Fransada tarix yazan partizan
Tarixi şəxsiyyətlər

Fransada tarix yazan partizan

Tariximizdə "Xarqo", "Armed Mişel" ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılov 1920-ci il 22 sentyabrda Şəkinin Oxud kəndində dünyaya göz açıb. 1935-ci ildə Şəkidə Kənd Təsərrüfatı Texnikumunun zootexnika və aqronomiya fakültəsinə daxil olub. 1938-ci ildə texnikumu aqronom ixtisası üzrə bitirərək və Quba-Xaçmaz zonasında əmək fəaliyyətinə  başlayıb.

İkinci Dünya müharibəsinin başlanması bir çox gənc kimi Əhmədiyyə Cəbrayılovun da həyatında dərin izlər qoyub. O, könüllü olaraq cəbhəyə yollanıb Orconikidze vilayətinin Nevinnomıssk şəhərində aviasiya məktəbində hazırlıq keçən Ə.Cəbrayılov təlimlərdən sonra kiçik leytenant rütbəsi alır, Moskva yaxınlığında yerləşən 35-ci diviziyanın 350-ci bombardmançı eskadriliyasının texniki xidmət sahəsinə təyin edilir. 1942-ci ilin aprelində isə partizan Ukraynanın Donbas şəhərinə göndərilir. Donbasa gələn Əhmədiyyə burada 350-ci polkun siyasi rəhbərinin köməkçisi vəzifəsində çalışır. Ə.Cəbrayılov həmin polkun tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə göstərdiyi şücaətə görə ona baş leytenant rütbəsi verilir.

1942-ci ilin aprelində Kursk ətrafında gedən gərgin döyüşlərin birində Əhmədiyyə Cəbrayılovun təyyarəsi vurulur və ağır  yaralanan Əhmədiyyə almanlar tərəfindən əsir götürülür. Ə.Cəbrayılov yaralı halda almanların Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Beləliklə, gənc yaşlarından əzablı, dözülməz əsirlik həyatı yaşayır. 1943-cü ildə o,  Daxau ölüm düşərgəsinə gətirilir. Buradakı vəziyyət çox acınacaqlı idi və əsirlərə ağılasığmaz dərəcədə işgəncələr verilirdi. Daxauda olduğu zaman Əhmədiyyə Cəbrayılovu digər əsirlərlə birlikdə qaz kamerasına salırlar və yalnız bir nəfər sağ qalır. Bu, Əhmədiyyə idi. Möcüzə kimi səslənsə də gənc Əhmədiyyəni nişanlısının müharibəyə getmədən öncə ona verdiyi dəsmal xilas edir. Belə ki, Əhmədiyyə qaz kamerasına salınarkən dəsmalı ağzında saxlayır və bu da onu ölümün pəncəsindən xilas edir. Kənd camaatı kanala tökülmüş əsir meyitlərini dəfn edən zaman onun bədəninin istiliyini hiss edib dəfn etmirlər. Bundan xəbər tutan almanlar Əhmədiyyə Cəbrayılovu yenidən həbs düşərgəsinə gətirirlər. Gənc partizan bu dəfə isə qaçmağa cəhd edir, əlinə bıçaq alaraq gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Təəssüf ki, Əhmədiyyə Cəbrayılovun cəhdi baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı daha ağır şəraiti olan Montoban həbs düşərgəsinə göndərilir. Əhmədiyyə burada 4167 nömrəli əsir idi və həbsxanada o vərəm xəstəliyinə tutulur.

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındıraraq tabutda gizlənmiş Əhmədiyyəni xilas edir, zirzəmiyə gətirirlər. Əhmədiyyə Cəbrayılov sağaldıqdan sonra faşistlərdən qisas almaq məqsədilə fransız dilini öyrənir. Jannanın sayəsində Əhmədiyyə onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqə qurur. Daha sonra o, müqavimət hərəkatının kapitanı Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronunun üzvü olur. Bir məqamı da diqqətə çatdıraq ki, işğalçı alman hakimiyyət orqanları tərəfindən onun başına böyük məbləğdə mükafat qoyulur.

