Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federal Senatında Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar, ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub.

Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Söhbət zamanı, həmçinin bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.