Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 42-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

7 noyabr

  • Vətən müharibəsinin 42-ci günündə şanlı Ordumuzun yeni qalibiyyət xəbərləri gəlib. Bütün cəbhəboyu əməliyyat şəraitinə nəzarət edən hərbi qüvvələrimiz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Xocalı rayonlarının, ümumilikdə 16 kəndini işğaldan azad edib.
  • Müdafiə Nazirliyinin məlumatına əsasən döyüş əməliyyatları müxtəlif intensivlikdə cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Həmçinin işğalçı ordunun 6-cı dağatıcı alayının 1-ci taborunun bölmələrinin şəxsi heyəti arasında itkilər olub. Düşmən ordusunun D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb.
  • Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib.
  • "Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Bala Soltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Xocavəndin Moşxamat, Ataqut, Sakuri kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!". Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə məlumatı noyabrın 7-də özünün rəsmi "Twitter" hesabında xalqa çatdırıb.
  • Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini paylaşıb.
  • Ermənistan ordusu cəbhənin Ağdam istiqamətində itkilər verib.
  • Düşmən Tərtər və Ağcabədini, Ağdamın kəndlərini atəşə tutub.
  • Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan Ordusu elə ilk gündən düşmənin müdafiə xəttini yarıb, aylarla, illərlə qurduğu istehkamları darmadağın edib. Döyüş meydanında mərd Azərbaycan əsgərinə məğlub olan erməni silahlıları isə humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc azərbaycanlı əhalini hədəfə almaqla cinayət əməlləri törədiblər. Ermənistanın Bərdəyə raket atəşi nəticəsində 16 yaşlı yeniyetmə həlak olub.
  • "Ermənistan terrorunun daha bir günahsız qurbanı. 16 yaşlı gənc Şahmalı bu gün Ermənistanın Azərbaycanın dinc sakinlərinə məqsədyönlü şəkildə hücumu nəticəsində Bərdədə öldürülüb. Bərdə döyüş əməliyyatları zonasından uzaqdır. Hərbi hücuma zərurət yox idi". Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb. H.Hacıyev UNİCEF-ə və Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına bununla bağlı müraciət edib.
  • m Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinə ciddi ziyan vurulub. Bu istiqamətdəki 37-ci atıcı diviziyanın 4-cü motoatıcı alayının müdafiə sahəsindəki minaatan batareyasına endirilən artilleriya zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib.
  • Ermənistan ölkəmizə qarşı açıq-aşkar provokasiya cəhdləri edib. Lakin Vətən uğrunda canlarını qurban verən oğullarımız ölümlə üz-üzə, göz-gözə dayanaraq "Qarabağ Azərbaycandır!", "Ya Qarabağ, ya ölüm!"  amalı uğrunda meydanda mərd-mərdanə döyüşüb, düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv edib, yağıların  əsarətində qalan ulu yurdunu murdar düşməndən azad edib. Bir addım belə geri çəkilməyən Müzəffər Ordumuz Vətən torpaqlarını qarış-qarış azad edərək düşmənə qan uddurub...
  • 62-ci artilleriya briqadasının 4-cü reaktiv divizionunun atəşə tutulması nəticəsində düşmənin bir BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılıb, şəxsi heyət arasında ölən və yaralanan olub.
  • Ermənistan silahlı qüvvələrinin Ağdamdan Xankəndi istiqamətində hərəkət edən 3 "KamAZ", 2 "Ural" və 2 PDM-dən ibarət hərbi kolonunun atəşə tutulması nəticəsində düşmənin çoxlu sayda hərbi qulluqçusu məhv edilib.
  • Azərbaycan Ordusu işğalçı Ermənistana qarşı başladığı əks-hücum əməliyyatı zamanı ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirməklə 27 sentyabr tarixindən 7 noyabra qədər Füzulinin  Füzuli şəhəri və 36 yaşayış məntəqəsini, Cəbrayılın Cəbrayıl şəhəri, Xudafərin, Xələfli qəsəbələrini və 76 yaşayış məntəqəsini,  Xocavəndin Hadrut qəsəbəsi və 22 yaşayış məntəqəsini, Zəngilanın Zəngilan şəhəri, Həkəri, Mincivan, Ağbənd qəsəbələri və 47 yaşayış məntəqəsini, Qubadlının Qubadlı şəhəri və 23 yaşayış məntəqəsini, Xocalının 2, Tərtərin 3 yaşayış məntəqəsi və Kəlbəcərin Murovdağ zirvəsini işğalçılardan azad edib. Azərbaycan Ordusu Şuşaya istiqamət götürüb...

"Respublika".