Dramaturgiyamızın banisi
Tarixi şəxsiyyətlər

Dramaturgiyamızın banisi

Ona ateist, maarifçi, materialist filosof, ictimai xadim və böyük yazıçı dedilər. Amma o, bütün məziyyətləri ilə ədəbiyyatımızın klassiki və dramaturgiyamızın banisidir. Şərqdə ilk dəfə olaraq dram janrında əsərlər yaradan mütəfəkkir, həm də Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsi hesab edilir. Eyni zamanda, Azərbaycan dramaturgiyasında və ədəbiyyatında ədəbi tənqidin yaradıcısı, Qafqaz Arxeologiya Komissiyasının sədri olmuşdur.

Mirzə Fətəli Axundov 1812-ci ildə qədim yaşayış məskənlərimizdən olan Nuxada, indiki Şəki şəhərində dünyaya gəlib. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz şəhərinin yaxınlığında olan Xamnə qəsəbəsinə köçmüşlər. Mirzə Fətəli Axundov 13 yaşına kimi ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamalı olur. 1812-ci ildə isə anası ilə yenidən Şəkiyə qayıtmışdır. Onun axund olmasını istəyən yaxın qohumu Hacı Ələsgər Mirzə Fətəlini özü ilə Gəncə şəhərinə gətirərək məntiq və şəriət qanunlarını öyrənməsi üçün Molla Hüseyn adlı axunda tapşırmışdır. Gəncə onun həyatında böyük rol oynamaqla yanaşı, həm də əsaslı dönüş yaratmışdır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini öyrənməklə bərabər, böyük Azərbaycan şairi və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini də öyrənir. Onun Mirzə Şəfi Vazehlə tanışlığı sonradan möhkəm dostluq münasibətlərinə çevrilir. Bu dostluq Mirzə Fətəlinin həyat və yaradıcılığında, bir mütəfəkkir kimi formalaşmasında mühüm rol oynayır. O, dostu Mirzə Şəfinin təsiri ilə ruhani olmaq fikrindən daşınaraq dövlət qulluğuna girməyə qərar verir. Onun bu fikrini bilən qohumu Hacı Ələsgər Axundovu Tiflisə gətirib Qafqazın baş hakimi Baron Rozenin dəftərxanasında tərcüməçi şagirdi vəzifəsinə təyin etdirir. 1834-cü ildən Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin edilir. Ömrünün sonuna kimi bu vəzifədə çalışan Axundov 1873-cü ildə polkovnik rütbəsi alır. O, bacarıqlı işçi kimi Rusiya ilə yanaşı, Türkiyə və İran dövlətinin də orden və medallarına layiq görülmüşdür. Həmin dövr üçün Qafqazın inkişaf etmiş inzibati-mədəni mərkəzi sayılan Tiflis Axundovun dünyagörüşündə böyük rol oynamışdır.

Mirzə Fətəli Axundov Tiflisdə A.Bakıxanov, İ.Qutqaşınlı, M.Ş.Vazeh, Q.Zakir, A.Çavçavadze, A.Berje, A.A.Bestujev-Marlinski, A.Sereteli kimi dövrün görkəmli ədibləri, ictimai-siyasi xadimləri ilə dostluq etmişdir. Bu isə onun dünyagörüşünə və ədəbi yaradıcılığına müsbət təsir göstərmişdir. Rus dilini mükəmməl bilməsi isə ədibin iş həyatı ilə yanaşı, dünya ədəbiyyatını dərindən bilməsinə də müsbət təsir etmişdir.

Mirzə Fətəli Axundov qəzetçilik sahəsində də fəaliyyət göstərmişdir. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət verərək özü də "Vəkili milləti-naməlum" imzası ilə məqalələr yazmışdır. Onun bədii yaradıcılığa marağı şeirlə başlamışdır. Şeirlərini Səbuhi təxəllüsü ilə yazmışdır. İlk şeiri "Zəmanədən şikayət" adlanırdı. Şeir fars dilində klassik Şərq şeiri ənənələri əsasında yazılmışdır. Axundovu şair kimi tanıdan, sevdirən 1837-ci ildə yazdığı "Puşkinin ölümünə Şərq poeması" olmuşdur.

