Tarixi ərazimiz, əzəli məmləkətimiz
Digər xəbərlər

Tarixi ərazimiz, əzəli məmləkətimiz

İki yüz ildən artıqdır ki, Azərbaycanda düşmənçilik edən, hərbi cinayətlər törədən ermənilər tarixi bir həqiqəti unudurlar ki, hazırda onların məskunlaşdıqları ərazilər azərbaycanlılara məxsusdur. Bu torpaqlarda heç vaxt Ermənistan adında dövlət olmayıb, halbuki, onlar çox iddialı və xəstə xəyallar uydurur, nağıllar danışır, başqa xalqlara qarşı etnik nifrət nümayiş etdirir, "dövlət"dən dəm vururlar. Tarixin səhifələrinə nəzər salanda qarşımızda həm çox ağrılı, həm də maraqlı bir mənzərə açılır. Dünya bilməli və qəbul etməlidir ki, Ermənistan adlanan ərazi Qərbi Azərbaycan ərazisidir, artıq həmin torpaqların əzəli sakinləri olan azərbaycanlılar öz doğma yurdlarına qayıtmaq üçün icma şəklində birləşərək beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır, tarixi ədalətsizliyin aradan qaldırılmasını istəyirlər.

Bəlkə də yer üzündə yeganə millətdir ki, ermənilər tarixi təhrif edir, saxta və qondarma mif yaradır. Ermənistan hakimiyyəti müstəqil fikir irəli sürə bilmir, "ağa"larının dediyi ilə durub-oturur. Üzdə nə qədər müti, aciz görünsələr də daxildə bir o qədər paxıl, qəddar, hiyləgər olan erməni cəmiyyəti sağalmaz mərəzə düçar olub, sözü ilə əməli heç vaxt düz gəlmir. Paşinyan hakimiyyəti üstüörtülü şəkildə bildirir ki, mənim başım Rusiyadadır, ayaqlarımsa Avropaya tərəf gedir. Nə qədər sürüşkən bir toplumdur, necə deyərlər, aldıqları hava da yalandır.

