Sülhə növbəti çağırış
Siyasət

Sülhə növbəti çağırış

Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi müsahibələr beynəlxalq ictimaiyyətə Azərbaycanda və Cənubi Qafqazda gedən proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti və bir çox digər aktual məsələlər barədə məlumatları birbaşa regionun lider dövlətinin birinci şəxsindən almaq imkanı verir. Dövlət başçımızın dekabrın 9-da "Euronews"da yayımlanan növbəti müsahibəsi isə xüsusi özəlliyə malikdir. Bu özəllik ondan ibarətdir ki, Azərbaycan bu gün artıq ərazi bütövlüyü ilə yanaşı, həm də öz suverenliyini tam bərpa etmiş bir ölkədir. Bu baxımdan, dünya ictimaiyyətinin ölkəmizə marağının son vaxtlar daha da artması anlaşılandır. Təbii ki, Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ölkəmizin getdikcə artan rolu Azərbaycanda gedən proseslərə, dövlətimizin yürütdüyü xarici siyasət kursuna məhz Aİ ölkələrində diqqəti bir qədər də artırır. Bu məqam "Euronews"un müxbirinin suallarında da öz əksini tapıb.

Müxbir son iki ildə Avropada ən çox müzakirə olunan mövzulardan birinin məhz enerji təchizatı ilə bağlı olduğunu vurğulamaqla, Azərbaycanın bu məsələdə mövqeyinin önəmini bir daha önə çəkdi. Bu səbəbdən də Azərbaycanın və əlbəttə ki, şəxsən cənab Prezident İlham Əliyevin mövqeyi Avropa ictimaiyyəti üçün böyük önəm kəsb edir. Sualları cavablandıran dövlət başçısı ilk növbədə bildirdi ki, Azərbaycanın enerji sahəsinin əsas inkişaf istiqaməti artıq neft hasilatından təbii qaz istehsalına keçid etsə də, bizim neft hasilatımız və ixracımız hələ də bir çox ölkənin enerji təhlükəsizliyinin bir hissəsi olaraq qalır. 2020-ci ildə Cənub Qaz Dəhlizinin inşasının başa çatdırılması ilə Azərbaycan özünün qaz təchizatının coğrafiyasını genişləndirdi. Bu gün artıq ölkəmiz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya və Serbiyaya qaz ixrac edir. Həmçinin Macarıstan ilə müqavilələr imzalanıb və Albaniya da Azərbaycan qazını ala biləcək. Bununla belə Azərbaycan qazına olan tələbat hələ də artmaqdadır. Buna görə də Azərbaycan hökuməti Avropa qitəsinə qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyasının müraciətinə müsbət cavab verib.

Prezident bu gün ölkəmizdə bərpaolunan enerji sahəsində də irimiqyaslı layihələrin icra edildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, artıq 10 qiqavat həcmində külək və günəş enerjisi layihələrinə dair müqavilə və anlaşma memorandumları imzalanıb. Bu, bir tərəfdən Azərbaycana yanacaq enerjisindən bərpaolunan enerjiyə rahat keçid imkanı verəcək və digər tərəfdən də Avropa istehlakçılarının da yaşıl enerji ilə təminatına zəmin yaradacaq.

Azərbaycan hər zaman, bütün məsələlərdə beynəlxalq hüququn və ədalətin tərəfində olub. Ölkəmizin Ermənistana sülh sazişinin imzalanması üçün təklif etdiyi şərtlər də hər iki tərəf üçün son dərəcə ədalətlidir. Lakin Ermənistan bu məsələni hələ də ləngidir. Son iki ay yarım ərzində ermənilər cəmi bir neçə səhifədən ibarət mətn layihəsini nəzərdən keçiriblər və yalnız bir neçə gün öncə təkliflərini Azərbaycan tərəfinə təqdim ediblər. Lakin cənab Prezident İlham Əliyevin dediyi kimi, bu məsələdə zaman qrafiki o qədər də vacib deyil. Vacib olan hər iki ölkənin gündəliyidir. Hazırda müxtəlif rəsmilər arasında və fərqli kanallar vasitəsilə işçi səviyyədə təmaslar mövcuddur. Ən əsası da budur ki, sülh üçün başqa bir alternativ yoxdur. Dövlətimizin başçısı sülh sazişi imzalanmayacağı təqdirdə, bunun bütün region üçün yeni risklər doğuracağını deməklə, Ermənistana növbəti sülhə çağırış mesajını göndərdi.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.