, müharibənin partlayıcı qalıqlarından təmizləndikcə bərpa-quruculuq işləri həyata keçirilir, bu yerlərin əvvəlki görkəminə qaytarılması üçün bütün imkanlar səfərbər edilir. Lakin bərpa-quruculuq işlərinin gedişatına, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına  mina problemi böyük maneələr yaradır. Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edən Prezident İlham Əliyev Ermənistanın mina terroru nəticəsində hələ də insanlarımızın həlak olduğunu bildirmişdir: "Əfsuslar olsun ki, dünən yenə də istehkamçılardan biri mina partlayışının qurbanı oldu. Artıq demək olar ki, 350 nəfər minanın qurbanı olub, onlardan 65-i həyatını itirib. Faciə isə ondan ibarətdir ki, Ermənistanın bizə xəritələri verməsini deməsinə baxmayaraq, əslində, bu xəritələr faydasızdır. O ərazilərdəki onların bizə verdikləri xəritələr onların qənaətinə görə dəqiq idi, bizdə çoxlu insan mina partlayışından zərər çəkir. İkinci Qarabağ müharibəsindən sonrakı və antiterror əməliyyatından əvvəlki dönəmdə onlar separatçılar və Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti hesab etdikləri ərazidə yenə də yüz minlərlə mina basdırmışlar. Biz 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaları müəyyən etmişdik... Lakin indi bizim hesablamalarımıza görə, işğal dövründə basdırdıqları bir milyona yaxın minanın əvəzinə, onlar bizə dörd yüz min minanın xəritəsini verdi. Lakin dediyim kimi, bu xəritələrin dəqiqliyi yalnız 25 faiz təşkil edirdi. İndi yüz minlərlə yeni mina basdırılıb".

Uzun illər düşmən əsarətində yerlə-yeksan edilmiş şəhər və kəndlərin böyük sürətlə yenidən qurulması ölkəmizin iqtisadi gücünün, dövlət başçısının əzminin, qətiyyətinin nümunəsidir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işləri bütün dünyanın marağındadır. Belə ki, beynəlxalq konfransda Ceymstaun Fondunu təmsil edən Metyu Brayza Azərbaycanın minalar probleminin davam etdiyi müddətdə işğaldan azad olunmuş ərazilərində tikinti işlərinin və keçmiş məcburi köçkünlərin qayıdışının dinamik şəkildə həyata keçirdiyinin təəccüb doğurduğunu və tamamilə dağıdılmış ərazilərin belə sürətlə bərpa olunmasına dünyanın heç bir yerində rast gəlmədiyini bildirmişdir.

Bu gün işğaldan azad olunmuş rayonlarda minatəmizləmə işləri sürətlə aparılır, mina və PHS-ləri təmizləmək üçün geniş tədqiqat, xəritəçəkmə və təmizləmə əməliyyatları həyata keçirilir. Müasir texnologiya və qoruyucu vasitələrlə təchiz edilmiş, yüksək təlim keçmiş minatəmizləmə qrupları partlayıcı təhlükələri zərərsizləşdirir və ilk növbədə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektləri minalardan təmizlənir. ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə verdiyi məlumata əsasən, noyabr ayı ərzində 7143 hektar ərazi minalardan təmizlənmiş, 228 piyada əleyhinə, 247 tank əleyhinə mina və 4106 partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin mütəxəssisləri işğaldan azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsində Türkiyə, İsrail, Pakistan, Böyük Britaniya və s. ölkələrin təcrübəsindən də yararlanır və birgə əməkdaşlıq həyata keçirirlər. Dost ölkələr azərbaycanlı mütəxəssislərdən ibarət peşəkar heyətlərin hazırlanmasında, həm də öz mina təmizləmə qruplarını, avadanlıqlarını işğaldan azad edilmiş ərazilərimizə göndərilməsində yaxından iştirak edirlər. Artıq ölkəmizdə minatəmizləmə maşınları da istehsal edilir. Azərbaycanın "İmprotex" Şirkətlər Qrupunun istehsalı olan "Revival P" minatəmizləmə texnikasının ANAMA-ya təqdim edilməsi işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlənməsi istiqamətində atılmış uğurlu addımdır.

Mehparə ƏLİYEVA,

"Respublika".