İŞĞALÇI ÖLKƏNIN MARAQLARINI MÜDAFIƏ ETMƏSI FRANSANIN YANLIŞ SIYASƏTININ TƏZAHÜRÜDÜR
Digər xəbərlər

İŞĞALÇI ÖLKƏNIN MARAQLARINI MÜDAFIƏ ETMƏSI FRANSANIN YANLIŞ SIYASƏTININ TƏZAHÜRÜDÜR

"Biz bilirik bizim yanımızda kim olub, biz bilirik Ermənistanın yanında kim olub, neytral mövqedə kim olub...Bəzi ölkələrdən bəlkə daha çox dəstək gözləyirdik, bəzi ölkələrdən, ümumiyyətlə, heç nə gözləmirdik. Yəni bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Deyə bilərəm ki, bizim təcrübəmizdə belə məsələlər ikitərəfli münasibətlərə o qədər də böyük təsir göstərmir. Deyə bilərəm ki, heç işğal dövründə də bir çox ölkələr tərəfindən neytral mövqe görmüşdük, halbuki bununla razı deyildik, çünki biz haqlı olaraq tələb edirdik ki, haqq-ədalət mövqeyi üstünlük təşkil etsin". İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı ölkə başçımız İkinci Qarabağ müharibəsində bir çox ölkələrin mövqeyindən bəhs edərək bu fikirləri söyləyib.

Ərazilərimizi işğal altında saxladığı 30 il ərzində, İkinci Qarabağ müharibəsi zamanı, postmüharibə dövründə belə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən, münaqişənin həll olunmasına imkan verməyən ölkələrdən birinin məhz Fransa olduğu məlumdur. Ötən əsrin sonlarında soydaşlarımızın növbəti dəfə ermənilər tərəfindən doğma yurdlarından deportasiyasına, Azərbaycanın 20 faizdən çox torpaqlarının işğalına, 1 milyon vətəndaşının məcburi köçkün düşməsinə, onlara məxsus yüzlərlə kəndin, şəhərin yer üzündən silinməsinə göz yuman, münaqişənin sülh yolu ilə həll edilməsi üçün yaradılmış keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa onun həllinə deyil, həll olunmamasına çalışmışdır. Dünyada işğalçı ölkə kimi tanınan Fransa hazırda da bu missiyanı adına layiq şəkildə həyata keçirir. Özünün tayı olan Ermənistanın Azərbaycanın sülh təklifini qəbul etməsinə hər vəchlə mane olur, onun yanında olduğunu, müdafiəsində dayandığını nümayiş etdirərək bacısı Ermənistanı "cəsarətləndirir".

İkinci Qarabağ müharibəsində Azərbaycanın qalibiyyətindən hələ də özünə gələ bilməyən Fransa prezidenti Emmanuel Makron dünyada sülhün, əmin-amanlığın tərəfdarı kimi qəbul edilən ölkəmizə qarşı mütəmadi olaraq şər, böhtan xarakterli çıxışlar edir, düşmənin təxribatlarına öz ərazisində cavab verən Azərbaycanın dəhşətli müharibə apardığını bildirir, əsassız ittihamlar irəli sürür: "Fransa burdadır və vasitəçi dövlətdir, heç bir zaman Ermənistanı atmayacağıq", - deyən Makron açıq-aşkar işğalçı Ermənistanı dəstəklədiyini bildirir. Fransa Senatının və Fransa Milli Assambleyasının ölkəmizin əleyhinə qərəzli, "Azərbaycan və digər regional aktorların Ermənistanın müstəqilliyi və ərazi bütövlüyünə hörmət etməsini, Fransa hökumətindən Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin olunmasını, Ermənistana humanitar yardımın artırılmasını " və s. bu kimi tələblərin irəli sürüldüyü qətnamə qəbul etməsi Ermənistan və Fransanı birləşdirən riyakar, saxta , Azərbaycanın əleyhinə yönəlmiş siyasətin göstəricisidir.

Əsrlər boyu 50-dən çox dövlətin torpaqlarını zəbt edən, sərvətlərini talayan, müharibə cinayətləri törədən, 1954-1962-ci illərdə Əlcəzair qiyamı zamanı 1.5 milyon insan öldürən, mənsub olduğu dindən imtina edib Fransa təbəəliyini qəbul etməyən yerli əhalini qətlə yetirən, işğal etdiyi ərazilərin əhalisinə öz ana dilində danışmağı, oxuyub-yazmağı, adət-ənənələrini yaşatmağı qadağan edən, Sakit okeanda keçirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərər verən Fransa bu gün Azərbaycanın daxili işlərinə müdaxilə edir, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda hələ də mövcud olan erməni separatçılarının dəyirmanına su tökməklə Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin bərqərar olmasına əngəl törədir. Erməni saxtakarlığını, riyakarlığını dəstəkləməklə İkinci Qarabağ müharibəsində beynəlxalq hüquq normaları çərçivəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycanı günahlandırır. Son vaxtlar isə Fransada erməni diasporunun təsiri altında olan bir qrup siyasətçi, parlament üzvləri Azərbaycana qarşı Xankəndidə guya "humanitar böhran" yaratması ilə bağlı əsassız ittihamlar irəli sürürlər. Xankəndidə yaşayan erməni əsilli azərbaycanlıların "blokada"da olması barədə ermənilərin növbəti iftira, yalan, qarayaxma kampaniyasını dəstəkləyən Fransa Azərbaycanın təklif etdiyi daha əlverişli Ağdam-Xankəndi yolundan imtina edən Ermənistanın mövqeyindən çıxış edərək Laçın-Xankəndi yolunun açılmasını, Qarabağ ermənilərinin "humanitar böhran"la üzləşdiyini iddia edir. Avqustun 29-da Fransa prezidenti ilə telefon danışığında Cənubi Qafqazda ümumi vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsinin müzakirəsi zamanı ölkə başçımız Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan siyasi manipulyasiya məqsədilə istifadə olunduğunu və bu məqsədini həyata keçirmək üçün qarşı tərəfin Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina etdiyini fransalı həmkarının diqqətinə çatdırıb. Dövlət başçımız qətiyyətlə bildirib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Emmanuel Makron isə regionda vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib və hər iki ölkənin aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Görəsən Emmanuel Makron niyə öz ölkəsində baş alıb gedən problemlərin həlli ilə deyil, ona heç bir aidiyyəti olmayan "məzlum erməni xalqı"nın müdafiəsi ilə məşğul olur? "Humanist", başqa dövlətin vətəndaşlarının "haqlarını müdafiə edən" müstəmləkəçi ölkə tabeliyində saxladığı insanların müqəddəratını isə əsla düşünmür. Prezident İlham Əliyevin heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmasına yol verilməyəcəyini yüksək tribunalardan dəfələrlə səsləndirməsini qulaqardına vuran Fransa erməni lobbisinin təsiri altında işğalçı ölkənin pis əməllərini dəstəkləməklə Azərbaycanla olan münasibətlərinə xələl gətirməkdə davam edir. Belə ki, avqustun 28-də Emmanuel Makronun səfirlər konfransı zamanı yalan və iftira dolu çıxışında guya Azərbaycanın bölgədə "humanitar fəlakət" törətdiyini bildirməsi Ermənistanı birtərəfli qaydada müdafiə etdiyini, ölkəmizə qarşı qərəzini bir daha sübut edir. Azərbaycan XİN tərəfindən Fransa prezidentinin sözügedən çıxışında "Laçın humanitar dəhlizi" kimi ifadələrə yer verməsinin, bu istiqamətdə təzyiq dili ilə danışmasının qəbuledilməz olduğu bildirilmiş və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlik kimi qiymətləndirilmişdir.

Azərbaycana qarşı ikiüzlü münasibəti, işğalçı, terrorçu ölkənin maraqlarını müdafiə etməsi Fransanın yanlış siyasət yürütdüyünün əyani sübutudur. Dövlətlərin daxili işlərinə qarışmayaraq uğurlu siyasət yürüdən Azərbaycanın iradəsinə isə heç bir qüvvə təsir edə bilməz.

Mehparə ƏLİYEVA,

"Respublika".