Fransa region üçün təhlükədir
Siyasət

Fransa region üçün təhlükədir

Fransanın, bütövlükdə Qərbin riyakar siyasətinin və qərəzli anti-Azərbaycan mövqeyinin arxasında dayanan məkrli niyyətlərə nəzər yetirdikdə onların əsas məqsədlərinin heç də sülh və sabitlik olmadığını aydın şəkildə müşahidə edirik.

Bir tərəfdən beynəlxalq hüquqdan danışıb, digər tərəfdən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alaraq işğalçı Ermənistanı dəstəkləmək təbii ki, regiona sülh gətirmək məqsədi daşıya bilməz. Onu da unutmamaq lazımdır ki, Fransanın Ermənistanın işğalçılıq ideologiyasını dəstəkləməsi və hətta təşviq etməsi yeni yanaşma deyil. Birinci Qarabağ müharibəsindən bu günə qədər Fransanın Cənubi Qafqaz siyasətinə nəzər yetirsək, biz davamlı şəkildə bütün platformalarda Ermənistanı dəstəkləyən, işğalçı dövləti hərbiləşdirən, onun müharibə cinayətlərindən diqqəti yayındırmağa çalışan və Qarabağın işğalını legitimləşdirmək üçün bütün vasitələrdən istifadə edən bir dövləti və onun imperialist çıxışlarını görə bilərik. Təbii ki, bu çıxışların arxasında erməni lobbisinin kifayət qədər yüksək məbləğlərdə maliyyə "dəstəyi" dayanır.

Digər tərəfdən, Rusiyanın regiondakı mövqeyini zəiflətməyi hədəfləyən bu qüvvələr paralel şəkildə Ermənistanı hərbiləşdirməklə yeni münaqişə ocağı yaratmağa çalışırlar. Bu niyyətlərini pərdələmək üçün isə Azərbaycanı hədəf göstərərək guya Ermənistanın təhlükəsizliyinə təhdid olaraq süni "hədələr" formalaşdırırlar. "Humanitar böhran", "blokada" və ya "etnik təmizləmə" şousu da eyni ssenari üzrə işlənmiş sujet xəttinin fərqli səhnələri olaraq dəyərləndirilə bilər. Deməli, Fransanın və onunla eyni mərkəzdən maliyyələşərək ortaq maraqların daşıyıcısı olan Qərbin bir çox siyasi dairələrinin iştirak etdiyi platforma nəinki bölgəyə sülh və sabitlik gətirə bilməz, ümumiyyətlə onların Cənubi Qafqazda hər hansı bir formada mövcudluğu regionun təhlükəsizliyi üçün kifayət qədər böyük təhdidlər ehtiva edir. Azərbaycanın bu məsələ ilə bağlı qətiyyətli, konkret və aydın mövqeyi var: regionun problemləri kənar qüvvələrin təsiri olmadan, ancaq region dövlətlərinin təmsil olunduğu platformada həll olunmalıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycanın təşəbbüsü ilə yaradılan "3+3" formatı  çərçivəsində danışıqların uğurlu şəkildə davam etdirilməsi və regiondan kənar qüvvələrin proseslərə müdaxiləsinin qarşısının alınması bölgədə sülh və sabitliyin təmin olunmasının əsas zəmanətinə çevrilə bilər.

Aytən QURBANOVA,

politoloq.