Hüquqi gücü olmayan, mənasız kağız parçası
Siyasət

Hüquqi gücü olmayan, mənasız kağız parçası

Avropa Parlamentinin (AP) deputatları oktyabrın 5-də Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini, habelə Bakı ilə əməkdaşlığa yenidən baxılmasını və Azərbaycan qazından asılılığın azaldılmasını təbliğ edən qətnamə qəbul ediblər. Sözügedən qətnamənin icrası hüquqi baxımdan məcburi deyil.

Amma bu cür qərəzli qətnamənin qəbul edilməsi Avropa Parlamentinin ikiüzlü siyasətini, eləcə də onun xaosdan bəsləndiyini bir daha təsdiq edir. Ümumilikdə, qurumun fəaliyyətinə nəzər yetirsək, onun Avropa məkanında ölkəmizə qarşı təbliğat ilə məşğul olan təşkilata çevrildiyini açıq şəkildə görmək mümkündür. AP tərəfindən Azərbaycana qarşı dəfələrlə həqiqəti əks etdirməyən, iftiralarla dolu qətnamələr qəbul edilib. Təbii ki, Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki nüfuzuna həmin sənədlərin hər hansı bir təsiri yoxdur. Əksinə, Avropa Parlamenti bu cür mənfur addımlar atmaqla, birbaşa öz fəaliyyətinin sülhə və sabitliyə təhlükə yaratmaqdan ibarət olduğunu ifşa edir. Bundan başqa, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı da məlumdur. Qurumun sözügedən qətnaməni qəbul etməsi onun ermənipərəst mövqeyindən, eləcə də erməni lobbisinin Avropada da hərəkətə keçdiyinin əyani sübutudur. Bu, birbaşa regionda sülh naminə görülən işlərə kölgə salmaq məqsədi daşıyır.

Qurumun qərəzli qətnaməsində Azərbaycanın Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin "bölgədə yaşayan ermənilərə qarşı hərbi əməliyyat" olduğu iddia edilir. Hətta utanmazcasına orada qalan ermənilərə qarşı zorakılığa son qoyulmasına çağırışlar edilir". Vəziyyətin əsli isə hər kəsə məlumdur. Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yalnız legitim hərbi obyektləri hədəfə alıb. Bundan əlavə, yaxınlığında mülki əhalinin nümayəndələri olan hərbi obyektlərə zərbələr endirilməyib. Həmin tədbirlər beynəlxalq humanitar hüququn bütün prinsiplərinə əməl edilməklə başa çatıb. Belə olduğu halda, Azərbaycanın Qarabağ iqtisadi regionunda yaşayan erməni sakinlərin guya zorla qovulması, yenidən etnik təmizləmə ifadəsinin işlədilməsi Avropa Parlamentinin qətnaməsinin erməni lobbisinin diktəsi ilə yazıldığını bir daha təsdiqləyir. Eyni zamanda, sözügedən qətnamədə ölkəmizə qarşı sanksiyaların tətbiqi, həmçinin ölkəmizdən qaz tədarükünün həcminin azaldılmasına çağırış buradakı "erməni nağıllarını" göz önünə gətirir. Məlumdur ki, Avropa İttifaqı Azərbaycanla enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıq edir. Həmçinin, qaz tədarükünün həcminin artırılması istiqamətində müəyyən tədbirlər görülüb, müvafiq anlaşma memorandumu imzalanıb. Azərbaycandan Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılması planlaşdırılıb. Reallıq bu cür olduğu halda Avropa Parlamenti bu əməkdaşlığa son qoymaq niyyəti güdür.

Qurumun qərəzli qətnaməsində diqqətçəkən daha bir məqam isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da adının hallanmasıdır. Bu isə sözün əsl mənasında, riyakarlıqdır. Sənədin hər bir bəndində regionun aparıcı ölkələri olan Azərbaycan və Türkiyəyə qarşı ifadələrin yer alması Avropa Parlamentinin anti-Azərbaycan, türkofob mövqeyinin təzahürüdür. Şübhəsiz, qurumun istənilən qərar və qətnamələrindən asılı olmayaraq, dövlətimiz öz ərazi bütövlüyünün, suverenliyinin qorunması istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə siyasətini həyata keçirməyə davam edəcək. Regionda heç bir kənar qurumların rəyindən asılı olmayaraq, sülh gündəliyinin təşviq edilməsi, sabitliyin bərqərar olunması istiqamətindəki yolundan geri dönməyəcək.

AP-nin bu qərəzli addımı cavabsız qalmayıb. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi oktyabrın 6-da Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib. Bəyanatda ölkəmizi hədəf alan bu hərəkətin şiddətlə qınanıldığı bildirilib. Vurğulanıb ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun.

Qardaş Türkiyə Azərbaycana qarşı olan bu məsələyə də göz yummadı. Belə ki, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. "Avropa Parlamentinin (AP) qəbul etdiyi "Azərbaycanın hücumundan sonra "Qarabağda vəziyyət və Azərbaycanın Ermənistana davam edən təhdidləri" adlı məcburi xarakter daşımayan qətnamə məsuliyyətsizlik, qərəz, tərəfkeşlik və məlumatsızlıq örnəyidir", - deyə Türkiyə XİN bildirib.

İstər Türkiyə, istərsə də Azərbaycan Cənubi Qafqaz regionunda davamlı sülh, sabitlik və rifahın təmin olunması üçün intensiv səylər göstərir. Avropa Parlamentinin ermənipərəst maraqları ifadə edən bu cür məsuliyyətsiz qətnamələr qəbul etməsi qurumun zəifliyindən xəbər verir.

Nəzrin ELDARQIZI,

"Respublika".