İsrail xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib
Siyasət

İsrail xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu bildirib

Sentyabrın 20-də xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tərəflər strateji xarakter daşıyan ikitərəfli münasibətlərin bütün spektrləri, habelə beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqun bundan sonra da fəal surətdə inkişaf etdirilməsinə hazır olduqlarını ifadə ediblər.

İki ölkə arasında iqtisadi, təhlükəsizlik, turizm, təhsil, ticarət, yüksək texnologiyalar və digər sahələrdə dərin əməkdaşlıq əlaqələrinin qurulduğu məmnunluq hissi ilə qeyd olunub və bu xüsusda, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın uğurlu fəaliyyəti təqdir edilib. Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin açılmasının, habelə səfirliyinin təsis edilməsinin ikitərəfli əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən həyata keçirilən hərbi-siyasi təxribatlar barədə qarşı tərəfə ətraflı məlumat verib və bu təxribatlara cavab olaraq qanunsuz erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən antiterror tədbirlərinin əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olunması, qanunsuz qüvvələrin tərk-silah edilməsi və qondarma rejimin buraxılması olduğunu diqqətə çatdırıb.

İsrail Dövlətinin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.