Ermənistanın iri metallurdiya zavodunu inşa etməsi hiddətlə qarşılanır
Diaspora

Ermənistanın iri metallurdiya zavodunu inşa etməsi hiddətlə qarşılanır

14 iyun DİDK-nin məlumatında xəbər verilir ki, İsveçrə azərbaycanlıları beynəlxalq təşkilatları Ermənistanın ekoloji durumu gərginləşdirməsi cəhdinin qarşısını almağa çağırıb. İsveçrədə yaşayan Azərbaycan icması ölkəmizin sərhədində Ermənistanın ekoloji durumun gərginləşdirilməsi ilə bağlı növbəti dəfə yolverilməz addım atdığına diqqəti cəlb edib.

İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyası tərəfindən beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda bildirilib ki, soydaşlarımız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın iri metallurgiya zavodunun inşası aparmasını hiddətlə pisləyir.

Bəyanatda belə  zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə  ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi qiymətləndirilib. 16 500 kvadratmetr sahədə inşa olunan zavodun illik  istehsal  gücünün 180 000 ton olacağı vurğulanıb. Qeyd edilib ki, Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistan öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılmalıdır.

İsveçrə azərbaycanlıları beynəlxalq təşkilatları bölgədə ekoloji durumun gərginləşdirilməsinin qarşısının alınması məqsədilə Ermənistana təzyiq göstərməyə çağırıb.

“Respublika”.