Qarabağın rəmzi:
Mədəniyyət

Qarabağın rəmzi: "XARIBÜLBÜL" çiçəyi

Ədiblərimizin yaradıcılığında qarşılıqlı məhəbbət hissi ilə yaşayan qoşa aşiq-gül və bülbül obrazı ən çox işlənən poetik rəmz kimi divan ədəbiyyatında yer alır.

Cəh-cəhinə görə, quşların içində bülbül xüsusilə fərqlənir. Əgər qəfəsdə deyilsə, səs eşidən kimi musiqi məclislərinə uçub gəlir. Musiqi onun canıdır. Onun ifası professional musiqi baxımından dəqiqdir. Musiqi cümləsini tamamlayır, fikri inkişaf etdirir, kuliminasiyaya qalxır, sonra enmələrlə ilk başladığı notda qərar tutur. Bülbül həm bəstəkardır, həm də ifaçı...

Divan ədəbiyyatında və xalq musiqi nümunələrində "bülbül" sevən aşiq və nakam məhəbbətin qurbanı kimi təsvir edilir. Məşhur "Gül ilə bülbülün hekayəsi"ndə də bunu görmək olar. Burada göstərilir ki, bülbül bütün qışı sevgilisi ağ qönçənin açılmağını gözləyirmiş. Gül isə bülbülə naz edərək açılmaq bilmirdi. Səhər, gün çıxana yaxın səbri tükənir, qönçənin açılmasını sürətləndirmək üçün nə edəcəyini bilmir. Ona elə gəlir ki, günahkar tikandır. Bu çaxnaşıqda özünü gülün tikanlarına çırpır. Gülün tikanı onun düz ürəyinə batır. Bülbülün qanı ləçəklərə çiləndiyi üçün onun rəngini qızardır. Xar, yəni tikan onun hövsələsizliyindən istifadə edib rəqibi bülbülün qatilinə çevrilir.

"Xar" sözünün mənaları içərisində "ayağa düşən" mənası da var. Axı sevdiyinin ayağına düşüb yalvarmaq aşiqlərin adətidir. Bülbülün başqa bir rəqibi də vardır ki, bu da xəzan çağıdır. Bu vaxt gülün ləçəkləri tökülür, əcəl məqamı çatır.

Əlbəttə, gözəllik və məhəbbətlə bağlı olan heç də bütün duyğular lirik mahnıya çevrilə və yaxud lirik mahnı yarada bilmir. Bir çox hallarda güclü lirik duyğuları hərəkətə gətirən, onu qeyri-adi, unudulmaz edən, başqalarına təsir göstərmək gücü verən diqqətçəkici bir hadisənin olması da mahnıya çevrilmə prosesində mühüm rol oynaya bilir. "Xarıbülbül" xalq mahnısının yaranmasında da o dövrdə baş vermiş hadisə - əhvalatlar mühüm rol oynamışdır. Qeyd etmək lazımdır ki, Şuşa və Gülablı dağlarında xarıbülbül adlanan qeyri-adi bir çiçək bitir. Çiçəyə bu ad bülbülə bənzədiyinə görə verilib. "Xar" sözü isə tikan mənasını verir, yəni tikanlı bir çiçək. Xarıbülbülün digər adı Səhləbdir. Xarıbülbül yer kürəsində yalnız Qarabağda, xüsusilə də Şuşada, Abdal-Gülablı kəndində bitir.

Xarıbülbül orxideyalar fəslinə, ofris cinsinə aiddir. Bu cinsin 50-dən çox növü var, onların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində bitir. Bu bitkinin Azərbaycanda bitən bütün növləri isə xarıbülbül çiçəyi adlanır.

Bu, adi bir çiçək deyil, sanki bir möcüzədir. Onun heç ətri də yoxdur. Xırda, bənövşəyi rəngli ləçəkləri otların arasından güclə seçilir. Çiçəyin 3 ləçəyi var, lakin simmetrik quruluşuna görə aydınca seçilir ki, çiçəyin 4 ləçəyi olmalı imiş. Lakin bu dördüncü ləçəyin yerində isə arıya bənzəyən, üstündə cücülərdə, böcəklərdə olduğu kimi naxışlar, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək - xar var. Sanki belə bir təsəvvür yaranır ki, böcək çiçəyin 4-cü ləçəyini yeyib, başını çiçəyin ortasına qoyub və bunun üçün də böcəyin başı görünmür. Çiçəyin tən ortasında isə sanki bülbül oturub. Bülbülün çiynində isə iki balaca ləçək var. Bu ləçəklər çiçəyin öz ləçəklərinin rəngindən bir azca tünd, ləçəklərdən isə bir xeyli balacadır. Aydınca görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır.

