Qəribsəmiş yurd yerlərinə dönəcəyik
Digər xəbərlər

Qəribsəmiş yurd yerlərinə dönəcəyik

ALMANİYA

Qərbi Azərbaycanın hər qayası, hər daşı xalqımıza məxsusdur. Erməni vandalları son 200 ildə öz havadarlarının dəstəyi ilə İrəvanda, Zəngibasarda, Göyçədə, Dərələyəzdə, Zəngəzurda və digər qədim Oğuz ellərində dəhşətli terror hadisələri törətmiş, müxtəlif vaxtlarda yerli əhalinin ata-baba yurdlarından köçürülməsinə nail olmuşlar. Qərbi azərbaycanlılar erməni zülmündən, işğalından həmişə əziyyət çəkmişlər.

Tarix sübut edir ki, haylar bu məkana tarixin müxtəlif dönəmlərində köçəri tayfalar qrupunda gəlmiş, ayaqları yer tutan kimi qanlı cinayətlər törətmişlər. Uzun illər ərzində vandal ermənilər tərəfindən Qərbi Azərbaycandakı ərazilər dağıdılmış, yerli əhali işgəncələrə məruz qalmışdır. Daşnaklar tərəfindən toponimlər dəyişdirilsə də tarixi sənədlər həmin şəhər və kənd adlarının Azərbaycan mənşəli olduğunu göstərir.

Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, ölkəmiz sovetləşmə adı ilə müstəmləkə buxovuna salınandan sonra xalqımızın qara günləri başlamışdır. Qərbi Azərbaycanda yaşayan soydaşlarımız zaman-zaman ermənipərəst qüvvələr tərəfindən sürgünlərə, qətllərə, təqiblərə, təzyiqlərə, işgəncələrə məruz qalmışlar. Qərbi azərbaycanlıları yaşayış məskənlərindən 1948-1953-cü illərdə kütləvi şəkildə deportasiya etmişlər. Deportasiya dövründə 150 min soydaşımız ata-baba torpaqlarından zorla qovulmuşdur. Bu, Sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş cinayət idi.

Nəhayət, 1980-ci ilin sonlarında Sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Bu dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların Sovet hökumətindəki havadarları dərhal hərəkətə gəldilər. Heydər Əliyev 1987-ci ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət həyata keçirildi. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildilər. Qışın boranlı, çovğunlu günlərində keçilməz dağ yolları ilə köç karvanları Azərbaycan torpağına üz tutdu.

1988-ci ildə, sonuncu deportasiya dövründə 300 minə yaxın Qərbi Azərbaycandakı soydaşlarımız ata-baba torpaqlarını itirdi, onlar qaçqınlıq dövründə Azərbaycanın müxtəlif şəhər və kəndlərində məskunlaşdılar.

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan və Qərbi Azərbaycandan bir qrup ziyalı ilə görüşən Prezident İlham Əliyev vurğuladı ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmışlar. Onların hüquqları bərpa edilməli və öz yurd yerlərinə qayıtmalıdırlar.

Ermənilər tarixin müxtəlif dönəmlərində Qərbi Azərbaycanda maddi-mədəni irsimizə qarşı da soyqırımı siyasəti həyata keçirmişlər. Tarixi torpaqlarımız İrəvana, Zəngəzura, Amasiyaya, Göyçə mahalına və digər ərazilərə zorla yiyələnən faşist xislətli erməni daşnakları özlərinə saxta tarix quraşdırmaq üçün ilk növbədə o ərazilərdəki qədim kənd və qəsəbələrimizin adlarını erməniləşdirmişlər.

Lakin gün gələcək Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, hələ də erməni əsarəti altında olan Qərbi Azərbaycanda saxta erməni adları tarixdən birdəfəlik silinərək əzəli adları ilə çağırılacaqdır…

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu əsas vəzifə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanmasıdır. Qarabağ münaqişəsi həll olunduqdan sonra Azərbaycan xalqının arzusu Qərbi Azərbaycana qayıdışa hazırlığın məqsədyönlü, vahid konsepsiya və siyasət çərçivəsində aparılmasıdır.

Mən uzun illərdir ki, qürbət eldə, Almaniyada yaşayıram. Qərbi Azərbaycanda keçirdiyim günlərə gün çatmaz. Çalmalı dağı, Yurd yeri yaylağı, Qumlu bulaq üçün bərk darıxıram. Ümidvaram ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallığa çevriləcək, Qarabağdakı tarixi zəfərdən sonra əsas hədəf Qərbi Azərbaycana Qayıdış olacaq, günlərin bir günündə köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcəkdir. O gün heç də uzaqda deyil…

Sabit NADİROV,

iş adamı.