İordaniyalı akademik: Heydər Əliyevin 100 illik yubileyi ərəb dünyası üçün də əlamətdar hadisə olacaq
MÜSAHİBƏLƏR

İordaniyalı akademik: Heydər Əliyevin 100 illik yubileyi ərəb dünyası üçün də əlamətdar hadisə olacaq

Azərbaycan Prezidenti İlham Əliyevin dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti ilin "Heydər Əliyev İli" elan edilməsi barədə Sərəncamının mətnini böyük məmnunluqla oxudum. Qeyd edim ki, bu yubiley Azərbaycanla yanaşı, İslam və ərəb dünyası, o cümlədən İordaniya üçün də əlamətdar hadisə olacaq. Ərəb-Azərbaycan lobbi təşkilatının rəhbəri kimi bu çərçivədə bir sıra tədbirlərin təşkil edilməsi təşəbbüsü ilə də çıxış edəcəyəm.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində söyləyən iordaniyalı akademik Mərvan Musa Suda qeyd edib ki, ilk addım olaraq İordaniyanın nüfuzlu "Cohina" və "Əl Ənbat" qəzetlərində Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyevə həsr olunmuş məqalə ilə çıxış edib. O əlavə edib: "Dahi şəxsiyyət 1923-cü ilin mayında dünyaya gəlib, yəni demək istəyirəm ki, Heydər Əliyev öz yurduna həmişə may baharı gətirib, onun çiçəklənməsi, təravətli bir məmləkət kimi yeni nəsillərə miras qoyulması naminə misilsiz xidmətlər göstərib. Mən Moskvada təhsil almışam və bir müddət də Bakıda jurnalist olaraq çalışmışam. Heydər Əliyev keçmiş SSRİ-nin hər guşəsində - uzaq Sibirdən Kalininqrada, cənub sərhədlərindən şimala qədər istənilən vilayətində qurucu dövlət xadimi, müdrik siyasətçi kimi tanınırdı. Eyni zamanda, ötən əsrin 60-cı illərinin sonunadək aqrar və geridə qalmış Azərbaycan Respublikasının mühüm sənaye ölkəsinə çevrilməsi də məhz onun sayəsində mümkün olub. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxt ən böyük dövlət xadiminə xas olan ədalətli rəhbər keyfiyyəti ilə də fərqlənirdi. Həmin illərdə mən onun "Literaturnaya qazeta" nəşrinə verdiyi "Qoy ədalət zəfər çalsın..." sərlövhəli müsahibəni maraqla oxumuşdum. Görkəmli dövlət xadimi hər zaman vurğulayırdı ki, ədalətin, qanunların aliliyinin təmin edilməsi güclü dövlətin əsas sütunlarıdır".

Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən akademik daha sonra vurğulayıb: "Moskvada təhsil aldığım müddətdə Moskva Dövlət Universiteti və Leninqrad Dövlət Universitetinin jurnalistika fakültələrinin müəllimlərinin Heydər Əliyev haqqında gözəl sözlərini tez-tez eşidirdim. Təkcə qələm sahibləri deyil, sovet dövrünün siyasi xadimləri də bu dahi şəxsiyyət haqqında müsbət fikirlər söyləyirdilər. Ən başlıcası, onun tükənməz enerjisi, qurub yaratmaq həvəsi hamını heyran etmişdi. Heydər Əliyev ən çətin işləri, ən mürəkkəb əməliyyatları məharətlə yerinə yetirir və bu, ona böyük nüfuz qazandırırdı. Onun üçün işin böyüyü və ya kiçiyi yox idi, eyni zamanda, özünə olan tələbkarlığı tabeliyində olanlara da irəli sürürdü. Ərazi baxımından kiçik respublika olan Azərbaycandan çıxmış bu dahi siyasətçinin natiqlik qabiliyyəti isə ayrı söhbətin mövzusudur. Onun qurultay və plenumlardakı nitqləri həmişə diqqət mərkəzində olurdu. Bununla yanaşı, Heydər Əliyevin digər siyasətçilərdən fərqi onun sözü ilə əməlinin vəhdət təşkil etməsi idi".

İordaniyalı akademik sonda qeyd edib: "Biz, ərəb ölkələrində olan Azərbaycanın dostları İkinci Qarabağ müharibəsində böyük Zəfəri sizinlə birlikdə bayram edirik. Onu da unutmuruq ki, bu şanlı Qələbə Heydər Əliyev siyasətinin təntənəsidir. Prezident İlham Əliyev məhz onun vəsiyyətini yerinə yetirməklə, dahi siyasətçinin siyasi kursunu davam etdirməklə öz adını Azərbaycan və İslam tarixinə görkəmli dövlət xadimi və mahir sərkərdə kimi yazdırdı. Çünki onun söykəndiyi və üfüqlərə baxdığı dağ Heydər Əliyev Zirvəsi idi".

AZƏRTAC