Nikolun yeni “dilənçilik
Siyasət

Nikolun yeni “dilənçilik" metodu

Həmişəki kimi region üçün "sülh" çağırışları edən Nikol Paşinyan bu dəfə verdiyi vədlərə əməl edəcəkmi? Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra dərhal sülh prosesində əsaslı addımlar atsa da, məğlub Ermənistan bizimlə eyni fikirdə deyildi. 44 günlük Vətən müharibəsində diz çökdürülən Ermənistana sülh müqaviləsi yox, Qərbə sığınmaq məlhəm oldu. Güc dairələrinin revanşist hissləri daha da artırması, ölkəmizə qarşı anti-Azərbaycan kampaniyasının başladılması bu dəstəyi bir daha sübut etdi. Rusiyaya qarşı Cənubi Qafqazda yeni cəbhə açmaqda israr edən qüvvələr siyasi çəki baxımından zəif, müstəqil siyasət yürüdə bilməyən Ermənistanı hədəf alaraq regiondan pay qoparmağa olduqca yaxındır. Təsadüfi deyil ki, forpostun Rusiyaya xəyanəti artıq Avropa Parlamentində əks-səda verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda Avropa Parlamentində çıxışı təzadlarla dolu idi. Bununla yanaşı, regionun sabitliyi və inkşafı naminə söylənilən fikirlərin gerçəyə çevriləcəyi nə qədər realdır? İlk növbədə Avropa Parlamenti tribunalarından bu fikirlərin səsləndirilməsi təsadüfi deyil. Bu həmin parlamentdir ki, Qarabağda baş verən hadisələrlə bağlı oktyabrın 5-də Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasını və Azərbaycan qazından asılılığın azaldılmasını təbliğ edən qətnamə qəbul edib. Sözügedən qətnamənin icrası hüquqi baxımdan məcburi olmasa da, bu cür qərəzli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin ikiüzlü siyasətini bir daha təsdiq edir. Ümumilikdə, qurumun fəaliyyətinə nəzər yetirsək, onun Avropa məkanında ölkəmizə qarşı təbliğatla məşğul olan təşkilata çevrildiyini açıq şəkildə görmək mümkündür.

AP tərəfindən Azərbaycana qarşı dəfələrlə həqiqəti əks etdirməyən, iftiralarla dolu qətnamələr qəbul edilib. Məhz bu çərçivədə Nikol Paşinyanın sülh çıxışları şəffaflığı tam əks etdirmir. Ermənistan Aİ (Avropa İttifaqı) ilə əməkdaşlığı genişləndirmək istəyir. Müsbət notlar altında gizlənən məna isə hər kəsə məlumdur. Əslində Nikolun özü də nitqinin davamında bunu bildirir. Paşinyan Qarabağdan Ermənistana gələnlərə görə Aİ-dən yardım paketi istəyib. Bu, görünür "100 min" erməninin "Dağlıq Qarabağ"dan Ermənistana qaçdığını bildirən Nikolun növbəti "dilənmə" metodudur. İlk öncə bu ərazidə 100 min erməninin məskunlaşması məsələsi tamamilə mifdir. Bununla yanaşı, onların ərazini tərketmə görüntülərini bütün dünya görüb. Azərbaycanın Qarabağ ərazisindən Ermənistana keçən şəxslər qaçqın deyil. Onlar hər hansı bir fövqəladə hal nəticəsində, yaxud hər hansı bir etnik, dini və yaxud siyasi zəmində deportasiya edilməyiblər. Ərazilərdə təbii fəlakət baş verərsə, bunun nəticəsində insanlar qaçıb başqa ölkəyə keçə və onda qaçqın adlandırıla bilərlər. Lakin burada bunların heç biri baş verməyib. Bu məqamda ölkə başçımızın nitqini xatırlatmaq yerinə düşər: "İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. "Mənə kömək edin" onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?"

O, həmçinin Qarabağın minalanmış sahələrinin bütün xəritələrinin Bakıya veriləcəyini də bildirib. Sual olunur: Bəs bugünə qədər Brüssel sülh formatı çərçivəsində danışıqlara başlanandan bəri "verəcəyik" dediyiniz xəritələr nəyə görə hələ də verilməyib? Basdırdıqları minalar hər keçən gün mülki insanların həyatına təhlükə olmaqda davam etsə də, Paşinyan hələ də bu addımı atmır. Son olaraq antiterror tədbirlərinin 6 vətəndaşımızın mina partlayışı nəticəsində həlak olmasından sonra başladılması önəmli mesaj olmalı idi.

Sülh prosesindəki müzakirə obyektləri ətrafında növbəti dəfə söz verən Nikol Paşinyan bildirib ki, Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Bu tip çağırışların son məqamda yalnız sözdə qaldığını yaxşı bilirik. Lakin görünür dalana sıxışmış Ermənistanın başqa çarəsi yoxdur. İqtisadi və siyasi kollapsın divara dirədiyi Ermənistanı yalnız sülh və sabitlik xilas edə bilər. Son olaraq Zəngəzur dəhlizi layihəsindən kənarda qalan Ermənistan əldən çıxan dividendlərin fərqindədir. Məhz buna görə Nikol Paşinyan bildirib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırdırlar. Verilən vədlər üçün olduqca geçikən Ermənistan tərəfi ziyanın yarısından qayıtmağa çalışır. Ən azından mövcud tabloda bu görünür. Lakin bu yalnız regionun rifahı və iqtisadi inkşafı üçün atılacaq addımlar üçün keçərlidir. Bu destabil formulun amalı bir yerə - sülh və sabitliyə köklənərsə, Cənubi Qafqaz bundan xeyr əldə edə bilər. Əks halda növbəti dəfə Ermənistanın regiondakı mövcudluğu sual altında qala bilər.

Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir və bu danışıqların nəticələri iki ölkə arasındakı uzun tarixi fikir ayrılıqlarının həllində əhəmiyyətli rol oynayacaq. Dünya Azərbaycanın düşmənçilikdən uzaq bir mövqedə durduğunu müşahidə edir. Azərbaycan beynəlxalq təşkilatlar və ölkələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində münasibətlər qurur.

Son dövrdə daha da intensivləşən sülh prosesi öz məntiqi sonluğuna çatacaqdır. Bu görüşlər zamanı Azərbaycan və Ermənistan arasında həll olunmayan gündəlik məsələlər üçün yol xəritələri cızılır və müəyyən prinsiplər üzrə razılaşmalar əldə edilir. Görüşlərin nəticələri haqqında rəsmi bəyanatlar verilir və atılan addımların sülh müqaviləsinin imzalanmasını təmin edəcəyi ifadə olunur. Azərbaycan və Ermənistan arasında gərginliklərin aradan qaldırılması, Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərinin həllinə maraqlı olan qüvvələr isə bunu təmin etməyə yaxındırlar. Şarl Mişelin bəyanatlarından bunu hiss etmək mümkündür. Brüssel sülh formatı kimi dəyərli bir platformanın köməyi ilə bunu əldə etmək olar. Eləcə də regional oyunçulardan biri olan Gürcüstanın məsələyə moderatorluğu ilə bu, baş verə bilər. Dəyişməz olan isə Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət prinsiplərin qəbul edilməsidir. Aparılan danışıqlar da məhz bu ətrafda reallaşır.

Nurlan ABDALOV,

 "Respublika".