İqtisadi və geosiyasi perspektivli layihə
Siyasət

İqtisadi və geosiyasi perspektivli layihə

Azərbaycan və Ermənistan arasında sülh məsələsi nəinki regionun, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün tələblərini açıq şəkildə bəyan edib. Ermənistan bu tələblərlə yanaşı, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətini təsdiqləyən üçtərəfli Bəyanatın şərtlərini də yerinə yetirməlidir.

44 günlük müharibəyə son qoymuş, Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində yazılıb ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının Qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Delimitasiya və demarkasiya prosesində müəyyən irəliləyişlər əldə olunsa da, təəssüf ki, Ermənistan tərəfi nəqliyyat və kommunikasiyalar açılması üçün müsbət addım atmayıb. Baş nazir Nikol Paşinyanın son günlərdəki açıqlamaları da xeyli diqqət çəkir. Erməni baş nazir söyləyib ki, sülh müqaviləsinin imzalanmasından əvvəl kommunikasiyaların açılması mümkündür. Nikol Paşinyanın bu fikirlərlə gündəmə gəlməsi Ermənistanın artıq mövcud reallığı dərk etməsi kimi də başa düşülə bilər. Çünki Nikol Paşinyan yaxşı anlayır ki, kommunikasiyaların açılması son dərəcə vacibdir. Lakin Ermənistan baş nazirinin məsələyə yanaşması bir qədər fərqlidir. Belə ki, o, Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun suveren Ermənistanın ərazisindən keçdiyi üçün yola ölkəsinin sərhəd və gömrük nəzarətinin tətbiq edilməli olduğunu bildirir. Rəsmi Bakı isə bununla razılaşmır.

Bu gün qlobal aləmdə də əhəmiyyətli layihələrdən biri kimi qiymətləndirilən Zəngəzur dəhlizi Ermənistan ilə Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün bərqərar olması üçün mühüm vasitədir. Bu dəhliz postmünaqişə mühitində ölkələr üçün iqtisadi səmərə ilə yanaşı, nəqliyyat əlaqələrinin bərpası baxımından da böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında birbaşa nəqliyyat əlaqələri yaratmaqla yanaşı, rəsmi İrəvanın regiondan iqtisadi təcridinə son qoya bilər. Bununla yanaşı, Zəngəzur dəhlizinin reallaşdırılması qardaş Türkiyənin, Rusiyanın maraqları ilə üst-üstə düşür. Bu layihə, eyni zamanda Beynəlxalq Orta Dəhlizə alternativ marşrut ola bilər. Zəngəzur dəhlizi, həmçinin Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirəcəyi üçün də mühüm əhəmiyyətə malikdir.

Azərbaycan ilə Ermənistan arasında nəqliyyat və kommunikasiyaların açılması məsələsinə digər ölkələr də münasibət bildirirlər. ABŞ Dövlət katibinin müavini Ceyms O`Braynın "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsi də diqqəti çəkir: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə razılığa gəlməyin vaxtıdır. Niyə indi vaxtdır? Orta Asiyadan Aralıq dənizinə ticarət yolu qurmaq üçün indi fürsət yaranıb - bu fürsət nəsildə bir dəfə ələ düşür". Bir neçə ay öncə də həm rəsmi Vaşinqton, həm də Avropa Birliyi Zəngəzur dəhlizinin açılmasına yönəlik ortaq mesajlar vermişdilər. Onlar rəsmi Bakıya Zəngəzur dəhlizinin məhz Ermənistanın şərtləri çərçivəsində açılmasını tövsiyə etmişdilər. Amma Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizinin açılması üçün şərtlər tam şəkildə müəyyən olunub. ABŞ-Avropa Birliyi cütlüyünün bu dəhliz üçün Ermənistan üzərindən fərqli şərtlər irəli sürmək cəhdi də qəbuledilməzdir. Şübhəsiz, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə bəyan etdi, nəqliyyat-kommunikasiya marşrutlarını ABŞ və Avropa Birliyi ilə məsləhətləşmədən müəyyən etmək hüquqlarını bir daha xatırlatdı. Beləliklə, istər ABŞ, istərsə də Avropa Birliyi ölkəmizin prinsipial mövqeyi qarşısında aciz duruma düşdü. Bu səbəbdən hazırda Qərbin siyasi dairələri Cənubi Qafqazla bağlı siyasətlərini məhz Azərbaycanın mövqeyini nəzərə almaqla, həyata keçirməyi üstün tuturlar.

ABŞ Dövlət katibi müavininin müsahibəsi də Azərbaycanın öz hədəfinə çatmaq üzrə olduğunu bir daha təsdiqləyir. Rəsmi Vaşinqton Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiq göstərməyə başlayıb. Bu yolun açılması təkcə Azərbaycana deyil, bir çox dövlətlərə mühüm dividendlər qazandıracaq. Bu baxımdan, Ermənistanın bəhanələr gətirməklə layihənin reallaşdırılmasını yubatmağa çalışmasının heç bir əhəmiyyəti yoxdur. Zəngəzur dəhlizi açılmazsa, Ermənistan daha bir nəhəng geoiqtisadi layihədən kənarda qalmış olacaq, külli miqdarda tranzit gəlirlərindən məhrum olacaq. Halbuki Ermənistan həm blokadadan çıxmaq, həm də yeni gəlir mənbəyi qazanmaq baxımından Zəngəzur dəhlizinə möhtacdır.

Nəzrin ELDARQIZI,

"Respublika".