Ermənistanın Zod istiqamətini hədəf alması təsadüfi deyil
Siyasət

Ermənistanın Zod istiqamətini hədəf alması təsadüfi deyil

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb. Mövqelərimizin müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla, bölgədə vəziyyəti gərginləşdirib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrindən Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələrinə atəş açması isə təsadüfi deyil. 

Məsələ ilə bağlı siyasi şərhçi Turan Rzayev "Respublika"-ya bildirib ki, iki nüansı bilmək mövcud təxribatları anlamaq baxımından vacibdir: "Birincisi, Azərbaycan Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərdi, Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə bu istiqamətdə danışıqlar aparıldı. İkincisi, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində “Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır” dedi. Məhz bundan sonra Ermənistanın Azərbaycanla şərti dövlət sərhəddində vəziyyət gərginləşdi. Görünən odur ki, hər iki məqam Ermənistan və onun havadarlarını ciddi şəkildə narahat edib. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraraq, faktiki olaraq Ermənistan və separatçılar üçün əsas həyatı yolu nəzarətə götürdü. Ağdam-Xankəndi yolu vasitəsilə humanitar yüklərin daşınmasını təklif edərək isə alternativ bir yol irəli sürdü. Lakin ermənilər üçün digər bir həyati yol daha var. Söhbət Ağdərə-Kəlbəcər yolundan gedir. Hansı ki, bu yolla Ağdərəyə oradan isə Xankəndiyə getmək olur. Bundan başqa bu yol həm də Kəlbəcərə gedən əsas yol hesab edilir. Görünən odur ki, rəsmi İrəvan Bakının növbəti hədəf kimi Ağdərə-Kəlbəcər yolunu nəzarət götürmək istəyəcəyini bilib və bunun qarşısını alamq üçün təxribatlara başlayıb. Hesab edirəm mövcud təxribatlardan istifadə edib Ağdərə-Kəlbəcər yolunu nəzarətə götürüb Zod aşırımında post qurmalıyıq. Beləliklə, Basarkeçərdən Ağdərəyə, oradan da Xankəndiyə gedən yol da nəzarətimizə keçmiş olar. Buna nail olsaq separatçılar üçün son nəfəslik də bağlanacaq

Jalə QASIMZADƏ, 

“Respublika”.