Gələcək nəsillərə miras qoymaq naminə
Ekologiya

Gələcək nəsillərə miras qoymaq naminə

Hazırda dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələri və onun canlı aləmə mənfi təsiridir. Bu məsələ dünya birliyini getdikcə daha çox narahat edir. Bu problemlərə diqqət artırılır, beynəlxalq tədbirlər, o cümlədən elmi və praktiki konfranslar keçirilir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Alimlər açıqlayır ki, temperaturun artması əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını isə istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1-oksid və xlor-fülor birləşmələr təşkil edir. Son bir əsrlik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb, sel, daşqın, isti küləklər, qasırğalar, yağıntılar isə olduqca güclənib. Araşdırmalara görə okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, indi həmin rəqəm iki dəfə artıb. Nəticədə isti axınlar problemlər yaradır.

Dünyanı ciddi şəkildə narahat edən bu məsələnin həlli məqsədilə 1950-ci il martın 23-də Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) təsis edilmişdir. Təşkilat atmosfer hadisələrini, okeanların atmosferlə əlaqəsini, iqlim və su resurslarının Yer üzərində paylanmasının nəticəsini öyrənmək üçün ixtisaslaşmış orqan kimi yaradılıb. Mərkəzi İsveçrənin Cenevrə şəhərində yerləşir. Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən martın 23-də qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının qorunmasında meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların diqqətini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişmələrinə, onların səbəb və nəticələrinə, həmçinin ortaya çıxan problemlərin qarşısının alınmasına yönəltməkdir. Hər il martın 23-ü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi isə “İqlim fəaliyyətinin cəbhə xəttində”dir. Təşkilat bununla bütün dünyanı iqlim dəyişmələri ilə bağlı işlər görməyə, onun təsirləri ilə mübarizə üçün təcili tədbirlər həyata keçirməyə səsləyir.

Qeyd edək ki, ölkəmiz iqlimlə bağlı problemlərin həllində yaxından iştirak edir. Belə ki, ÜMT-nin Prezidenti Aleksandr Bedritski və Təşkilatın Baş katibi Mişel Jaro 2010-cu ilin oktyabr ayında Qəbələ şəhərində keçirilən MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyasında iştirak ediblər. Sessiyada çıxış edən ÜMT-nin Avropa Bürosunun direktoru Dimitriy İvanov təşkilatın işçi qruplarının yeni strukturundan və regionda həyata keçirilən layihələrdən danışıb. Tədbirdə 2006-2010-cu illər ərzində hidrometeorologiya sahəsində görülmüş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib, 2011-2015-ci illər üçün yeni plan müəyyən edilib. Aparılan müzakirələrdən sonra regionda hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi, eyni zamanda MDB DHMŞ-yə dair sazişdə bəzi dəyişikliklər edilməsi barədə təkliflər qəbul olunub.

Cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, noyabrda COP29-un keçirilməsi ölkəmizin bu məsələyə necə diqqət yetirdiyinin əyani nümunəsidir. Dünyanın inkişaf etmiş ölkələri bu konfransa xüsusi maraq göstərirlər. Bu baxımdan, beynəlxalq əhəmiyyət daşıyan və 80 mindən çox nümayəndənin iştirak edəcəyi tədbirin ölkəmizdə keçirilməsi qürurverici hadisədir. Odlar yurdu dünyanın aparıcı dövlətlərinin rəhbərlərini, alimlərini, müxtəlif sənət sahiblərini, bütövlükdə çoxsaylı insanları iki həftə qonaq edəcək.

Prezident İlham Əliyevin dünyada  baş verən qlobal məsələlərin həllində aparıcı rol oynaması bu gün bir çox mötəbər qurum və təşkilatlar tərəfindən bəyənilir, təqdir edilir. Ölkə başçımızın regionda və sərhədlərimiz daxilində gedən problemləri şəffaflıqla etiraf etməsi onun dürüst mövqeyindən xəbər verir. Bu yaxınlarda “Euronews” televiziyasına müsahibə verən Prezident İlham Əliyev bildirib ki, hər il biz Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi oluruq: “Bəli, düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.

Sözsüz ki, bu fikirlər Xəzərin, eləcə də çaylarımızın, göllərimizin bioehtiyatlarının qayğısına qalmaq, onun zənginliyini qoruyub saxlamaq və gələcək nəslə çatdırmaq kimi mühüm məsələləri əhatə edir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi beynəlxalq arenada dövlətimizə göstərilən etimadın, etibarın təzahürüdür.

Töhfə SƏMƏDOVA,

“Respublika”.