Haylar Paşinyan hakimiyyətinə qarşıdırlar
Siyasət

Haylar Paşinyan hakimiyyətinə qarşıdırlar

Ermənistan ictimaiyyəti Nikol Paşinyanı İkinci Qarabağ müharibəsini başlatdığı üçün günahkar hesab edir, yarıtmazlığına, ölkənin bu mübarizədən məğlub ayrılmasına səbəb olduğu üçün kəskin şəkildə tənqid edirlər. Qeyri-ciddiliyi, liderlik xüsusiyyətlərini özündə daşımaması, siyasi çəkisinin az olması kimi haqlı narazılıqlar bu gün artıq cəmiyyətin bütün təbəqələri tərəfindən yüksək səslə ifadə edilir. Hayların gözündə bir qəpik dəyərində qiyməti olmayan Paşinyan öz ölkəsində ciddi təhdidlərlə üzləşir hökumət ilə xalq arasında böyük uçurum yaranıb. Müxalifət isə ölkə daxilindəki destabil vəziyyəti əsas gətirərək Paşinyanı günahlandırır.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanın məğlub ölkə kimi iqtisadi, siyasi, sosial digər sahələrdə Ermənistanın daxili çöküşü sürətləndi. "Məxməri inqilab" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan qarışıq vəziyyətdə olan ölkəni daha da çıxılmaz hala saldı. "Yeni müharibə yeni ərazilər" şüarı ilə xalqı müharibəyə səsləyən, lakin məğlub olaraq hayların gələcəyini təhlükə altında qoyan baş nazirə bu gün bütün ölkə qarşıdır. Bu ilin fevral ayında isə "Ermənistan bloku"nun deputatı, müxalifət lideri İşxan Saqatelyanın Ümumgənclik Forumunda çıxışı zamanı Paşinyanın hakimiyyəti altında "Yeni müharibə yeni kapitulyasiya" olacağını bildirməsi baş nazirə olan münasibətin əyani sübutudur.

İqtisadi tərəfdaşlıqların zəifləməsi ölkənin beynəlxalq layihələrdən kənarlaşdırılması Ermənistanda maliyyə investisiya sahəsində ciddi sıxıntılara yol açmaqla ölkə iqtisadiyyatını ciddi şəkildə zədələdi. İşsizlik səviyyəsi son illərin pik həddinə çatdı, sosial rifah təmin olunmadı, xalq dövlət idarələri qarşısında aksiyalar keçirdi, əsgər anaları mitinqlərdə Paşinyanı günahlandırdılar. Bununla yanaşı, xarici siyasətdəki qeyri-müəyyənlik ölkənin daxilinə sirayət etdi. Sadalananların eyni vaxt aralığında baş verdiyini nəzərə alsaq deyə bilərik ki, Paşinyan Ermənistan tərəfindən dalana sıxışdırılıb.

Erməni politoloq Raffi Hovhannisyan ötən günlərdə ölkə mediasına verdiyi müsahibədə bildirib ki, Ermənistan öz dövlətçiliyini itirməklə qarşı-qarşıyadır. Nikol Paşinyanın hayları açıq-aydın fəlakətə sürüklədiyini bildirən Hovhannisyan qeyd edir ki, bütün bunlarla bağlı dövlət orqanlarında fikir ayrılıqları var: "Keçmiş dövlət başçılarından fərqli olaraq, Paşinyan Ermənistanın dövlət sərhədini qeyri-müəyyən vəziyyətə gətirdi". Hovhannisyan hesab edir ki, indiki rəhbərlik sadəcə olaraq hakimiyyətdə qalmaq üçün vətəni satmağa hazırlaşır. Onlar ölkəni müharibə ilə üz-üzə qoymamaq üçün yox, ancaq hakimiyyətdə qalmaq üçün sülh istəyirlər. Ermənistanı şikəst dövlətə çevirmək niyyətindədirlər.

Baş verən siyasi proseslər fonunda Paşinyan ölkə daxilində öz çəkisini itirib. Nikolu küçədən hakimiyyətə gətirən qüvvələrin bir çoxu artıq onun əleyhdarlarına çevriliblər. Xalq ona rəğbət yox, nifrət bəsləyir. Səbəbi isə Paşinyanın onları aldatması, xalqı daha çətin sosial duruma salmasıdır. Üstəlik, etirazçılara qarşı kəskin davranış sərgiləyən dövlət aksiyaları daha da qızışdırır. Ölmüş əsgərlərin valideynləri mitinqlər zamanı həbs edilir ya zorakılığa məruz qalırlar.

Ona qarşı sui-qəsd ehtimalının kifayət qədər yüksək olduğunu bilən Nikol Paşinyan bu təhlükədən mümkün qədər sığortalanmaq üçün ölkənin bütün hüquq-mühafizə orqanlarını ayağa qaldırıb. İştirak etdiyi hər bir toplantıda təhlükəsizlik tədbirlərinin maksimum səviyyədə təşkilinə diqqət yetirən Paşinyan sadə vətəndaşları belə özü üçün təhdid mənbəyi hesab edir. Paşinyana məxsus avtomobil korteji hökumət binasına daxil olan zaman polislərin iki nəfər sıravi şəxsə hücum edərək onları "neytrallaşdırması" buna sübutdur. Bununla yanaşı, Paşinyanın ailəsi ciddi təhlükə altındadır. Belə ki, Nikolun oğlu Aşot Paşinyanı oğurlamaq istəyənlərin "Oğulların çağırışı" adlı ictimai təşkilatın üzvləri olması bildirilir. Onlar baş nazirin oğlunu zorla maşına mindirməyə çalışıblar, ancaq Aşot avtomobildən düşərək qaçıb. Ermənistan polisi Nikol Paşinyanın oğlu Aşotu qaçırmaqda günahlandırılan "Oğulların çağırışı" ictimai təşkilatının nümayəndələrini saxlayıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, saxlanılanların arasında 44 günlük müharibə zamanı ölmüş Jora Martirosyan adlı hərbçinin anası da var.

Göründüyü kimi, etirazlar getdikcə cinayət xarakteri almağa başlayır. Paşinyan Ermənistanı təhdid altında qoyduqca, onun ailəsi bir o qədər təhdid altında yaşamağa məcburdur. Bunun aradan qaldırılması üçün Paşinyan hökuməti regionda sabitliyə, əmin-amanlığa doğru addımlar atmalı, sülh prosesini dəstəkləməli Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır.

Nurlan ABDALOV,

"Respublika".