Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
Diaspora

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində 4-cü Millətlər Festivalı keçirilib. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Bu barədə qurumdan verilən məlumata görə, qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil müəssisəsinin, Bad Hofqastayn bələdiyyəsinin və Turizm Birliyinin əməkdaşlığı ilə təşkil etdiyi festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə Azərbaycan milli xörəkləri və şirniyyatları, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər sərgilənib. Festivalda milli geyimdə iştirak edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri tərəfindən yerli sakinlərə və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verilib, kitab və broşürlər hədiyyə olunub. Soydaşlarımızın təqdimatında “Uzundərə” və “Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr olunmuş festivala verilən töhfəyə görə təşəkkürlərini bildiriblər.

Qalibiyyət münasibəti ilə Avstriyanın yerli telekanalına müsahibə verən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycanın milli mənəvi dəyərlərindən, qonaqpərvərliyindən, xüsusi ilə Qarabağdan danışıb və jurnalistlərə Azərbaycan haqqında kitablar təqdim edib.

“Respublika”.