Şəhid hərbi qulluqçumuz
Sosial həyat

Şəhid hərbi qulluqçumuz

Bu il aprel ayının 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi atəşə tutdu. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alındı, atəş nöqtələri susduruldu və qarşı tərəf xeyli sayda itki verdi. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən üç hərbi qulluqçumuz şəhid oldu, iki nəfər isə əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olundu.

Vidadi Nizami oğlu Zalov Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi iştirakçısı, Laçın rayonu istiqamətində erməni hərbi birləşmələrinin törətdiyi bu  təxribat nəticəsində şəhid olmuşdur.

17 iyul 1985-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Vidadi 1992–2003-cü illərdə Abşeron rayon Saray qəsəbə 2 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuş, 2007-ci ildə həmin universitetin maliyyə fakültəsini bitirmişdir.  Vidadi Zalov ali təhsil aldıqdan sonra hərbi xidmətə çağırılmış və bir il müddətində Azərbaycan Silahlı Qüvvələrinin  "N" saylı hərbi hissəsində xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra bir müddət mülki fəaliyyət göstərmişdir. Sonra isə Müdafiə Nazirliyinin "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına yazılmış, kursları bitirdikdən sonra həqiqi hərbi xidmət qulluqçusu kimi ordu sıralarına qayıtmışdır. Dörd ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Vidadi   xidmət zamanı fərqləndiyinə görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə mükafatlandırılmış, 26 iyun 2018-ci ildə Müdafiə naziri Zakir Həsənov tərəfindən “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan Ordusunun kiçik çavuşu Vidadi Zalov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Vidadi Zalov "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.

11 aprel 2023-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutmuşdu.  Baş verən qarşıdurma nəticəsində Vidadi Zalov döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Şəhid Vidadi Zalov doğulduğu Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunmuşdur.

Ailəli idi, bir oğlu və bir qızı yadigar qaldı.

Onun xatirəsi hər zaman qəlblərdə yaşayacaqdır. Allah şəhidlərə rəhmət eləsin.

Əli SADIQOV,

“Respublika”.