Azərbaycanlıların tarixi qara və qırmızı xətlərin kəsişməsindədir və təəssüflə qeyd edək ki, həmin qara xətlər xalqımızın taleyindən fırtına kimi keçib, başımızın üzərində həmişə sərt küləklər əsib. Torpaqlarımızı parçalayıblar, azərbaycanlılar bir əsrdə iki-üç dəfə deportasiyaya məruz qalıblar, tarixi torpaqlarından zorla köçürülüblər və yer üzünə ağalıq etmək iddiasında olan tiranlar, imperatorlar, çarlar, prezidentlər bu fitnə-fəsadı həmişə erməni əli ilə törədiblər. Tarixi mənbələrə görə, Göyçə gölündən ayrılan Zəngi çayı ilə Misxanaçayın yaratdığı dərin dərələrdə yerləşən mahal şimalda Pəmbək nahiyəsi, cənubda Qırxbulaq mahalı, qərbdə Abaran mahalı, şərqdə isə Göyçə gölü ilə həmsərhəd idi. Göyçə mahalı İrəvan xanlığının şimal hissəsini əhatə etməklə, həm ərazisinə, həm də əhalisinin sayına görə xanlığın ən böyük mahalı hesab edilib. Bu mahal indiki Ermənistan ərazisindəki Çəmbərək (Krasnoselo) rayonuna daxil olan Toxluca, Ağbulaq, Şorca, Ardanış, Cil kəndlərini, Basarkeçər (Vardenis), Qaranlıq (Martuni), Kəvər (Kamo) rayonlarının ərazilərini əhatə edir. Rusiya-İran müharibəsi nəticəsində imzalanan Türkmənçay (10 fevral 1828-ci il) sülh müqaviləsinə əsasən, İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edilib. Çar I Nikolayın 1828-ci il martın 21-də verdiyi fərmana görə, İrəvan xanlığı ləğv edilərək Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü - "erməni vilayəti" yaradılıb. Rus tarixçi-araşdırmaçı İ.Şopen tərəfindən 1828-ci ilin aprelindən 1832-ci ilin mayına qədər "erməni vilayəti"ndə kameral siyahıyaalma həyata keçirilib. Həmin siyahıyaalmanın nəticəsinə görə 2 mahalda (Dərəçiçək və Göyçə) ümumilikdə 179 kənd mövcud olub. Bunlardan 83-ü tamamilə dağıdılmış və viran edilmiş, 96-sı isə yaşayış üçün yararlı, qismən dağılmış kəndlər idi. 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Dərəçiçək mahalında 16, Göyçə mahalında isə 67 kənd dağıdılıb və əhalisi didərgin salınıb. Tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası XIX əsrdə və XX əsrin əvvəllərində tarixi, coğrafi və siyasi vəziyyətinə görə öz strateji əhəmiyyətini saxlaya bilib. İrəvan bölgəsi Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra bu ərazilərə ermənilərin köçürülməsinə başlanılıb. Lakin erməni-rus siyasi və hərbi birliklərinin sistemli şəkildə bu bölgədə yerli türk əhalisinə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində İrəvan bölgəsində "erməni dövləti" yaradılıb, bu ərazilər Azərbaycanın siyasi və hüquqi ərazilərindən zorla qoparılıb. Bütün arxiv sənədləri və tarixi faktlar sübut edir ki, ermənilərin Araz çayından şimala, xüsusilə də Qərbi Azərbaycan ərazilərinə köçürülməsi 1828-ci ildən başlayaraq iki əsrə yaxın davam etdirilib. 1828-ci ildə başlanan azərbaycanlıların öz dədə-baba torpaqlarından məcburi köçürülməsi, deportasiyası ağır faciələrlə, qırğınlarla 1991-ci ilə kimi davam edib. Həmin il azərbaycanlıların yaşadığı sonuncu kənd Nüvədi də boşaldılıb. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi haqqında amerikalı tarixçi Castin Makkarti yazıb ki, 1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibinin ermənilərin xeyrinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman (azərbaycanlı) məcburi olaraq yaşadıqları ərazidən sürgün edilib. Və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilib. Əvəzinə 560 min erməni bu torpaqlarda məskunlaşdırılıb. Rus qoşunları iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum edib, hər iki hücumda məğlub olub və geri çəkilib. Buna baxmayaraq, onlar özləri ilə 100 min ermənini gətirib yurdundan zorla qovulmuş, öldürülmüş türklərin yerlərinə yerləşdiriblər. Rus imperatoru I Pyotr vəsiyyət edib ki, iki Türk dövlətinin arasına erməniləri yerləşdirin ki, türklərin birləşməsinin qarşısını alanda onlardan istifadə edəsiniz. Rusiya çarları və prezidentləri bu vəsiyyəti yerinə yetiriblər.

Bu tarixi ədalətsizlik haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev deyib: “Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır”.

Qərbi Azərbaycan icmasının üzvləri ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev bildirib ki, əminəm gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Onlardan, yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır. Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında, hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar. Və bir daha əmin olduq ki, biz Qarabağa qayıtdığımız kimi Dərələyəzə, Vediyə, Göyçəyə də qayıdacağıq.

Mən inanıram, mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcək bütün bölgədə. Mütləq, mütləq siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağınızı da, babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm, - deyən dahi şəxsiyyətin arzusu mütləq yerinə yetiriləcək. Qarabağ və Şərqi Zəngəzuru azad edərək ata vəsiyyətini şərəflə yerinə yetirən Qalib Ali Baş Komandan İlham Əliyevi xalqımız lider kimi sevir və qiymətləndirir. Məhz bu tarixi nümunə imkan verir ki, deyək: Biz Qərbi Azərbaycana qayıdacağıq.

Salman ALIOĞLU,

"Respublika".