Mükəmməl nəqliyyat infrastrukturu ilə Azərbaycan qlobal aktordur
Digər xəbərlər

Mükəmməl nəqliyyat infrastrukturu ilə Azərbaycan qlobal aktordur

Azərbaycana dünyanın müxtəlif dövlətlərinin marağının artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib. Müasir dünyada Azərbaycan artıq ən qlobal mahiyyət kəsb edən və dünyanın marağında olan mövzuların müzakirə olunduğu məkandır. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir.

Ümumiyyətlə, regionda iqtisadi və siyasi imkanlarından istifadə edərək özünü önəmli aktor kimi təqdim edən Azərbaycan Cənubi Qafqaz ölkələrinin ümumi iqtisadiyyatının 85 faizinə sahibdir. Bölgədə heç bir iqtisadi layihə ölkəmizin razılığı olmadan reallaşa bilməz. Uzun illərdir Azərbaycanın siyasi, mədəni, iqtisadi, enerji, nəqliyyat sahələrində atdığı addımlar bu gün öz bəhrəsini geostrateji anlamda da verir. Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi yox, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu birləşdirən mühüm tranzit rolunu oynayır.

Artıq dünya birliyi etiraf edir ki, bu gün ölkəmiz bölgədə regional baxımdan sabitləşdirici amil rolunu oynayır. Azərbaycanın iştirakı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında böyük rol oynayır.

Xüsusilə, TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələrin ərsəyə gəlməsi Azərbaycanın enerji sahəsində önəmini daha da artırır. Şərq-Qərb istiqamətində Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır. Beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqları azad etməsi yeni imkanlar yaratdı.

İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsait göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.  "Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırmışdır", - deyən Prezident bildirib ki, bu sahəyə uzun illərdir böyük vəsait, sərmayə qoyulur.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Böyük nəqliyyat bazarında Azərbaycan ciddi aktora çevrilib. Zəngəzur dəhlizinin reallaşmasının tarixi zərurət olduğu vurğulanır. Zəngəzur dəhlizi son nəticədə bütövlükdə regional əməkdaşlığın parlaq nümunəsi olmalıdır. Prezident bu layihənin reallaşmasının bizim təbii hüququmuz olduğunu bildirib: "Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada "Zəngəzur dəhlizi" sözü yoxdur. Çünki "Zəngəzur dəhlizi" terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün".

Ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Hazırda yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, respublikamızın yol təsərrüfatında yeniləşmə və müasirləşmə getdikcə dərinləşir, dövlətimizin gücünün və qüdrətinin artırılmasına, xalqımızın rifahının yüksəldilməsinə xidmət edən quruculuq proqramları uğurla reallaşdırılır.

Dəmir yolu nəqliyyatı sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ölkənin dəmir yolları şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenilənməsi istiqamətində intensiv işlər aparılıb. Həmçinin beynəlxalq və regional nəqliyyat dəhlizlərinin, Bakı-Tbilisi-Qars və Şimal-Cənub layihələrinin reallaşması prosesində Azərbaycanın aktiv iştirakı təmin edilir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. 

Hazırda işğaldan azad edilmiş ərazilərdə dəmiryolu şəbəkəsinin bərpası istiqamətində işlər aparılır.  Beynəlxalq iqtisadi əlaqələri dəniz nəqliyyatının iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Dəniz nəqliyyatı vahid nəqliyyat sistemində digər nəqliyyat növləri ilə müqayisədə ən ucuz nəqliyyat növüdür. Dəniz ticarəti imkanlarından faydalanmaq üçün bir sıra dünya ölkələrində liman qovşağının yaradılmasına investisiya qoyulur. 2018-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Azərbaycanda və ölkə xaricində liman əməliyyatları ilə yanaşı, gəmilərin müasirliyi və yükgötürmə qabiliyyətinin yüksək olması vacib məsələlərdən biridir.  Hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat sisteminin mühüm sahələrindən biri də hava nəqliyyatıdır. Son illər ərzində respublikada 7 aeroport tikilib və ya yenidən qurulub. Hazırda Azərbaycanda altı beynəlxalq (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala) və bir yerli (Yevlax) əhəmiyyətli aeroport mövcuddur. Hazırda azad olunmuş ərazilərdə istifadəyə verilmiş Füzuli və Zəngilan beynəlxalq hava limanlarından  sonra üçüncü aeroportun Laçında inşası davam edir.

Mustafa KAMAL,

"Respublika".