Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır
Siyasət

Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Antoni Blinken arasında baş tutan görüşdən əvvəl mətbuat konfransı keçirilib. Ermənistanın iqtisadi dayanaqlılığının gücləndirilməsinin, tərəfdaşlığın dərinləşdirilməsinin gündəlikdə duran əsas məsələlər olduğu vurğulanıb.

Ursula Fon der Lyayen mətbuat konfransında deyib ki, Avropa Komissiyası Ermənistana 270 milyon avro yardım ayırmaq niyyətindədir. ABŞ Dövlət katibi Antoni Blinken isə, öz növbəsində, qeyd edib ki, ölkəsi Ermənistana 65 milyon dollardan çox yardım ayırmağı planlaşdırır. Birləşmiş Ştatlar və Avropa İttifaqı hər ikisi bu məsələdə tərəfdaş olmaq istəyirlər.

Təəssüf ki, onlar Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasının vacibliyi barədə heç nə demədilər. Rəsmi açıqlamalardan başqa görüşdə hansı məxfi komponentlərin olması zaman keçdikcə bəlli olacaq.

Görüşqabağı ajiotaj olsa da, mətbuat konfransında səsləndirilən bəyanatlardan qeyri-adi bir nəticə olmadığı aydınlaşdı. Görünür, Rusiyanın, Azərbaycanın və Türkiyənin narazılığı, habelə Aİ-nin aparıcı ölkələrindən İtaliyanın bu formata etiraz etməsi təsirini göstərdi. Hər halda, Ermənistan üçün fövqəladə hərbi dəstək və təhlükəsizlik qarantiyası barədə diqqətçəkən ifadə eşidilmədi. Maraqlıdır ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda və hətta BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, heç zaman Aİ və ABŞ-dan bu formada dəstək almayıb.

ABŞ və Aİ Azərbaycanı əmin etmək istəyirdilər ki, Ermənistanla bağlı həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycana qarşı yönəlməyib. Tərəflər üçtərəfli görüşün Yerevan-Brüssel-Vaşinqton arasında əməkdaşlığın gücləndirilməsinə, Ermənistanda islahatlara həsr edildiyini, heç kimə qarşı olmadığını əvvəlcədən vurğulasalar da, amma bu iddiaların Azərbaycanı qane etməməsi üçün ciddi əsaslar var. Bakı, Moskva və Ankara ona öz narazılıqlarını bildiriblər. Prezident İlham Əliyev görüşlə bağlı Azərbaycanın mövqeyini ABŞ Dövlət katibi Antoni Blinkenə və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenə telefon söhbətində çatdırıb.

"Hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər". Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik. Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib. Ermənistanın harada, kimlə və hansı məqsədlə görüşməsindən asılı olmayaraq Azərbaycan və Türkiyənin razılığı olmadan heç bir dövlət Ermənistana nə təhlükəsizlik, nə də gələcək inkişaf perspektivləri vəd edə bilməz.

Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen arasında görüş regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki onların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da yerləşməyə, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini yerindən oynatmağa yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Çünki Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər, Moskva "müttəfiqinin" Qərb liderləri ilə sürətli yaxınlaşmasını bölgədəki təhlükəsizlik maraqlarına təhdid hesab edir, Bakı isə İrəvanın Qərb tərəfindən birtərəfli qaydada dəstəklənməsini yolverilməz sayır. Bu amil Ermənistanın müharibədəki məğlubiyyətdən sonra daldalanmış revanişzm meyillərinin yenidən alovlanmasına gətirib çıxara bilər. Habelə, İrəvanın Qərbə sürətlə yaxınlaşması Rusiyanın aqressiv müdaxiləsinə səbəb ola bilər ki, belə sonuc arzuolunmaz hesab edilir.

Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşması, o cümlədən İrəvanın Qərbə doğru inteqrasiyası yalnız Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlərin qurulması Ermənistanın təcriddən xilas olub regional layihələrə qoşulması və qlobal dünyaya inteqrasiyası üçün çox önəmli və vacib amildir. Bu, heç bir şəkildə mübahisə predmenti ola bilməz. O ki qaldı Brüssel görüşündə hansı məsələlərin müzakirə olunmasına, bu görüş birbaşa Ermənistanın Rusiyanın təsir dairəsindən xilas olmasına və Moskvanın regiondan kənarlaşmasına istiqamətlənib. Qərb Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmir və Azərbaycana qarşı əks-strategiya gerçəkləşdirməyə çalışır. 5 aprel görüşü də bunun bariz nümunəsidir. Bütün bu proseslərin Ermənistan və müttəfiqlərinin gözlədiyi nəticələri verməyəcəyi şübhəsizdir. Bu, əslində Rusiya-Qərb savaşının növbəti bir cəbhəsidir. Son vaxtlar Rusiya rəsmilərinin bəyanatları da bunu söyləməyə əsas verir. Ermənistan ölkəsini ikinci Qərb-Rusiya qarşıdurmasının poliqonuna çevirə bilər. Bu isə bölgənin və Azərbaycanın maraqlarına tamamilə ziddir. Ermənistanın regionda Rusiya-Qərb qarşıdurmasına yeni cəbhə açmasını, regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz.

Mustafa KAMAL,

"Respublika".