Mərhəmətin və humanist siyasətin davamı
Digər xəbərlər

Mərhəmətin və humanist siyasətin davamı

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu siyasi kursun təməlini humanizm, insanpərvərlik təşkil edir. Məhz bu strategiyanın uğurlu nəticəsidir ki, Azərbaycan vətəndaşı bu gün tarixinin ən şanlı şərəfli dövrünü yaşayır. Ulu öndər hər zaman humanist dəyərlərə söykənərək verdiyi sərəncamlarla minlərlə vətəndaşımızı əfv etmişdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət artıq ənənə halını alıb. Dövlətimizin başçısı bu humanist addımları ilə Azərbaycan vətəndaşına yüksək dəyər verir, hüquq azadlıqlarını hər şeydən uca tutur.

Bu gün imzalanan "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncam bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, xoşbəxtliyi dayanır. Sərəncamla dövlətimizin başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi. Bu, Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Belə ki, bu dəfə əvvəlkilərdən daha çox - 801 məhkum əfv edilib. Onlardan 463 nəfəri azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları cəzaya şərti məhkum edilmiş şəxslər) azad olunub. İnanırıq ki, əfv olunan şəxslər ölkəmizdə qanunun aliliyini dərindən dərk edərək bir daha onu pozmayacaq, faydalı işlərlə məşğul olacaq, cəmiyyətimizin inkişafına töhfələr verəcəklər.

Sərəncamın ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanması onun siyasi kursuna, zəngin mənəvi irsinə, dövlətimizin xalqımızın həyatında misilsiz xidmətlərinə verilən ən ali dəyərdir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

 Konfederasiyasının sədri,

Milli Məclisin deputatı.