Bu çiçək haqda dillərdə 40-a yaxın rəvayət, əfsanə var. Bu əfsanələrdən biri isə belədir: Bir zamanlar bütün güllər-çiçəklər insanlar kimi sevir, danışıb-gülürmüşlər. Rəvayətə görə, bülbül bir çiçəyi sevir və bütün gül-çiçəklər də bunu hiss edir. Hər gün bülbül o çiçəyin üzərinə qonub ona məhəbbət mahnısı oxuyar və digər gül-çiçəklər də bu avazda rəqs edərmiş. Amma xar belə şadyanalığa, məhəbbətə dözə bilmir, az qalır ki, qısqanclıqdan bağrı çatlasın. Çiçəyi bülbüldən ayırmaq üçün gəlib ona sevgisini etiraf edir. Çiçək xarı rədd etməyə çalışır. Acıqlanan xar çiçəyin saplağı ilə yuxarı dırmaşmağa başlayır, onun bir ləçəyini yeyir. Bülbül gülün məhv olduğunu görüb fəryad qoparır. Bütün gül-çiçəklər də bu fəryada qoşulur. Lakin xarın daş qəlbi yumşalmır, yenə çiçəyi yeməkdə davam edir. Onda bütün digər çiçəklər Allah-təalaya yalvarır ki, onların canını alsın, amma çiçəklə bülbülün eşqinə qıymasın. Beləcə, onların ah-naləsi qəbul olunur, hamısı adi bitkiyə, çiçəyə dönür, gül-çiçəklər canlarını bülbüllə, çiçəyə görə fəda edirlər. Xarıbülbül də söz verir ki, yalnız onların bitkiyə çevrildikləri yerlərdə bitəcək. Bundan sonra hətta ən məharətli bağbanlar da onu başqa torpaqlarda bitirə bilmirlər.

"Xarıbülbül" adındakı "xar" sözü epitetdir, yəni o, bu çiçəyin əlamətləri ilə bağlıdır. Çiçəyin mühüm xüsusiyyətlərindən biri isə budur ki, onda müxtəlif rənglər (yaşıl, sarı, qırmızı və s.) bir-birinə qarışır, eyni bir ləçəyin bir hissəsində olan ağ rəng ləçəyin digər hissəsində çəhrayıya çevrilir. Bülbülün sinəsindən aşağıda olan hissədə isə hətta özündən naxışlar da vardır.

"Xarıbülbül", yaxud "Sarı bülbül" xalq mahnısının maraqlı tarixçəsi var. Ağa Məhəmməd şah Qacar Şuşada qətlə yetiriləndən sonra İbrahimxəlil xan İranla münasibəti yoluna qoymaq üçün öz sevimli qızı Ağabəyim Ağa Ağabacını Fətəli şaha ərə verir. Ağabəyim Ağa Ağabacı da ömrü boyu Vətən həsrəti ilə yaşayır. Könül dərdlərini bayatı, qoşma və qəzəllərlə dilə gətirir. Şah Ağabəyim Ağa Ağabacının qəlbi şad olsun deyə Qarabağdan torpaq, müxtəlif gül-çiçək kolları, meyvə ağacları gətirərək bağ saldırır. Hətta bağban da şuşalı olur. Bağın adını da "Vətən bağı" qoyurlar. Ağabəyim Ağa Ağabacı bu gözəl bağçanı gəzərkən bütün gülləri, çiçəkləri özünəməxsus sevgi ilə oxşayıb, ürəyi atlanır. Amma Şuşadan uzaqda Xarıbülbül çiçəyinin bitməməsindən məyus olaraq dərdini belə dilə gətirir:

"Vətən bağı" al-əlvandı,

Yox içində "Xarıbülbül"!

Ömür sürməli dövrandı,

Səsin gəlsin barı, bülbül.

Həmin şeir sonra xanəndələrin dilinə düşür və dillər əzbərinə çevrilir.

Dövlət başçımızın rəşadəti sayəsində çiçəkləndi Qarabağ torpağı, çiçəkləndi "Sevgi çiçəyi Xarıbülbül". Lakin Vətən şəhidlərinin əbədi simvolu oldu. Bəli, Qarabağın  "Xarıbülbül" çiçəyi əvvəllər Şuşanın simvolu idi. 44 günlük Vətən müharibəsi zamanı o, bütün Qarabağın, daha sonra isə şanlı qələbəmizin və şəhidlərimizin simvoluna çevrildi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanıldı. Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatı nəticəsində Qarabağımız azad olundu...

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərmiş bütün qəhrəman oğullarımızla qürur duyuruq. Onlar öz qanları bahasına sınmış qürurumuzu bərpa etdilər...

Uzun illər düşmən tapdağı altında qalan torpaqlarımızı həqiqi sahibinə qovuşdurdular!

Zəfər bayramımız, qələbəmiz əbədi olsun... 

Qarabağ Azərbaycandır!

Almara NƏBİYEVA,

BDU, filologiya fakültəsinin "Dədə Qorqud"elmi-tədqiqat

laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru.