Ermənistanın tələbi yekdilliklə rədd edildi
Siyasət

Ermənistanın tələbi yekdilliklə rədd edildi

Beynəlxalq Ədalət Məhkəməsinin iyulun 11-də dərc edilmiş 2023-cü il 6 iyul tarixli qərarında qeyd edildiyi kimi, məhkəmə İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi məqsədilə Ermənistanın 2023-cü il 12 may tarixli tələbini yekdilliklə rədd edib.

“Respublika” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Beləliklə, məhkəmə, Qərarı ilə bir daha təsdiq edib ki, “2023-cü il aprelin 23-dən etibarən Laçın dəhlizində və ya onun boyunca yerləşdirilən hər hansı bir və bütün şəxsi heyəti geri çəkməyi və belə şəxsi heyətin Laçın dəhlizi üzərində və ya Laçın dəhlizi boyu yerləşdirilməsindən çəkinməyi Azərbaycandan tələb edən əlavə müvəqqəti tədbiri daxil etməklə” 2023-cü il 22 fevral tarixli Qərara dəyişiklik etmək barədə Ermənistanın tələbi əsassızdır.

Ermənistanın yalanlarının əksinə, Beynəlxalq Ədalət Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 22 fevral Qərarını pozduğunu müəyyən etməyib.

Ermənistanı tərəflərin mübahisəsini daha da gərginləşdirə biləcək hər hansı hərəkətdən çəkinmək barədə məhkəmənin Qərarına əməl etməyə və Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinə maneə törədən davranışa son qoymağa çağırırıq.