İqor KOROTÇENKO: Paşinyan siyasi şuler xislətini açıq-aşkar nümayiş etdirir
Diaspora

İqor KOROTÇENKO: Paşinyan siyasi şuler xislətini açıq-aşkar nümayiş etdirir

Son zamanlar Paşinyan tərəfindən istər siyasi, istərsə də adi məntiq baxımından anormal hərəkətlərin sərgiləndiyini müşahidə edirik. O, gah separatçılara qondarma rejimlərinin ildönümü ilə bağlı təbrik məktubu ünvanlayır, gah da həmin separatçıların yeni "seçilmiş" qondarma "rəhbərini" guya təbrik edirmiş kimi ikiüzlü və riyakar davranış "nümunəsini" təqdim edir. Bütün bunlar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı ilə bağlı bəyanatlar fonunda baş verir. Bu anormallıq artıq heç kimdə təəccüb doğurmur. Çünki hamı Paşinyanın belə hərəkətlərinə öyrəşib. Görünür, dünya yeni, "paşinyansayağı skleroz" xəstəliyini müşahidə edir. Belə qənaətə gəlinir ki, Paşinyan nə etdiyinin fərqində deyil, sadəcə, ona deyilənləri kortəbii şəkildə icra edir.

Ermənistanın baş nazirinin belə davranışı ilə bağlı fikirlərini bölüşən məşhur rusiyalı politoloq, Rusiya Federasiyası Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirmişdir: "Təəssüflər olsun ki, Paşinyan özünün ənənəvi gözlənilməz, ikiüzlü və destruktiv siyasətinə sadiq olmaqda davam edir. Əvvəlki aylar ərzində İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycan olduğunu dəfələrlə bəyan etmişdir. Ən azından bu haqda İrəvandakı rəsmi mənbələr, baş nazirin özü danışırdı. Həmçinin, erməni siyasi təbəqəsi tərəfindən, o cümlədən də Avropa və Amerika nümayəndələri ilə görüşlərində belə siyasi trendlər aşkar surətdə ötürülürdü. İndi isə Paşinyan belə bir dönüş edərək əvvəllər dediklərindən imtina edibmiş kimi davrandı. Bilirsinizmi, bir daha təkrar edirəm, Paşinyana inanmaq olmaz. Ən azından başa düşmək lazımdır ki, altında onun imzası, yaxud öhdəlikləri olduğu bəyanatlar, vədlər, razılaşmalar rəsmi İrəvan tərəfindən etibarsız hesab edilə, rədd oluna bilər. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla da məhz belə olmuşdur. Paşinyan həmin sənədin, demək olar ki, bütün bəndlərin icrasından imtina etmişdir. Bu gün eyni hadisələr baş verir. Belə bir şəraitdə, heç şübhəsiz, Azərbaycan kiminlə iş gördüyünü nəzərə almalıdır. Hesab edirəm ki, bununla bağlı Bakının heç bir illüziyaları yoxdur. Amma, buna baxmayaraq, diplomatik və siyasi metodların dəqiq güc metodları ilə, ermənilərin get-gedə daha da artan hərbi provokasiyalarına cavab tələb olunduğu təqdirdə uzlaşdırılması, yəni "kökə" və "qamçı" metodunun tətbiqi müəyyən nəticələr verə bilər. İstənilən halda, Paşinyan rejimi destruktiv məcrada fəaliyyət göstərir, onun məqsəd və vəzifələri, əvvəlki kimi, Azərbaycana dair ərazi iddialarının leqallaşdırılmasından, regiondakı münaqişə səhifəsinin bağlanılmasına yol verməməkdən ibarətdir və məhz buna görə də, düşündüyüm qədərilə, regiona Avropa İttifaqının, Fransanın sürüyüb gətirilməsi, Amerika-Ermənistan hərbi təlimlərinin keçirilməsi, eləcə də Paşinyanın bütün siyasi ritorikası onun daxilində gizlənmiş siyasi şuler (hiyləbaz) xislətini açıq-aşkar nümayiş etdirir. O, danışıqlarda iştirak edən tərəfdaşları hər zaman aldatmağa hazırdır. Bununla əlaqədar, hesab edirəm ki, həm Rusiya, həm Azərbaycan, həm də Türkiyə kiminlə iş gördüyünü gözəl başa düşərək, Paşinyan rejiminə qarşı öz siyasi xətlərini daha da sərtləşdirəcək. Çünki o, özünü tam surətdə etibardan salıb və göstərib ki, ən azından, hazırkı Ermənistan rəhbərliyi ilə istənilən danışıqları apararkən fürsət düşdükcə, sizi aldatmağa cəhd edəcəklər. Və Paşinyanın bütün siyasəti, bütün diplomatiyası məhz bunu göstərir".

“Respublika”.