Dövlət çevrilişi cəhdlərinə son qoyuldu
Siyasət

Dövlət çevrilişi cəhdlərinə son qoyuldu

1995-ci ilin mart hadisələri müstəqillik dövründə tariximizə yazılan dəhşətli səhifələrdən biridir. Çünki həmin dövrdə suverenliyimizin möhkəmlənməsindən qorxan xarici düşmənlər hücuma keçdilər. Bunun üçün yerli əlaltılar da tapıldı. 1990-cı ilin martında yaradılan Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) müstəqilliyimizə qənim kəsilənlər üçün də cəlbedici tərəfdaş idi. Çünki son dövrlərdə bu qruplaşma kriminallaşmış, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olmağa başlamışdı. Ona görə də o vaxtkı müxalifətin aparıcı qanadı olan AXC-Müsavat cütlüyü OMON-çuların hərbi gücündən öz çirkin niyyətləri üçün istifadə edə bildilər. Onlar ümummilli lider Heydər Əliyevin ölkə xaricində səfərdə olmasından istifadə edərək qanuni hakimiyyəti zorla ələ keçirmək istəyirdilər. Lakin Heydər Əliyev dərhal ölkəyə qayıtdı. Bədnam qüvvələrin dövlət çevrilişi cəhdinin qarşısı müdrikliklə alındı və Azərbaycan dövlətçiliyi xilas edildi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni düçar olduğu bəladan xilas etmək üçün gərgin fəaliyyətə başlamışdı. AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı xaosu dövlət idarəçiliyindəki zəngin təcrübəsi ilə aradan qaldıran ulu öndər davamlı ictimai-siyasi sabitlik yaratmaq üçün ilk növbədə qeyri-qanuni silahlı birləşmələri ləğv etmişdi. Onun siyasi xəttinin əsasını isə iqtisadiyyatı möhkəmləndirmək, nüfuzlu beynəlxalq qurumlarla əlaqələr yaratmaq və Ermənistanla atəşkəsə nail olmaq təşkil edirdi. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də "Gülüstan" sarayında dünyanın 7 güclü dövlətini təmsil edən 11 aparıcı neft şirkətinin iştirakı ilə "Əsrin müqaviləsi" imzalandı. Bu, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılmış qətiyyətli addım idi. Milli ordu quruculuğu da keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdu. Qısa müddət ərzində vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ölkəmizin belə sürətlə demokratik inkişaf yolunda irəliləməsi, qlobal arenada nüfuzunun artması isə bəzi hakimiyyət hərislərini ciddi şəkildə narahat edirdi. Məhz buna görə də xarici qüvvələrin himayədarlığı ilə hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək istəyən antimilli qüvvələr, ilk növbədə, 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd etdilər. Lakin Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, bu planları iflasa uğratdı. Bundan sonra hüquqi dövlət quruculuğu istiqamətində inamlı addımlar atıldı, əhalinin güzəranının yaxşılaşdırılması üçün fəal işlərə başlanıldı. Uğurlarımızın gündən-günə artması isə 1994-cü ilin oktyabrında hakimiyyət çevrilişi etməyə cəhd göstərən Surət Hüseynov, Rövşən və Mahir Cavadov qardaşlarını, eləcə də digər radikal müxalifət nümayəndələrini narahat edirdi. Buna görə də onlar öz xəbis niyyətlərini həyata keçirmək üçün yenidən qeyri-qanuni silahlı qruplaşmalar vasitəsilə dövlət çevrilişinə cəhd etdilər.

Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri 1995-ci il martın 13-ü səhər saat 4-də Qazax rayonunda hərbi hissəyə və inzibati orqanların binalarına hücum etdilər, eyni proses Ağstafa rayonunda da davam etdi. Nəticədə dövlət mənafeyini müdafiə edən Ağstafa Rayon Polis Şöbəsinin bir əməkdaşı öldürüldü. Bundan sonra xain qüvvələr çoxlu sayda silah-sursat ələ keçirərək öz təcavüzkar əməllərini daha da genişləndirdilər. Buna görə də martın 14-də DİN-in Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv olundu. Amma silahlı qruplaşmanın rəhbəri Rövşən Cavadov bu əmrə tabe olmadı, qardaşı Mahir Cavadovla birlikdə müəyyən şərtlər irəli sürdülər. Martın 15-də ulu öndər Heydər Əliyev xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olanların dövlət çevrilişi cəhdinə aydınlıq gətirdi. Ümummilli lider bildirdi ki, həmin antimilli qüvvələrin bu kimi addımlarının səbəbləri var: "Bu səbəb də ondan ibarətdir ki, biz demokratiya şəraitində yaşayırıq. O vaxtkı dövlət quruluşu ilə indiki dövlət quruluşu arasında fərq var. Mən demokratiya yolu ilə gedirəm, Azərbaycanda demokratiya prinsiplərini bərqərar edən bir adam kimi çox şeyləri güzəştə gedirəm. Demokratiya yolu ilə getmək, insanlar arasında sülh, əmin-amanlıq, vətəndaş həmrəyliyi, birliyi yaratmaq lazımdır".

Buna görə də Heydər Əliyev Cavadov qardaşlarına, onların başçılıq etdiyi qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, onları əfv edəcəyini bildirmişdi. Amma Rövşən Cavadov həmin günlərdə jurnalistlərə verdiyi müsahibəsində demişdi ki, biz hakimiyyətə gələcəyik. Artıq heç özümüzdən ağıllısını görmürük. Onun "Burada mənəm, Bağdadda kor Xəlifə" təkəbbürü isə öz faciəsi ilə nəticələndi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı, Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etdi.

Beləliklə, 1995-ci ilin mart hadisələri antimilli qüvvələrə, radikal müxalifətə, eləcə də onları dəstəkləyən xarici havadarlara tarixi dərs oldu. Azərbaycanda dövlət çevrilişlərinə cəhdlərə birdəfəlik son qoyuldu. Hazırda ölkəmiz uğurlu inkişaf yolunda sürətlə irəliləyir, dünyanın əsas güc mərkəzlərindən birinə çevrilməkdə davam edir.

Jalə QASIMZADƏ,

"Respublika".