ERMƏNİ ŞOVİNİSTLƏRİNİN QANLI LƏPİRLƏRİ
Region

ERMƏNİ ŞOVİNİSTLƏRİNİN QANLI LƏPİRLƏRİ

Bəşəriyyət tarixində ən qanlı cinayətlərdən biri olan 31 Mart faciəsi tariximizin qanlı yaddaşıdır və hər bir azərbaycanlı bunu heç vaxt unutmayacaq.

Qədirbilən xalqımız öz tarixi-milli ənənələrinə sadiq qalaraq günahsız soyqırımı qurbanlarının əziz xatirəsini həmişə yad edir. Təcavüzkar erməni şovinistlərinin və onların "başbilən ideoloqlarının" etnik təmizləmə, soyqırımı və deportasiya siyasətinin acı nəticələri iki milyon azərbaycanlının taleyində kədərli iz buraxıb. Tarixi mənbələrə görə, "dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə yaşayan ermənilər bir sıra xarici havadarlarının dəstəyi ilə müxtəlif dönəmlərdə azərbaycanlılara və türklərə qarşı terror, soyqırımı həyata keçirmiş, etnik təmizləmə siyasəti aparmışlar. Təkcə 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirməklə soyqırımı törətmişlər. Qədim yurd yerimiz olan İrəvanda zaman-zaman soydaşlarımız təqiblərə məruz qalmış, 1918-1920, 1930-1940, 1948-1953 və 1988-ci illərdə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin uzun tarixi olsa da, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş faciələr barədə həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb, həmin cinayətlərə düzgün siyasi və hüquqi qiymət verilib. Xalqımıza qarşı müxtəlif illərdə mütəmadi olaraq törədilmiş soyqırımı cinayətlərinə məhz ilk dəfə ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmin gün dövlət səviyyəsində soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Bu kütləvi və amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan xalqının varlığını, dövlətçiliyini, dövlət müstəqilliyi uğrunda mücadiləsini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla, həm də bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində qara bir ləkədir.

Fəlsəfə doktoru Zahir Ələsgərov öz fikirlərini belə bildirir: "Erməni vandallarının 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası əslində olduqca böyükdür. Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. İstər XIX, istərsə də XX yüzillikdə təcavüzkar erməni millətçiləri xalqımıza qarşı milli-etnik zəmində kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçirib, bəşəriyyət əleyhinə qəddar və amansız cinayətlərin iştirakçısı olublar.

Bəli, 31 Mart soyqırımı da tarixin və xalqımızın hafizəsinə əbədi həkk olunmuş qan yaddaşıdır. Xalqımıza qarşı törədilmiş etnik təmizləmə və soyqırımı cinayətlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq vətəndaşlıq borcumuzdur. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan xalqına və dünya ictimaiyyətinə müraciətlərində azərbaycanlılara qarşı törədilən faciəni insanlığa yaraşmayan ən qəddar və amansız kütləvi terror hadisələrindən biri kimi qiymətləndirib. İkili standartlara və ermənipərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında əsl həqiqəti artıq etiraf etməli olublar. Bu baxımdan, soyqırımı qurbanlarının xatirəsini anma bütün dünyada getdikcə daha geniş xarakter almışdır. Erməni vandallarının törətdikləri bu soyqırımından uzun illər ötməsinə baxmayaraq, vəhşilik, barbarlıq soydaşlarımızın başına gətirilən müsibətlər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır.

Zabit XƏLİLOV,

"Respublika".