Böyük ideyalar uğrunda mübarizə aparan ədib
Mədəniyyət

Böyük ideyalar uğrunda mübarizə aparan ədib

Ana! Ana!.. O adın qarşısında bir qul tək

Həmişə səcdədə olmaq mənə fəxarətdir,

Onun əliylə bəla bəhrinə yuvarlansam,

Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Onun qələmə aldığı ədəbiyyat nümunələri içərisində "Ana" şeirinin xüsusi yeri var. Bu şeir bütövlükdə Azərbaycan lirik şeirinin ən gözəl nümunələrindəndir. Şeirdə şair yüksək bir duyğu ilə ananın böyüklüyünü və müqəddəsliyini nəzərə çatdırır. Bəli, Cəfər Cabbarlı ədəbi yaradıcılığa şeirlə başlasa da bu, çox davam etməmiş, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış, Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmışdı.

20 mart 1899-cu ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuş Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri var. O, milli azadlıq ideyaları və istiqlal idealının iştirakçısı və tərənnümçüsüdür.

Kömürçü işləyən atası görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçüb. 3 yaşı olanda atası vəfat etdiyi üçün evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərdə oxutmuşdu. Ara-sıra Xızıya gedən Cəfər orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşərmiş. 

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektromexanika şöbəsinə daxil olur, 1920-ci il mayın 6-da təhsilini başa vurur. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda, 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində təhsilini davam etdirir.

Yaradıcılığının ilk dövründə şeirlər yazan ədibin mövzularının əsasını satira təşkil edirdi, bu da onun bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. O, ilk satirik şeirlərində həm mövzu, həm də forma baxımından  Sabirdən ruhlanmışdı.  XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür və bütün bunları qələmə almağa, öz münasibətini bildirməyə çalışır. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir. Şeirləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdur.

XX əsr Azərbaycan ədəbiyyatının klassiki C.Cabbarlı yaradıcılığı dövrünün problemlərini əks etdirməklə yanaşı, həm də insanların maariflənməsinə xidmət edirdi. Yazıçı yaratdığı Sevil obrazı ilə cəhalətin, geriliyin qurbanı olmaqdan qurtulub, azad qadın obrazını formalaşdırmışdı. Yazıçı qəhrəmanı Sevilin vasitəsilə azərbaycanlı qızları təhsilli, azad, qərarlarını özləri verə biləcək və özlərini qoruya biləcək durumda görmək istəmişdir. Bu yolla ailədə, cəmiyyətdə əzilən, alçaldılan, hüquqları əlindən alınan qadınları öz əsərlərinə gətirmişdi. C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" əsəri də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir. Digər bir əsəri olan "Solğun çiçəklər"də də yazıçı iki gəncin nakam məhəbbətini qələmə almışdır.

Yazıçı hekayələrinin əksəriyyətini qadın adları ilə adlandırmışdır. Bu təsadüfi deyildir, çünki ədibin hekayələrinin əsas mövzusunu qadın azadlığı, qızların təhsildən uzaqlaşmasının qarşısının alınması, qadınların acı həyatı, qadın çarəsizliyi təşkil etmişdir. Onun "Qızıma" adlı satirik şeirində qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişdir. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir. Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutmuşdur. Yazıçı 1917-ci ildə Osmanlı tarixinə dair "Trablis müharibəsi" və ya "Ulduz" və "Ədirnə fəthi" pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür.

Cəfər Cabbarlının "Aydın" və "Oqtay Eloğlu" pyesləri 1921-1923-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuş və teatrın repertuarında yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir. 1922-1923-cü illərdə üzərində işlədiyi "Araz çayı" mənzum faciəsini yazıçı Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən "Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!" misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı üçün haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı "Qız qalası" adlı əfsanəvi poemasını "Maarif və mədəniyyət" jurnalında dərc etdirmişdir.

O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan ədəbiyyatının son vəziyyəti", "Bizdə teatro", "Azərbaycan teatr məktəbi", 1922-ci ildə "Ədəbi mübahisələr" məqaləsini "Zəhmət" qəzetində dərc etdirilmişdir.

XX əsr Azərbaycan ədəbiyyatında C.Cabbarlı məhz dramaturq kimi tanınmış, yüksək və dərin məzmunlu dramlar müəllifi kimi şöhrət qazanmışdır. 20-dən çox pyes, həmçinin hekayələr, şeirlər, esse və məqalələr yazmışdır. Onun əsərlərində qadınların azadlığı, gender bərabərliyinin təmin olunması və cəhalət məsələlərinin həlli kimi mövzular ön planda tutulmuşdur. C.Cabbarlının dramaturgiya sahəsindəki yaradıcılıq fəaliyyətini ilk dram əsərlərindən başlamış son pyesinə qədər yeni qəhrəman axtarışı və kəşfi kimi səciyyələndirmək olar, "Aydın", "Oqtay Eloğlu", "Od gəlini" əsərləri dramaturqun bu sahədəki nailiyyətləri hesab olunmalıdır. "Aydın" və "Oqtay Eloğlu" pyeslərinin hər ikisində varlılar və yoxsullar arasındakı uçurum, pulun, var-dövlətin insan cəmiyyətindəki pozucu rolu göstərilmişdir. Həm Aydın, həm də Oqtay ağıllı, istedadlı və bacarıqlı gənc ziyalılardır. Lakin pulun, sərvətin hakim mövqe tutduğu bir cəmiyyətdə onlar özlərindən qat-qat güclü olan mənfi qüvvələrlə mübarizə apara bilmir, məğlub olurlar.

Milli teatrımızın nailiyyətlərinə əsaslanan, Azərbaycan dramaturgiyasının realist ənənələrini davam və inkişaf etdirən Cəfər Cabbarlı bir dramaturq kimi ədəbiyyat tarixində yeni səhifə açmışdır. Onun dövrün mühüm ictimai məsələlərinə həsr olunan dram əsərləri böyük tərbiyəvi əhəmiyyətə malikdir və hər bir dövr üçün öz aktuallığını qoruyub saxlayır.

Cəfər Cabbarlının Azərbaycan kino tarixində də böyük rolu, əməyi var. Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən peşəkar dramaturq kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kinofilm çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan C.Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxarmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində olmuş, lakin o, bu arzusunu "Sevil" filmi ilə həyata keçirmişdi. Böyük ümidlər və ideyalarla yaşayan Cəfər Cabbarlı 1934-cü il dekabrın 31-də vəfat etmişdir.

Ramidə YAQUBQIZI,

"Respublika".