Dinamik və faydalı əməkdaşlıq
Siyasət

Dinamik və faydalı əməkdaşlıq

Ölkə başçısının Almaniyaya səfəri xüsusi önəm kəsb edir

"Son vaxtlar mənim Almaniyaya səfərlərim müntəzəm xarakter alıb. Deyə bilərəm ki, son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib. Keçən ilin martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı bildirib ki, ikitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük önəm kəsb edir.

Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, effektiv dialoq mövcuddur. Almaniya Avropada ölkəmizin ən vacib siyasi-iqtisadi tərəfdaşlarından birinə çevrilib. Eləcə də Avropa İttifaqının Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığını nəzərdə tutan "Şərq Tərəfdaşlığı" təşəbbüsünün fəal müdafiəçisi və təşviqatçısı olan Almaniya dünya siyasətində öz yeri və rolu olan ölkədir. Ona görə də Prezident İlham Əliyevin bu dövlətə səfəri mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev fəal diplomatiya sayəsində Azərbaycanın bütün dünya üçün nümunə sayılan müsbət reallıqlarını beynəlxalq birliyin diqqətinə çatdırır. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın əldə etdiyi mühüm geosiyasi uğurlardan biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran möhtərəm Prezidentimizin qlobal təşəbbüsləri, enerji layihələri həm də ölkəmizin beynəlxalq miqyasda nüfuzunu, siyasi çəkisini artırıb. Dünyanın geosiyasi və geoiqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın əsas rol oynaması da bunu təsdiq edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət sayəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyat quruculuğuna nail olan ölkəyə çevrilib.

Azərbaycan Avropanın enerji təminatında açar rolu oynayan dövlətlərdən biri kimi qəbul olunur və bu, beynəlxalq müstəvidə ən yüksək səviyyələrdə etiraf edilir. Xüsusilə, son illər dünyanın enerji təminatında Azərbaycanın mövqeyinin möhkəmlənməsi Almaniya hökumətini respublikamızla əməkdaşlığa sövq edir. Eyni zamanda Almaniya özünün enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın təşəbbüskarı olduğu enerji marşrutlarının əhəmiyyətini xüsusi dəyərləndirir və ölkəmizin yanacaq resurslarından faydalanmaq niyyətini bəyan edir. "Bizim neft-qaz sahəsində uzun illər ərzində, xüsusilə də Avropa bazarlarına, nəql ediləcək resurslarımız var". Bu fikirləri isə Azərbaycan Prezidenti İlham Əliyev "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında söyləyib. 2022-ci ildə enerji sahəsində Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalandığını xatırladan dövlət başçısı qeyd edib ki, bu gün Avropa İttifaqına, Avropa qitəsinə qaz təchizatımız artır. Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb çoxalıb. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il bu rəqəm 12 milyarda çatıb. Biz əlavə sərmayə qoyuruq, vəsait ayırırıq ki, Avropa ölkələrini bu məsələdə dəstəkləyək. Beləliklə, həm ənənəvi enerji, eyni zamanda bərpaolunan enerji növləri ilə zəngin olan Azərbaycan Avropa üçün bundan sonra uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarından biri olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb. Bu, Cənub Qaz Dəhlizinə marağın ilbəil artdığını göstərir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi dövlət başçımızın siyasi qətiyyəti ilə reallaşıb. Azərbaycan Prezidenti Avropa İttifaqının ayrı-ayrı dövlətlərini, beynəlxalq maliyyə qurumlarını bu layihənin ətrafında sıx səfərbər edib, onları vahid komanda halında birləşdirib. Eyni zamanda Aİ Xəzərdən hasil olunan təbii qazın Avropaya çatdırılması üçün ölkəmizlə fəal əməkdaşlıq edir. Bütün bunların nəticəsidir ki, qlobal şəraitdə ölkəmizin təbii qazı Avropa bazarlarına ixrac olunur. Ölkə başçısının da çıxışında qeyd etdiyi kimi, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan sonra Azərbaycan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal iş aparır. "Şahdəniz" yatağında hasilatın artırılması, həmçinin ölkə daxilində enerji səmərəliliyinin təmini üçün müəyyən edilmiş proqrama uyğun olaraq Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət etmək və ixrac məqsədilə istifadəsi istiqamətində də iş gedir. Almaniyanın şirkətləri işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işlərinə də maraq göstərirlər.

İkitərəfli əlaqələrin möhkəmlənməsində iqtisadi əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında iqtisadi münasibətləri yeni mərhələyə qaldıracaq. Azərbaycanla Almaniya arasında bütün sahələrdə əlaqələr qurulub, qarşılıqlı münasibətlər ildən-ilə inkişaf edir. Azərbaycanın biznes imkanlarının təşviqi məqsədilə Almaniyada biznes forumlar keçirilib. Həmçinin Azərbaycanın iqtisadi potensialının Almaniyada təşviq olunması üçün ölkəmiz hər il bu ölkədə keçirilən müxtəlif beynəlxalq sərgilərdə də iştirak edir. Bu da Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin daha da genişlənməsinə xüsusi töhfə verir.

"Yaşıl enerji" və alternativ bərpa olunan digər enerji resurslarının Avropaya ixrac edilməsi baxımından Azərbaycan-Almaniya münasibətlərində təməl prinsiplər möhkəmdir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya lideri Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşündə COP29-la əlaqədar iki ölkə arasında uğurlu əməkdaşlıq və heyətlərin fəaliyyətinin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan "üçlük" mexanizminin əhəmiyyətinə toxunulub, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.

Mustafa KAMAL,

"Respublika".