Əsas məqsəd xalqın maraqlarını təmin etməkdir
Siyasət

Əsas məqsəd xalqın maraqlarını təmin etməkdir

Bu, həm də ölkəmizin iqtisadi gücünü, siyasi nüfuzunu daha da artırır

Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

2003-cü ildə Prezident seçilən, "ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır" deyən ölkə başçısı İlham Əliyev ötən illər ərzində xalqın sonsuz sevgisini qazandı. O, xalqını, xalq da onu qorudu, ona inandı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, həlli üçün yerindəcə tapşırıqlar verməsi qarşılıqlı inam və etimadın, sevginin əyani ifadəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevə xa

lqımızın inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Məhz bu amalla ölkə başçısı hər zaman xalqın yanındadır. Regionlara vaxtaşırı səfərlər zamanı rayon və şəhərlərdə açılışlar, yeni binaların təməlqoyma mərasimləri Prezidentin öz xalqına verdiyi töhfələrdir. Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Azərbaycan heç zaman bu qədər güclü olmamışdır. Qüdrətli ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar isə ölkə başçısının adı ilə bağlıdır.

Tarixi zəfərdən sonra, 2020-ci il noyabrın 16-da ölkə başçısı Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və qələbə sevincini xalqla bölüşdü. Prezident, Ali Baş Komandan İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Bu, bir daha təsdiq etdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün, Vətən müharibəsində milli birliyin mənbəyidir. Qeyd edək ki, bu müddət ərzində Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva mütəmadi olaraq yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri həm də qələbəmizin dünyaya bəyanı idi. Qarabağa bu ilk səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu.

Xalqımızın ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması idi. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonların dövlət başçısının diqqət mərkəzində olması, onların inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində olublar. Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşüblər. Onlarla söhbət əsnasında Prezident İlham Əliyev deyib: "Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi qüdrətini və siyasi nüfuzunu daha da artırdı, onu dünyanın ən çox sayılıb-seçilən ölkələri sırasına çıxardı. Böyük sosial-iqtisadi inkişafın, bütün uğurlarımızın, beynəlxalq meqalayihələrin təşəbbüsçüsü olmağımızın, qarşıya çıxan istənilən çətinliklərin öhdəsindən gəlməyimizin əsas səbəbi liderlə xalqın birliyi, xalqın maraqlarının təmin olunmasıdır. Ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.

Mustafa KAMAL,

"Respublika".