Kinomuzun əvəzsiz sənətkarı
Mədəniyyət

Kinomuzun əvəzsiz sənətkarı

İlk dəfə "Nəsimi" filminə baxanda səhərə kimi ağlamışdım. Hətta səhərin açılıb, günəşin doğmasını belə istəməmişdim. Elə bilirdim ki, Nəsiminin ölümündə günəş də günahkardır. Günlərlə filmin təsirindən çıxa bilməmişdim. Böyüklər məni inandırmağa çalışsalar da daxili sarsıntı keçirirdim. Mənə elə gəlirdi ki, Nəsimi elə Rasim Balayevin özüdür. Axı, bir uşaq düşüncəsiylə nə biləydim ki, bu, bir aktyor qüdrəti, sənətkar məharəti idi.

Azərbaycan kinosunda öz dəst-xətti olan, yaratdığı obrazlar ilə qəhrəmanın daxili potensialını, qüdrətini tamaşaçıya çatdıra bilən bir aktyordur Rasim Balayev. O, Azərbaycan xalqının tarixi qəhrəmanı Babəkin "Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən yaxşıdır" ifadəsi ilə azadlıq yanğısının nə olduğunu tamaşaçıya bir aktyor kimi deyil, elə qəhrəman kimi çatdırırdı. Əlbəttə ki, Sovet hökumətinin hakimiyyəti dövrlərində Azərbaycanın tarixi qəhrəmanı kimi azadlıqdan danışıb, onu təbliğ etmək rejissor qədər aktyorun da cəsarəti, hünəri idi. Bu, həm də aktyorun azərbaycançılıq ideologiyasından çıxış edərək Vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəslə vətənpərvərlik ruhu aşılaması idi.

Rasim Balayev "Dədə Qorqud"un Bamsı Beyrəyini də elə o dərəcədə gözəl, maraqlı yaratmışdır. Aktyor rolunu o qədər canlı oynayırdı ki, tamaşaçı Beyrəyin kəsdiyi barmağının qanı ilə atasının ağlamaqdan tutulan gözlərini açdığına inanırdı. Bəli, biz tamaşaçı kimi bu böyük sənətkarın obrazları ilə ağladıq, güldük, yaşadıq. Bəzən özümüzü ona bənzətməyə də çalışdıq.

Rasim Balayevin yaratdığı hər obraz ayrıca bir şedevrdir. Sonralar onu Köhnə dəyirmanda ölən Cəbi kimi sevdik. Hər dəfə də "Mən sizə, o adamın adını deyəcəm, mütləq deyəcəm" deyən Cəbinin "kaş müstəntiq Gündüz Kərimbəyliyə o adamın kimliyini deyəydi" təəssüfünü yaşadıq. Rasim Balayev rejissorlar üçün maraqlı tipaj idi. Onun daxili qüvvəsi, həvəsi zahiri görkəmi ilə vəhdət təşkil edirdi. Bu isə onun rollarına daha da rəngarənglik, gözəllik gətirirdi. Onu da qeyd edək ki, Rasim Balayev yaradıcılığında təkcə dramatik, qəhrəman obrazlarını deyil, həm də mənfi obrazları da çox məharətlə yaratmışdır. "Həm ziyarət, həm ticarət" filmində çəkildiyi Davud rolunu elə dramatik obrazları qədər güclü, təbii oynamışdır. Demək ki, aktyorun müxtəlif səpkili obrazlar yaratmaq məharəti onun daxili istedadıdır. Onun istər qəhrəmanlıq, istərsə də komik-dramatik rolları eyni dərəcədə qüvvətlidir. Əslində, bu, bir aktyorun improvizasiyası, bir obrazdan digərinə keçmək məharətidir. Sonralar biz tamaşaçı kimi Rasim Balayevi "Yaramaz", "Otel otağı" kimi bir çox filmlərdə də gördük. Son illərdə isə daha bir tarixi obraz yaratdı. Böyük Hüseyn Cavidin həyatından bəhs edən "Cavid ömrü" filmində Cavid obrazını yaratdı.

Avqust ayının 8-i Azərbaycan Milli Kinosunun Nəsimi, Babək, Bamsı Beyrək kimi qəhrəmanlarını yaradan Rasim Balayevin doğum günüdür. O, sənət yaradıcılığının bütün zirvələrini fəth edib. Ən böyük qəhrəmanı, ən kiçik mənfi obrazı da özünəməxsus ustalıqla yaradıb. Keçdiyi yaradıcılıq yolunda Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" ordeni kimi yüksək titulların sahibidir. Bu günlərdə sənətkar 75 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İstiqlal" ordeni ilə təltif edilib. "Bu təltifi gözləmirdim" deyən aktyora "İstiqlal" ordenini şəxsən Prezident İlham Əliyev özü təqdim etdi. Dövlət başçısı aktyoru təbrik edərək bildirdi: "Sizi ilk növbədə yubileyiniz münasibətilə təbrik edirəm. Sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz Azərbaycan xalqını öz sənətinizlə uzun illərdir ki, sevindirirsiniz. Fəaliyyətiniz çox məhsuldardır, onlarla filmdə çəkilmisiniz. Ümumiyyətlə, Azərbaycanın kino sənətinə çox böyük töhfə vermisiniz və bu fəaliyyət davam edir. Mən buna çox sevinirəm, çox şadam". Rasim Balayev isə dövlət başçısına ürək sözlərini belə bildirdi: "Mən xalqın arasında oluram, bütün təbəqələrlə görüşürəm. Siz öz adınızı tarixə Ali Baş Komandan kimi, elə əsl Babək kimi yazdınız. Əsl Babək Sizsiniz, biz onun obrazını oynayırıq".

Ramidə YAQUBQIZI,

"Respublika".