Törətdikləri təxribatlar erməniləri daha aciz duruma salır
Sosial həyat

Törətdikləri təxribatlar erməniləri daha aciz duruma salır

"Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılmasını ehtiva etməklə yanaşı, həm də tərəflər qarşısında müəyyən öhdəliklər qoydu. Burada ilk şərt münaqişə tərəfləri arasında sülh müqaviləsinin imzalanmasından ibarətdir. Lakin İkinci Qarabağ savaşında uduzan Ermənistan öz məğlubiyyətilə barışmaq istəmir. Bu, həm bəzi rəsmi şəxslərin mövqeyindən, həm də Ermənistan cəmiyyətinin davranışlarından açıq-aydın duyulur. Üstəlik, sülh müqaviləsinin imzalanmasını bəhanələrlə yubatması, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə məhəl qoymaması, ciddiyyət göstərməməsi də bu qənaətə gəlməyə əsas verir.

Hamıya bəllidir ki, Ermənistanın revanşist siyasətinin güclənməsində erməni diasporunun rolu böyükdür. Erməni cəmiyyəti və diasporu üzərində kilsənin də böyük təsir gücü var. Erməni katalikos 2022-ci ili diaspor ili elan etməklə, bütün dünyada Ermənistanla bağlı ideya və fikirlərin yayılmasında xaricdə yaşayan soydaşlarının gücündən istifadə etməyə çalışır. Digər tərəfdən, diaspor Ermənistanın ən önəmli maliyyə qaynağıdır. Ermənistana gələn pullar həm təcavüzkar niyyətlərin reallaşdırılmasında önəmli rollardan birini oynayır. Beləliklə, kilsənin bu addımının Qarabağ məsələsini yenidən gündəmə gətirmək məqsədinə xidmət edə biləcəyini söyləməyə əsas var.

Bir müddət əvvəl Azərbaycanın Beyrutdakı səfirliyinə erməni terrorçuların hücum təşkil etməsi də elə bu planın tərkib hissəsi idi. Doğrudur, Livan polisi çox ciddi şəkildə erməni terrorçularının hücumlarının qarşısını almışdı. Erməni terrorçuları növbəti dəfə Azərbaycanın Fransadakı səfirliyini hədəf seçdi. Təəssüf ki, Livandan fərqli olaraq, Parisdə - Avropanın, dünyanın bu mədəniyyət paytaxtında hüquq-mühafizə orqanlarının, polisin erməni vəhşiliklərinə hər hansı müdaxiləsinin şahidi olmadıq. Terrorçular səfirliyin ətrafında təhlükəsizlik məqsədilə qoyulmuş dəmir hasarları dağıdıb, qapını sındırmağa cəhd ediblər. Bunun isə nə ilə nəticələnə biləcəyini təsəvvür etmək çətin deyil. Fransanın hadisələrin qarşısını almaması isə, dolayısı ilə terrorçuları dəstəkləməsi deməkdir.

Ümumiyyətlə, ermənilər həmişə havadarlarına arxalanıblar. Elə 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarını da o havadarlarına sığınaraq işğal altında saxlayıblar. İndi, məğlub vəziyyətə düşdükdən sonra da onlar ənənəyə sadiq qalaraq beynəlxalq aləmə özlərini "məzlum", "yazıq" cildində təqdim etməkdədirlər. Ermənistan yenə də dünyanın müxtəlif rəsmi şəxslərinə "zəng etməyə", sentyabrın 12-si və 13-də baş verənlərə görə Azərbaycanın məsuliyyət daşıdığına dünya ictimaiyyətini inandırmağa çalışır.

Sentyabrın 18-də Ermənistana səfər edən ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi orada məntiqsiz, birtərəfli və qərəzli açıqlamalar səsləndirərək sentyabrın 12-13-də Ermənistan-Azərbaycan sərhədində baş verən insidentdə Azərbaycanı günahlandırmışdır. Təbii ki, bu cür yanaşma onu göstərir ki, Nensi Pelosi Kaliforniyada yaşayan böyük erməni icmasının dəstəyini əldə etmək və bununla da sona çatan siyasi karyerasını mümkün qədər möhkəmləndirmək niyyətindədir.

İrəvanda "qondarma soyqırımı" qurbanlarına həsr edilmiş abidənin önünə gül dəstəsi qoyan və üzüntüsünü ifadə edən Nensi Pelosi 30 il müddətində ermənilərin qətlə yetirdiyi azərbaycanlılar, Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş, taleyi hələ də bəlli olmayan vətəndaşlarımız barədə yəqin ki, heç vaxt düşünməyib, nə vaxtsa bununla bağlı ədalət naminə bir fikir səsləndirməyib. İndi Azərbaycanın milli maraqları, xalqımızın hisslərilə oynamaq istəyən bu “demokrat” qadın siyasətçi özünə ucuz siyasi kapital toplamaq istəyir, lakin düşünmür ki, bununla o, Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırması cəhdlərinə ciddi zərbə vurmuş olur.

Bu gün işğaldan azad olunmuş torpaqlarda geniş quruculuq işləri aparılır. Təsis etdiyim GESS Logistika Karqo MMC-nin kollektivi Qarabağın dirçəldilməsi prosesində yaxından iştirak etməyə hazırdır.

Biz bir daha erməni vandalizmini, onların Azərbaycana qarşı davamlı terror təxribatlarını pisləyir, Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirik.

Sabir MİRZƏYEV,

GESS Logistika Karqo

MMC-nin təsisçisi,

Azərbaycan Boks Federasiyasının

fəxri vitse-prezidenti, təqaüdçü.