İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Xocalı faciəsi ilə bağlı unikal kampaniya həyata keçirir
Siyasət

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi Xocalı faciəsi ilə bağlı unikal kampaniya həyata keçirir

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi (İƏGF-ARM) Ermənistan baş nazirini Xocalı faciəsini tanımağa dəvət edən "Khojaly:RecognizeToReconcile" (Xocalını barışıq üçün etiraf et) adlı beynəlxalq təşəbbüsə dəstəyi davam etdirir və hamını bu təşəbbüsə qoşulmağa çağırır.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, təşəbbüsə dəstək vermək üçün birinci addım - sosial şəbəkələrdə (feysbuk, tviter) Ermənistan baş nazirinin @NikolPashinyan və ombudsmanın @atatoyan profilini tapmaq, ikinci addım - son postlarının şərh yerinə iki söz #Khojaly #RecognizeToReconcile yazmaq və ya öz profilinizdə bu həştəqləri yazmaq və Nikol Paşinyan ilə ombudsmanı təq etmək lazımdır.

Bu kampaniyanın əsas hədəfi müxtəlif ölkələrdən olan insanların sosial şəbəkələrdə Ermənistan baş nazirini Ermənistanın əvvəlki hakimiyyətinin cinayətlərindən olan Xocalı soyqırımını tanımağa çağırmaq və bununla iki ölkə arasında sülhə töhfə verməyə dəvət etməkdir.

Belə ki, fevralın 23-də Avstriyanın paytaxtı Vyanada keçirilən "Sülh və ədalət" beynəlxalq tədbirində Macarıstanın Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması üzrə Budapeşt Beynəlxalq Mərkəzinin sədri Georgi Tatar, Bosniya və Herseqovinanın Srebrennisa Memorial Mərkəzinin direktor müavini Amra Beqiç Ermənistanın Xocalı soyqırımında əli olmayan indiki hökumətinin Xocalı soyqırımını tanımasının Ermənistan ilə Azərbaycan arasında sülh üçün ən böyük töhfələrdən biri ola biləcəyini vurğulayıb.

Beynəlxalq beyin mərkəzlərinin tədbirdə iştirak edən nümayəndələri və ekspertlər bu təşəbbüsü dəstəkləyiblər.

Bu kampaniyanın beynəlxalq vüsət alması və daha çox insana çatması məqsədilə İƏGF-ARM həmin gün #Khojaly#RecognizeToReconcile" təşəbbüsünə beynəlxalq ictimai dəstəyə başlayıb.

Artıq yüzlərlə insan bu kampaniyaya qoşularaq Ermənistan rəhbərliyini Xocalı faciəsini tanımağa çağırıb. İƏGF-ARM hətta Ermənistan bu faciəni tanımasa belə, təşəbbüsün əsl cinayətkar və təcavüzkarın kimlər olduğunu bir daha beynəlxalq ictimaiyyətə çatdırmağa xidmət edəcəyini, bu aksiyanın Xocalı faciəsinin 30 illiyi ilə bağlı "Xocalıya ədalət!" beynəlxalq kampaniyası daxilində növbəti addım olduğunu bəyan edir.

AZƏRTAC