FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib
Sosial həyat

FHN “Alov Qüllələri Fairmont Otel Bakı”da təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin Səbail rayonu, Mehdi Hüseyn küçəsi, 1A ünvanında fəaliyyət göstərən “Alov Qüllələri Fairmont Otel Bakı”da “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, tədbirə FHN-in müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlim obyektin kollektivinə yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi müəssisələrdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi məqsədilə təşkil edilib.

Təlim zamanı şərti “Həyəcan” siqnalı verildikdən sonra Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.