Nazir müavini İtaliyada BMT-nin Qida Sistemləri Sammitində
Digər xəbərlər

Nazir müavini İtaliyada BMT-nin Qida Sistemləri Sammitində

İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Qida Sistemləri Sammitinin (UNFSS) nəticələrinin nəzərdən keçirilməsi ilə bağlı plenar iclas keçirilib. Tədbirdə ölkəmizi kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov təmsil edib.

Nazirlikdən  bildirilir  ki, plenar iclas BMT Baş katibinin təşəbbüsü əsasında Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və Ümumdünya Ərzaq Proqramının (WFP) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin məqsədi UNFSS-in 2021-ci ildə keçirilən sammitində qarşıya qoyulan vəzifələrin icra vəziyyəti, nəticələrin və onların qlobal ərzaq təhlükəsizliyi sisteminə verdiyi töhfələri nəzərdən keçirmək, "2030 Gündəliyi" proqramının ilkin versiyasını formalaşdırmaqdır.

Toplantıda çıxış edən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, dünya ictimaiyyətini vahid hədəf üçün bir yerə toplayan BMT-nin Qida Sistemləri Sammiti Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün "2030 Gündəliyi"nin icrasına dəstək verən ilk ölkələrdən biri Azərbaycan olub. Bu istiqamətdə ölkə miqyasında hədəfləri sürətləndirmək üçün konkret siyasət müəyyən olunaraq həyata keçirilib. Azərbaycanda təşkil olunmuş müxtəlif səviyyəli milli dialoqlarda 2030-cu ilə qədər milli ərzaq sisteminin transformasiyası üçün çağırışların və prioritetlərin müəyyən edilməsində birgə yanaşma təşviq edilib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda aqrar sahənin rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Hazırda ölkəmizdə bütün kənd təsərrüfatı xidmətlərindən və aqrar sahəyə dair dövlət güzəştlərindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə yararlanmaq mümkündür.

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini səfər çərçivəsində Romada keçirilən Afrika və Yaxın Şərq üzrə Avropa Korporativ Şurasının 4-cü sammitində iştirak edib. Qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin yaratdığı çətinliklərin müzakirəsinə həsr olunmuş sammitdə çıxış edən Sarvan Cəfərov pandemiyalar və iqlim dəyişikliklərinin insan sağlamlığının əsasını təşkil edən qida sistemlərini pozduğunu deyib. Nazir müavini bildirib ki, gələcəkdə mümkün risklərin qarşısını almaq üçün qlobal miqyasda qarşılıqlı, ortaq yanaşma olmalıdır.

Sammitdə kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nəriman CAVADOV,

"Respublika".