Jan-Viktor Kastor: Fransa Qviana ilə bağlı həqiqətlərin üzə çıxarılmasını istəmir
Siyasət

Jan-Viktor Kastor: Fransa Qviana ilə bağlı həqiqətlərin üzə çıxarılmasını istəmir

Fransa Qviananın yerli əhalisi ilə bağlı həqiqət komissiyasının yaradılmasına qarşı çıxır, çünki Qvianada törətdiyi əməllərlə bağlı araşdırma aparılmasını və həqiqətlərin üzə çıxarılmasını istəmir.

Bu fikri Fransa Milli Assambleyasında solçu demokrat və respublikaçı parlamentar qrupun, Lui Juane İnstitutunun (Institut Louis Joinet - IFJD) birgə təşkilatçılığı ilə keçirilən "Qviananın hindi əhalisinə dair həqiqət komissiyası" adlı kollokviumun iştirakçısı, Qvianadan olan deputat Jan-Viktor Kastor AZƏRTAC-a açıqlamasında deyib.

Hələlik heç bir razılığın əldə olunmadığını vurğulayan deputat bildirib: "Ekspertlər, tədqiqatçılar, Kanada, Avstraliya və digər ölkələrin təcrübələrindən yararlanaraq həqiqət və barışıq komissiyasını reallaşdırmaq istəyənlərə qarşı müxalif olanlar var. Mən dövlətdən heç nə gözləmirəm. Göründüyü kimi, ekspertlər bir neçə misal çəkdilər ki, bəzən dövlət bundan imtina edib. Belə olan halda insanlar özləri nə isə etməyi qərara alıblar. Bu proses hüquqi xarakter daşımır. Bu, xüsusən yerli xalqlarla bağlı bir prosesdir. Ona görə də bu prosesdə yerli xalqların iştirakı vacibdir, çünki onların səsi eşidilməlidir. Hazırkı vəziyyət odur ki, həqiqət üzə çıxarılmalıdır. Yazılan kitab və ilkin araşdırmalar nəticəsində hazırlanaraq bu tədbirdə təqdim olunan hesabat prosesin yalnız başlanğıcıdır".

Deputat rejimin sərt tədbirlərindən ehtiyatlanan bəzi şəxslərin bu barədə danışmaq istəmədiklərini də vurğulayıb. Lakin buna baxmayaraq, konfrans iştirakçılarının özlərinin və valideynlərinin şahidi olduqları barədə danışdıqlarını qeyd edib.