Masalının
İdman

 Masalının "Ərkivan” FK ölkə kubokuna sahib çıxıb

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı  sayəsində keçirilən ölkə kuboku yarışlarına yekun vurulub.

“Respublika” xəbər verir ki, ilk gündən yaşıl meydançada qələbə əzmi ilə  mübarizəyə qoşulan, Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu həvəskar komandalar arasında ölkə kubokuna sahibi çıxıb.

Yarışın  final qarşılaşması iyulun 22-də Bakı şəhərindəki “ASKO Arena” stadionunda baş tutub.  Bakının “Topçular”  futbol klubu ilə qarşı-qarşıya  gələn masallıların  görüşü  maraqlı anlarla yadda qalıb.

Oyunun əsas hissəsi bərabərliklə sona çatıb. Belə ki,  hər iki komanda 5 dəfə rəqib qapısının torunu  silkələyib.  Masallı idmançıları əlavə vaxtda isə  daha yaxşı oyun nümayiş etməklə  önə çıxmağı bacarıblar.  Oyun ərzində komanda öz adını  iki dəfə tabloya yazdırıb.

Rəqib komanda üzərində inamlı qələbə (7:5) çalan “Ərkivan”  FK ölkə kubokunu   Masallı rayonuna  gətirib.

Zəfər ORUCOLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü