Azərbaycanın tranzit ölkə olaraq önəmi artır
Digər xəbərlər

Azərbaycanın tranzit ölkə olaraq önəmi artır

Aprelin 5- Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon arasında geniş tərkibdə görüş baş tutub. İclasdan sonra Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistan Respublikasının iqtisadi inkişaf naziri Zavki Zavkizoda "2025-ci ilədək Azərbaycan Respublikası hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Tədbirlər Planı" imzalayıblar.

Daha sonra Mikayıl Cabbarov Tacikistanın İnvestisiyalar Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sadyi Kodirzoda ilə birgə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Tacikistan Respublikasının İnvestisiyalar Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsi arasında investisiyalar, startapların təşviqi sahibkarlıq sahəsində Anlaşma Memorandumu"na imza atıblar.

Bu addımlar iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişaf etdirilməsini hədəfləyir. Statistikalar onu deməyə əsas verir ki, Bakı ilə Düşənbə arasında ticarət əlaqələrinin inkişafına ehtiyac var. İqtisadçı Eldəniz Əmirov bildirir ki, 2022-ci ildə Tacikistan ilə Azərbaycan arasında ticarət dövriyyəsi cəmi 6,5 milyon dollar olub. Ümumi ticarət həcmi 56 milyard 212 milyon dollar olan Azərbaycan üçün 6,5 milyon dollar cəmi 0,01 faiz deməkdir, yəni hər 100 manatdan təxminən 1 qəpik. İqtisadçının sözlərinə görə, ölkələr arasındakı potensial isə bundan daha artıqdır. Buna görə dövlət başçısının Tacikistana rəsmi səfəri təkcə Azərbaycanın multivektoral siyasəti kimi deyil, eyni zamanda mövcud potensialları reallığa çevirmək prosesi kimi qiymətləndirilməlidir: "Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirdiyi dövrdə Tacikistanı bu prosesdən kənarda saxlaması gözlənilən deyildi. Düşünürəm ki, 15-ə yaxın vacib sənədin imzalandığı bu səfər Tacikistanın özü üçün çox əhəmiyyətlidir. Çünki ölkədə kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Torpaqların 80 faizdən çoxunun irriqasiyaya ehtiyacı var. Digər tərəfdən hidroenerji potensialının reallaşdırılmasında Düşənbə Azərbaycan təcrübəsindən yararlanmaq imkanı əldə edəcək. Ümumiyyətlə, bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin müxtəlif istiqamətlərində, xüsusən ticarət, nəqliyyat-logistika, investisiya kimi sahələrdə yeni perspektivlər yaradacaq".

Eldəniz Əmirovun sözlərinə görə, nəqliyyat-logistika istiqamətinin xüsusi əhəmiyyəti var. Çünki Asiya Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin 3 qolundan heç biri Tacikistandan keçmir. Amma yuxarı dəhliz istisna olmaqla, aşağı orta dəhlizlərə Tacikistanın inteqrasiya olunma imkanları var. Bunun isə Azərbaycana birbaşa müsbət təsirləri olacaq. Bakı tranzit ölkə olaraq müəyyən qazanclar əldə edə bilər.

Jalə QASIMZADƏ,

"Respublika".