Əzəli və əbədi torpaqlarımıza qayıdış haqq işimizdir
Siyasət

Əzəli və əbədi torpaqlarımıza qayıdış haqq işimizdir

Ölkə başçımızın yürütdüyü praqmatik siyasət nəticəsində Azərbaycan öz haqq işini qətiyyətlə həyata keçirir. Uzun illər təhrif edilmiş hadisələrə artıq beynəlxalq miqyasda düzgün qiymət verilməsi məhz bu uğurlu siyasi gedişin bəhrəsidir. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə regionda yeni reallıqlar yaradan dövlətimizin qarşısında növbəti hədəflər var. Bu ali məqsədlərdən biri də Qərbi Azərbaycana qayıdışın reallığa çevrilməsidir.

Əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarına qayıdışa hər keçən gün daha da yaxınlaşırıq. Erməni vəhşiliyinin qurbanına çevrilmiş soydaşlarımızın kütləvi şəkildə deportasiyası Azərbaycan tarixində dərin və sağalmaz izlər qoymuşdur. Hələ 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisindən soydaşlarımız hissə-hissə və planlı şəkildə deportasiya olunmuş, tarixi-memarlıq incilərimiz erməni vandalları tərəfindən məhv edilmiş, bu cinayət əməlləri sistemli hal almışdır. Erməni vəhşiliyinin nümunələri təkcə soydaşlarımızın deportasiyasında özünü göstərmir, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Azərbaycana məxsus olan yaşayış məntəqələrinin, çayların, göllərin, təpələrin adlarıda saxta erməni toponimləri ilə dəyişdirilmişdir.

Qərbi Azərbaycanın tarixi torpaqlarımız olması və bunu sübut edən faktlar və xəritələrin mövcudluğu erməni yalanını ifşa edir. Belə ki, 1903-cü ilə aid olan coğrafi xəritədə əks olunan köhnə yer adları türk mənşəlidir. Tarixə nəzər salsaq görərik ki, 1827-ci ildə Rusiya-İran müharibəsinin gedişində İrəvan şəhərinin Rusiya imperiyası tərəfindən işğalı, xanlığın ləğvi, əyalətin yaradılması və 1917-ci ilə qədər İrəvanın Rusiya imperiyasının tərkibində qalması soydaşlarımızın deportasiyası prosesinə zəmin yaratdı. Çar Rusiyası bölgənin aborigen əhalisi olan azərbaycanlıların diskriminasiyası və xaricdən ermənilərin köçürülməsi hesabına bölgənin etnik tərkibinin süni şəkildə dəyişdirilməsinə nail oldu. Bununla da İrəvan bölgəsində ermənilər öz ərazilərini yaratdılar. İkinci Dünya müharibəsi dövründə isə erməni daşnak liderləri "böyük Ermənistan" uğrunda ikili "fəaliyyət" göstərmişlər. Bir tərəfdən, Hitlerin qələbə çalacağına inanıb ona Zaqafqaziyada iki dövlətin - erməni və gürcü dövlətlərinin qurulmasını təklif etmişlər. Bununla onlar Azərbaycan torpaqlarını mənimsəmək istəyirdilər. Digər tərəfdən isə qələbə Sovet İttifaqı tərəfdə olarsa, Türkiyənin Qars vilayəti və ona yaxın ərazilərin Sovet Ermənistanına birləşdirilməsi haqda düşünürdülər və buna cəhdlər edilirdi. Sonrakı planın ilk mərhələsi müttəfiqlərin Tehran konfransında özünü büruzə verdi. Ermənilər konfransda xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına köçürülməsi üçün razılıq əldə etdilər. Məqsəd Türkiyədən torpaq qoparmaq və Ermənistandakı azərbaycanlıları deportasiya etmək idi.

Ulu öndər Heydər Əliyev 23 fevral 1994-cü ildə Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı çıxışında qeyd edirdi ki, "Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik". Törədilən etnik, milli və bəşəri cinayətlərin dünyaya bildirilməsi istiqamətində Qərbi Azərbaycan İcması intensiv fəaliyyət göstərir. İcmanın beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi və haqq səsimizin dünyada yayılması yurd yerimizə qayıdış üçün olduqca önəmlidir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə öz ad gününü əlamətdar bir hadisə ilə yaddaşlara həkk edir. Məhz ölkə başçımızın 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Görüşdə dövlət başçımız tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığından xəbər verdi, soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqlandı. Məhz bu çərçivədə hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası böyük əhəmiyyət daşıyır. Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiya soydaşlarımızın qayıdışının reallaşmasını və bu sahədə fəaliyyətin əsas istiqamətlərini müəyyən edən sənəddir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Qərbi Azərbaycan İcmasının hazırladığı Konsepsiyaya əsasən sülh yolu və beynəlxalq hüquq, beynəlxalq təcrübələrdən istifadə edərək, tarixi Azərbaycan torpaqlarında doğulub, yaşamış, etnik təmizləməyə, soyqırımına, deportasiyalara məruz qalmış minlərlə soydaşımızın itirilmiş hüquqları bərpa edilməlidir.

Qayıdış Konsepsiyasının vacib başlıqlar altında yayılması birbaşa Ermənistana qarşı ictimai fikrin formalaşdırılmasında mühüm rol oynayır. Dövlətimizin başçısının Azərbaycanın tarixi toponimləri ilə bağlı verdiyi xüsusi tapşırıqlar əsasında mühüm işlər görülür, xəritələr, kitablar çap olunur. Ermənistanın Qərbi Azərbaycanda törətdikləri vandalizm aktlarının, tarixi, dini və mədəniyyət abidələrinin dağıdılmasının dünya ictimaiyyətinə olduğu kimi təqdim edilməsi istiqamətində əsaslı addımlar atılır. Bütün mexanizmləri işlək hala gətirmək üçün Qərbi Azərbaycana qayıdış prosesində xalqımız vətəndaş birliyini ən yüksək səviyyədə nümayiş etdirir.

Nurlan ABDALOV,

"Respublika".