ERMƏNİSTAN YENİ MÜTTƏFİQ AXTARIŞINDA
Diaspora

ERMƏNİSTAN YENİ MÜTTƏFİQ AXTARIŞINDA

Qondarma dövlətin baş naziri hesab edir ki, Rusiya erməni lobbisinin maraqlarına xidmət etməlidir

Son zamanlar Nikol Paşinyanın anti-Rusiya çıxışları səngimək bilmir. Bədnam qonşumuz özünün yeritdiyi siyasətin girovuna çevrildiyini pərdələmək məqsədilə Azərbaycanın tarixi Zəfərindən sonra düşdüyü dərin böhrandan çıxa bilmədiyi üçün günahı özündə deyil, müttəfiq olduğu Rusiyada axtarır. Bunun daha bir sübutu kimi Paşinyanın İtaliyanın "La Republika" qəzetinə verdiyi müsahibədə "Rusiya sülhməramlı kontingenti öz öhdəliklərini yerinə yetirmir" ifadəsini qeyd edə bilərik. Baş nazir həm də KTMT-nin fəaliyyətindən də narazılığını dilə gətirib. Lakin Avropa İttifaqı və Qərb ölkələrinin Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aktivliyini müsbət qiymətləndirib.

Artıq xeyli müddətdir ki, Ermənistan özünə yeni sahib axtarışındadır. Fransanın anormal və qeyri-obyektiv canfəşanlığı bu ölkənin ənənəvi "erməni sevgisindən" daha çox, Cənubi Qafqazda öz maraqlarının irəli çəkilməsi istiqamətində ermənilərdən maşa kimi istifadə etmək niyyətindən irəli gəlir. Bir sözlə, Ermənistan yiyələrini dəyişmək fikrinə düşüb və belə hesab edir ki, bu, ona Azərbaycanla sülh müqaviləsinin imzalanmasında müəyyən dividendlər qazandıra bilər. Təbii ki, dövlətimiz heç kimin diktəsini və müdaxiləsini qəbul etməyəcək və son 30 ildə olduğundan daha ciddi polad siyasi iradə nümayiş etdirir və öz milli maraqlarını üstün tutur. Lakin ənənəvi erməni xisləti yenə də bədnam qonşularımıza adekvat addımlar atmağa imkan vermir.

Məşhur rusiyalı politoloq, "Voyennoye obozreniye" jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan rəhbərliyinin son anti-Rusiya və kortəbii qərbpərəst addımlarını şərh edərkən bildirmişdir ki, Ermənistanın baş nazirinin Rusiya sülhməramlı kontingenti ilə bağlı neqativ yöndə səsləndirdiyi ifadələr konyunktur, qeyri-obyektiv və mən deyərdim ki, olduqca mənfi xarakter daşıyır. Qərbin böyük qəzetlərinin birinə müsahibəsində Paşinyanın dilə gətirdiyi narazılıq, ilk növbədə, Rusiyanın Ermənistanın aləti olmaqdan imtina etməsi ilə bağlı rəsmi İrəvanın artan məyusluğu ilə əlaqədardır. Biz son aylarda Ermənistan hökumətinin Rusiya ilə müttəfiqlik qarşılıqlı münasibətlərindən uzaqlaşdığını müşahidə edirik. Və bu istiqamətdə həyata keçirilən praktiki fəaliyyət hazırlıq məqsədini güdən uyğun informasiya və siyasi addımlarla müşayiət olunur ki, bu da İrəvan tərəfindən Rusiya ilə qarşılıqlı əlaqələri müttəfiqlik münasibətlər kimi dəyərləndirmir, KTMT-də öz üzvlüyünü sual altında qoyur və ən azından, praktiki nöqteyi-nəzərdən bu, artıq edilib. Perspektivdə isə ümumiyyətlə, kollektiv təhlükəsizlik müqaviləsindən çıxmağı istisna etmir.

Bununla yanaşı, ortamüddətli perspektivdə İrəvanın Moskva ilə müttəfiqlik münasibətlərinin pozulması, Ermənistan ərazisindən Rusiya silahlı qüvvələrinin çıxarılması da istisna edilmir. Bildiyiniz kimi, Ermənistanın ərazisində Rusiya silahlı qüvvələrinin yerləşməsi ilə yanaşı, Türkiyə ilə sərhəddə rusiyalı hərbçilər xidmət edir. Və bütün bunlar dağıdılaraq Paşinyanın yeni siyasi kursuna qurban verilə bilər. Ermənistan Avropa İttifaqı ilə, xüsusilə də Fransa, ABŞ-la münasibətlər qurur. Təəssüflər olsun, çağdaş dünyamız belədir. Moskva isə baş verənlərə ayıq baxmalı, sırf özünün praqmatik maraqlarından çıxış etməli və qətiyyən nə beynəlxalq, nə də Rusiya erməni lobbisinin maraqlarına xidmət etməməlidir.

"Respublika".