1944-cü il may ayının 22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna yazılır. O, həmin dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü ilin avqustunda isə Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır. 1944-cü ildə Əhmədiyyə azad edilmiş Parisdə general Şarl de Qoll ilə görüşür. Xatırladaq ki, Şarl de Qoll Müqavimət hərəkatında Əhmədiyyəyə bir çox gizli əməliyyatları yerinə yetirməyi tapşırmışdı. Ə.Cəbrayılov Montobanda yaradılan 3-cü briqadaya daxil olur, Vozj və Elzasda gedən  döyüşlərdə iştirak edir. 1945-ci ilin 1 mart tarixində isə o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Ə. Cəbrayılov bir sıra tapşırıqlarla yanaşı, dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmasına mane olur. Müvəffəqiyyətlə həyata keçirilən əməliyyatın müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

Fransa tamamilə işğaldan azad olunduqdan sonra Əhmədiyyə Cəbrayılov bir müddət həmin ölkədə qalır. O, 1946-cı ildə vətənə qayıdır. Onun hərbi şücaətləri Fransa tərəfindən layiqincə qiymətləndirilir orden və medallarla, o cümlədən "Şəxsi igidliyə görə" hərbi medalla təltif olunur.  Nəhayət, 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Amma əfsuslar olsun ki, o burada vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ilin yazında Fransa Prezidenti Şarl de Qollun SSRİ-yə səfəri Əhmədiyyənin həyatında mühüm dönüş nöqtəsi olur. Fransa Prezidentinin Moskvaya rəsmi səfəri ilə bağlı hazırlıq işləri barədə  SSRİ-nin o dövrdəki rəhbəri Leonid İliç Brejnevə məruzə edilir. Fransa prezidentinin səfərinə az qalmış  protokol xidmətindən Kremlə teleqram göndərilir. Teleqramda Şarl de Qollun SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzuladığı və  hava limanında qarşılanma mərasimində bu şəxsin də iştirak etməsini istədiyi bildirilir. SSRİ rəhbəri həmin şəxsin dərhal tapılması barədə göstəriş verir. Lakin "Armed Mişel" adlı şəxsin tapılmaması Brejnevi və bütün Kremli çox narahat edir. Kremlin bütün məmurları işə cəlb olunsa da axtarışlar heç nəticə vermir. Təsadüfən Mərkəzi Komitədə çalışan makinaçı bir neçə il bundan öncə belə bir ada rast gəldiyini xatırladığını deyir və həmyerlimiz tapılaraq təcili Moskvaya dəvət edilir. Bu zaman Əhmədiyyə Cəbrayılovun 3-4 il öncə də Kremldə olduğu bildirilir. Daha sonra Əhmədiyyənin Brejnevlə görüşü baş tutur.  Nəhayət, Şarl de Qollun səfərinin vaxtı yetişir. Bununla əlaqədar SSRİ rəhbərləri "Vnukovo 2" hava limanında ali qonağı qarşılamaq üçün sıraya düzülürlər. Şarl de Qoll Brejnevlə görüşdükdən sonra ətrafı nəzərdən keçirir və köhnə dostu "Armed Mişel"i görən kimi iri addımlarla ona tərəf gəlir. Onlar bir-birini qucaqlayıb bağrına basırlar. Protokol qaydalarına zidd olan bu mənzərə SSRİ rəhbərlərini xeyli təəccübləndirir. Fransa prezidenti SSRİ-də səfərdə olduğu müddət ərzində Əhmədiyyə Cəbrayılovla birgə nahar edir, onunla keçmiş xatirələrini yada salır. Fransa prezidentinin bu   rəsmi səfərindən sonra Əhmədiyyə Cəbrayılovun üzərindən "vətən xaini" adı götürülür.

1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vuran partizan daha sonra Şəkidəki Nərimanov adına kolxozda baş aqronom işləyir. Bundan bir il sonra isə o, "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. Əhmədiyyə bu dövrdə dəfələrlə Fransaya dəvət alır, döyüş yerlərini gəzir. 1976-cı ildə müharibədəki iştirakına görə Ə.Cəbrayılov "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur.  1977-ci ildə  Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür. 1990-cı ildə isə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində o, Parisə dəvət olunur və  mərasimdə çıxış edir. 1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova "Fəxri Legion" ordeni verilir. O, 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olur.

Əhmədiyyə Cəbrayılova dövlətimiz həmişə diqqət göstərib. 2020-ci ilin 11 avqustunda Prezident İlham Əliyev Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Nəzrin ELDARQIZI,

"Respublika".