Mirzə Fətəli Axundov 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla ailə qurur. Bu evlilikdən 13 övladı dünyaya gəlir. Lakin bu uşaqlar erkən yaşlarında dünyasını dəyişmiş, yalnız oğlu Rəşidbəy və qızı Nisə xanım uzun ömür yaşamışdır. Onu da qeyd etmək yerinə düşər ki, Mirzə Fətəli həm də dövlət dairələrində böyük nüfuz sahibi olmuşdur. O, Qafqaz canişininin yanındakı nüfuzu sayəsində çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən və sürgündən xilasına nail olmuşdur. Eyni zamanda, sonuncu Qarabağ hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir.

Mirzə Fətəli Axundov Azərbaycan dramaturgiyasının banisi olduğu kimi, həm də inkişafında böyük xidmətlər göstərmişdir. Məhz Azərbaycan teatrı Axundovun komediyaları əsasında yaranmış və formalaşmışdır. Böyük mütəfəkkirin qələmə aldığı əsərləri oxucuya, tamaşaçıya təkcə gülüş bəxş etmir, bu komediyalar həm də maarifləndiricilik baxımdan güclü təbliğat rolunu oynayır. Müəllif həmin əsərlərlə cəmiyyətdə baş verən çatışmazlıqlardan, gerilikdən qurtuluşun yalnız elmdə olduğunu göstərir.

Onun komediya janrında yazdığı əsərləri teatrların repertuarının aparıcı xəttini təşkil edib. Hələ 1837-ci ildə Həsən bəy Zərdabi tələbələri Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" tamaşası ilə Azərbaycanda, eləcə də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. 1850-1855-ci illərdə "Təmsilat" adı altında birləşdirilmiş altı komediya - "Hekayəti-Molla İbrahimxəlil kimyagər", "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur", "Hekayəti-xırs quldurbasan", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Sərgüzəşti-mərdi-xəsis, Hacı Qara", "Müdafiə vəkillərinin hekayəti"ni yazmışdır. Onun 40 illik yaradıcılığı olduqca zəngin və çoxcəhətlidir. Axundov bu əsərləri ilə Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur. Həmin əsərlər yazıçının öz tərcüməsində rus dilində "Kafkaz" qəzetində çap olunmuşdur. Mirzə Fətəli Axundov hələ o dövrdə dramaturq kimi şöhrət qazanmışdır. Belə ki, "Müsyö Jordan və dərviş Məstəli şah" 1851-ci ildə Peterburqda ev teatrında "Müsyö Jordan və dərviş Məstəli şah", "Xırs quldurbasan" və "Vəziri-xani-Lənkəran" komediyaları isə Tiflisdə rus teatrında tamaşaya qoyulmuşdur.

Mirzə Fətəli Axundovun ən böyük arzularından biri ərəb əlifbasını dəyişdirmək olub. O, bu haqda yazırdı: "Əfsus, min əfsus ki, nə İranda, nə Osmanlıda islam xalqlarının başçıları xalqın tərəqqisi xatirinə islam əlifbasını dəyişməyə təşəbbüs göstərmədilər ki, bu vasitə ilə ölkənin əhalisi qadınlı-kişili bir neçə ayın içərisində başdan-başa savadlı olsunlar və bu vasitə ilə Avropanın hazırkı bütün elmləri bir neçə ilin ərzində islam xalqlarının dilinə tərcümə edilsin və elmlərin yayılması ilə islam xalqları xoşbəxtlik yoluna çıxsınlar".

Mirzə Fətəli Axundov 1878-ci il fevral ayının 26-da ürək xəstəliyindən vəfat etmişdir. Bu böyük yazıçı və dramaturq Tiflisdə, köhnə müsəlman qəbiristanlığında, indiki Tiflis Nəbatat bağında öz vəsiyyəti ilə Mirzə Şəfi Vazehin yanında dəfn olunmuşdur.

Ramidə YAQUBQIZI,

"Respublika".