Başlıca hədəfə doğru
Siyasət

Başlıca hədəfə doğru

2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri şanlı zəfərə aparan yolun başlanğıcı oldu

Ölkəmizdə 2018-ci ilə qədər üç dəfə prezident seçkisi keçirildi, şəffaf, demokratik qaydada səs verən seçicilərin böyük əksəriyyətinin iradəsi ilə doğma xalqının inam və etimadını qazanan İlham Əliyev böyük səs çoxluğu ilə qalib gəldi.

Bu seçkiyə qədər Azərbaycanın daxili və xarici siyasətində təkamül baş verdi, son 15 il ərzində inkişafa stimul verən islahatlar həyata keçirildi, Dövlət proqramları uğurla icra edildi, əhalinin həyat səviyyəsi yüksəldi. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi gücləndirildi, əməkhaqları artırıldı, respublikanın yol, enerji, qaz, su təsərrüfatı demək olar ki, yenidən quruldu, məktəb, xəstəxana və digər sosial xidmət mərkəzlərinin binaları inşa edildi. Ermənistanın hərbi təcavüzü nəticəsində yurdlarından didərgin düşən məcburi köçkünlər üçün salınmış çadır düşərgələri ləğv edildi, müasir qəsəbələr salındı, iş yerləri açıldı. Qətiyyətlə demək olar ki, Azərbaycan düşmən ölkənin işğalı nəticəsində üzləşdiyi humanitar böhranı öz gücü, öz vəsaiti ilə aradan qaldırdı. Ölkəmiz sözün əsl mənasında, inkişaf və tərəqqi yoluna çıxdı, həyat səviyyəsi yüksəldi. Qarşıda isə otuz ilə yaxın işğalda qalan torpaqları azad etmək, xalqın üzərindən məğlubiyyət yükünü götürmək, vaxtilə itirilmiş yurd yerlərini əsarətdən qurtarmaq, hiylə ilə dünyaya sırınmış ermənilərin məğlubedilməzlik mifini dağıtmaq, hayların havadarlarının ermənipərəstliyini yerə vurmaq kimi ciddi məsələlər dayanırdı.

Yeni tarixi mərhələ ərəfəsi

Respublikamızda növbəti prezident seçkilərinə hələ iki il qalırdı. Buna qədər isə Ermənistan keçmiş təmas xəttində və dövlət sərhədində atəşkəsi tez-tez pozur, hərbi mövqelərimizi və mülki əhalini yüngül və ağır silahlardan demək olar ki, müntəzəm atəşə tuturdu. İşğalçı ölkə yeni müharibə, yeni ərazilər məqsədilə silahlı qüvvələrimizin yerləşdiyi mövqelərə hücuma keçdi. 2016-cı ildə Aprel döyüşləri başlandı və dörd gün çəkən müharibədə ordumuzun bölmələri düşmənin hücumuna tutarlı cavab verərək 2 min hektardan çox ərazini işğaldan azad etdi. Bu hərbi qələbə Azərbaycan xalqının gücünü və yenilməz ruhunu göstərdi. Hadisələrdən iki il sonra Azərbaycanda ilk dəfə olaraq 2018-ci ildə Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsü nəzərə alaraq fevralın 5-də Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi. Ölkəmizdə hələ heç kəs bilmirdi ki, biz çox gözlənilməz və tarixi hadisənin astanasındayıq, ən güclü siyasi analitiklər belə nəyin baş verdiyini təsəvvür edə bilmirdilər. Xalq seçki məntəqələrinə üz tutdu, yenidən ən layiqli namizəd İlham Əliyevə səs verdi. Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına son qoymaq üçün dövlətin daha da gücləndirilməsi, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulması məqsədilə növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, dünyada yaranmış mürəkkəb beynəlxalq şərait, bəzi dövlətlər arasında münasibətlərin gərginləşməsi məhz çevik addımların atılmasını zəruri etmişdi. Həm də bu demokratik seçkilər Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirmək fürsəti yaratdı. Eyni zamanda, dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən uğurlu hadisələrdən biri oldu. Ona görə də seçkilərin nəticələri təkcə Azərbaycanda deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.

2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən öz lideri İlham Əliyevə böyük etimad göstərməklə xalq sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verdi və ən əsası isə 15 il ərzində görülən işləri yüksək qiymətləndirdi. Çünki İlham Əliyevin siyasətinin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, rifahı dayanır. Bu illər ərzində maaşlar və pensiyalar 8 dəfə artdı. Azərbaycan kosmik dövlətə çevrildi. Ən qabaqcıl texnologiyalar ölkəyə gətirilir, tətbiq edilirdi. Texnoloji, elmi inkişaf gələcək fəaliyyət üçün əsas prioritetlərdən biri idi. Ölkəmizdə nəhəng enerji və nəqliyyat layihələri icra edilirdi. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həmin layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur və qaz ixrac edən ölkəyə çevrilirdi. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikilmiş, qazlaşdırma 95 faizə çatdırılmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi 2018-ci il aprelin 18-də Milli Məclisdə keçirildi. Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev hədəfləri müəyyənləşdirdi və qətiyyətlə bildirdi: "...biz öz torpaqlarımızı azad edəcəyik. Keçmiş Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir. Biz... istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. ... biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq". Azərbaycan xalqı 2003-cü ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi.

