Kar, kor, çolaq “həqiqətsevərlər
Digər xəbərlər

Kar, kor, çolaq “həqiqətsevərlər"

Qarabağ iqtisadi rayonunda faydalı yataqların ermənilər tərəfindən qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası bir aydır davam edir.

Havanın soyuq olmasına baxmayaraq Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Soyuqlar başlayandan aksiya iştirakçıları hər gün olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunur. Həmişə olduğu kimi, etirazçılar yanvarın 10-da səhəri Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Bu barədə hər gün Azərbaycan televiziyaları etiraz aksiyasının keçirildiyi ərazidən canlı bağlantılar yaradır və yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdirirlər.

Şuşadan keçən Xankəndi-Laçın yolunda ötən gün Rusiya sülhməramlılarına məxsus daha 8 təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Belə ki, 2 minik və 6 "KamAZ" markalı maşın Xankəndidən Laçın istiqamətinə keçid edib. Ümumiyyətlə, gün ərzində 13 maşın maneəsiz hərəkət edib. Dəfələrlə bildirilib ki, aksiyanın keçirilməsinə baxmayaraq yol humanitar məqsədlər üçün açıqdır. Həmin yol talançıların, separatçıların, oğruların, Azərbaycanın sərvətlərini qanunsuz olaraq istismar edənlərin üzünə bağlıdır. Ekofəalların haqlı etirazına cavab verilməyənə qədər həmin yolda aksiyalar davam etdiriləcək. Gənclərin və ekofəalların erməni talanına qarşı etiraz aksiyasını əzmlə, qətiyyətlə davam etdirməsi separatçılardan, oğrulardan, cinayətkarlardan daha çox Fransanı narahat edir. Hər halda görünən budur. Vaxtilə Əlcəzair xalqına qarşı soyqırımı törədən ölkənin erməni lobbisinin pul kisəsindən asılı olan bəzi jurnalistlər haqqın gözünə baxmaqdan çəkinir, onlar yalan və iftiradan vicdansız şəkildə istifadə edirlər. "Le Figaro" fransız jurnalının direktor müavini Jan-Kristof Byisson Tvitter səhifəsində Laçın yolundakı aksiya iştirakçılarının ərazidən getdiklərini və onların yerinə hərbçilərin gəldiyini qeyd edərək saxta bir şəkil də paylaşıb. Adamın Paris şəhərində oturub, Laçın yolundan şəkil paylaşması istər-istəməz bir lətifəni yada salır. Kar, kor və çolağın lətifəsini. Birdən kar deyir ki, səs gəlir, kor deyir ki, görürəm yaxınlaşırlar, çolaq da deyir ki, durun qaçaq. Müsyö Jan Kristofun Laçın yolundan şəkil paylaşması və Azərbaycanı ittiham etməsi, yolun bağlı olmasını, "artsaxlı"ların blokadada qalmasını çərənləyən fransızın həqiqətdən və ədalətdən nə qədər uzaq olduğunu göstərir. Separatçılar da məhz belələri ilə təsəlli tapırlar. Kar, kor, çolaq "həqiqətsevərlər" aynada özlərinə baxsalar daha yaxşı olmazmı?!.

Salman ALIOĞLU,

"Respublika".