Haqlı olan güclüdür

Ermənistanın təcavüzkar siyasəti, münaqişənin həlli ilə məşğul olmağı üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupunun yarıtmaz fəaliyyəti və bölgədə gedən proseslər göstərirdi ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Demək olar ki, son 15 il ərzində dünyada beynəlxalq davranış qaydaları dəyişmişdi, hüquq normaları arxa plana keçmişdi. Açıq görünürdü ki, güc amili daha önəmlidir. Bu, reallıq idi. Dünyada belə bir mühit yaranmışdı ki, kim güclüdür, o da haqlıdır.

2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi istiqamətində həyata keçirilən əməliyyat nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Günnüt kəndini, Ağbulaq yüksəkliyini, Qızılqaya və Qaraqaya dağlarını işğaldan azad etdi. Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi və 11 min hektarlıq ərazi işğaldan azad edildi. Uğurlu hərbi əməliyyat Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə İrəvan-Keşişkənd (Yeğeqnadzor)-Gorus-Laçın -Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq gördü. Dövlətimiz dünyada baş verən böhranlardan ən az itkilərlə çıxa bildi. Gələcək planlardan danışan dövlət başçısı demişdi: "Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Xalq-iqtidar birliyi var... Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar".

2018-ci il başlıca hədəfə doğru gedən yolda ən uğurlu il kimi tarixin səhifələrinə həkk edildi. Bir il altı aydan sonra düşmən ölkənin təxribatlarının və yeni ərazilər iddiasının qarşısını almaq məqsədilə 2020-ci ilin sentyabr ayında döyüş əməliyyatları başlandı və dünyanın hərb tarixində 44 gün davam edən müharibə kimi şərəfli yer tutdu. Böyük güclərin diktəsi ilə Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbə nəticəsində tarixin qaranlığına qərq edildi. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır.

İkinci Qarabağ müharibəsi ilə bağlı təhlillər bir daha onu göstərir ki, döyüşlərdə taktiki qələbələrin bir çoxu xüsusi təyinatlı qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, Şuşa şəhərinə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran mühüm qrupları sayəsində əldə edilib. Bu müharibədə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələr aktiv şəkildə iştirak edib. Sözsüz ki, bu qranit kimi möhkəm birliyin baş memarı və lideri İlham Əliyevdir. Liderimizin rəhbərliyi altında mükəmməl hərbi kadr potensialının formalaşması, müasir hərbi silahlanma, bir sözlə, sarsılmaz hərbi qüdrətimiz, xüsusilə ciddi nizam-intizam, ordunun tam püxtələşməsi, zabit və əsgərlərimizin həm psixoloji, həm də döyüş hazırlığının yüksək səviyyədə olması şanlı Qələbəni və Zəfəri xalqımıza yaşatdı.

Bu tarixi an və ilahi həqiqət baş verdi, 30 ildən sonra Azərbaycan döyüş meydanında qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Tanınmış siyasi şərhçilər, dünyanın məşhur analitikləri birmənalı şəkildə bildirirlər ki, müharibədən cəmi üç il keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi, minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin qayıdışı Azərbaycan dövlətinin gücünü, niyyətini, iradəsini, gələcək uğurlarını göstərir. Gərgin zəhmət, tərəfdaşlıq, işbirliyi, etibarlılıq Prezidentimizin gündəlik fəaliyyətinin impulslarıdır, nəhəng layihələrin icra edilməsini həyata keçirmək coşqusudur. Xarici tərəfdaşlar möhtərəm İlham Əliyevin şəxsiyyətinə, sözünə, əməllərinə, səmimiyyətinə çox güvənirlər və məhz buna görə də respublikamızda 300 milyard ABŞ dolları dəyərində investisiya layihələri icra olunur.

Azərbaycan bölgədə sülhün, əmin-amanlığın, sabitliyin, inkişafın, tərəqqinin, əməkdaşlığın mərkəzinə çevrilib, bir çox beynəlxalq tədbirlərin işğaldan azad edilən, həm tarixi, həm də modern şəhərsalma üslubunda bərpa edilən, yenidən qurulan Şuşa şəhərində keçirilməsi hər birimizdə qürur hissi yaradır. Zənnimizcə, bu qürurun və uğurun mayasında doğma xalqa məhəbbət, İlham Əliyev amalları, şəxsiyyəti, liderlik bacarığı, kökə, şəcərəyə bağlılıq, fədakarlıq, dəmir iradə, fəth etmə qabiliyyəti, təkamül, söz ilə əməli birləşdirən qətiyyət dayanır.

Salman ALIOĞLU,

"Respublika".