FÜZULİNİN XOŞ NÖVRAĞI QAYIDIR
Region

FÜZULİNİN XOŞ NÖVRAĞI QAYIDIR

Xalqımız illərlə həsrətini çəkdiyi sevincli, fərəhli, xoş duyğulu gözəl günlər yaşayır. Ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunması, Prezident İlham Əliyevin Qarabağa səfəri zamanı Azərbaycanın Dövlət Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və digər ərazilərdə ucaltması respublikamızın hər bir guşəsində əsl bayram ovqatı yaradıb. Ürəklər Vətən, torpaq sevgisi, ölkə başçısına sonsuz məhəbbət, minnətdarlıq hissləri ilə döyünür, arzular aşıb-daşır.

Bu günlərdə həmsöhbət olduğumuz Afiq Əliyev bizimlə bitib-tükənməyən Vətən, torpaq sevgisini bölüşdü. Afiq Əliyev 1958-ci il dekabr ayının 28-də Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya göz açıb, müəllimdir. Ömrünün 35 ilini doğma kənddə el-oba içində keçirib. Təhsil aldığı orta məktəbdə müəllim, direktor müavini işləyib.

1993-cü il avqust ayının 23-də Füzuli rayonunun işğalı ilə əlaqədar rayonu məcburi tərk edib. Ailələri ilə birlikdə bir müddət Beyləqanda, Bakıda məcburi köçkün həyatı yaşayıb. 1997-ci ildən taleyini Lənkərana bağlayıb. Lənkəran Dövlət Universitetində ixtisası üzrə müəllim işləyib. Hazırda universitetin pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosentdir.

Ölkə Prezidenti İlham Əliyevin "Füzuli Şəhəri Günü"ndə rayona səfərini, sakinlərlə, ictimaiyyət nümayəndələri ilə səmimi, mehriban görüşünü, söhbətlərini televizya vasitəsilə izlədiyini, sonsuz sevinc, qürur hissi keçirdiyini bildirdi: "30 ilə yaxın Qarabağ, həmçinin doğma Füzuli rayonu ilə bağlı həsrətin bitdiyini, insanların ata-baba yurdlarına qayıdışını görəndə hədsiz dərəcədə sevindim. Hisslərimi, duyğularımı ifadə etməyə söz tapmıram. Xalqımıza bu sevinci, xoşbəxtliyi, unudulmaz günləri yaşadan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Mən Füzuli rayonunun sadə, zəhmətkeş insanları, ziyalıları adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm.

Üç il əvvəli xatırlayıram. Vətən müharibəsi günlərində möhtərəm Prezidentimizin televiziya vasitəsilə elan etdiyi qələbə müjdəli xəbərləri, çıxış və müsahibələrini səbirsizliklə izləyirdim. Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı, Dədəli kəndlərinin və Füzuli şəhərinin işğaldan azad edilməsi xəbərini Prezidentin dilindən eşidəndə sevincdən göz yaşlarımı saxlaya bilmədim. Bir ziyalı olaraq ömrüm boyu dövlətimizin başçısına, o torpaqların azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizə, yaralı qazilərimizə, müharibə iştirakçılarına borcluyam.

Gəlin, həqiqəti deyək. Son 200 ildə torpaqlarımız qonşu dövlətlər arasında paylanılıb. Cənab Prezident isə ölkəmizin 30 il ərzində işğal altında olan 20 faiz torpaqlarını geri qaytardı. Üstümüzdən qaçqın, məcburi köçkün adını götürdü. Xalqımızı qalib xalq, dövlətimizi qalib dövlət kimi bütün dünyaya tanıtdırdı.

Daha bir məqama toxunmaq istəyirəm. Möhtərəm Prezidentimiz Füzuli rayonunun sakinləri ilə görüşündə dedi: "Siz mənə "Xoş gəlmisiniz!" deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür".

Doğrudan da unudulmaz, yaddaqalan tarixi günlər yaşayırıq. Sevindirici haldır ki, yaşlılarla yanaşı, gənclər də doğma yurda qayıdırlar. Onlar öz doğma ata-baba ocaqlarında yaşamağı qərara alıblar. Qürurverici hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları heç vaxt görməyiblər. Bu, xalqımızın öz Vətəninə, torpağına, doğma diyarına sonsuz sevgisinin, məhəbbətinin nümunəsidir.

İşğal dövründə lənətlənmiş düşmən Qar

abağın rayonlarında, eləcə də Füzulidə salamat bir ev, bina qoymamışdı. Erməni vandalları şəhər və kəndlərimizi dağıdıb xarabazara çevirmişdi. Bu ilin avqust ayında rayonumuza gedərkən tamam ayrı, gözəl bir mənzərənin şahidi oldum. Füzuli şəhərində hündürmərtəbəli, yaraşıqlı binalar tikilib, asfalt yollar, işıq, su xətləri çəkilib, yeni sosial obyektlər inşa olunub. Artıq 800 nəfərdən çox insan hər cür rahatlığı olan təzə mənzillərə köçüb. İlin sonuna kimi təxminən 2 minə yaxın insan doğma şəhərdə yaşayacaqdır. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda isə rayonda 22 min nəfərə yaxın əhalinin məskunlaşacağı nəzərdə tutulub".

Möhtərəm Prezidentimiz rayona səfəri çərçivəsində Füzuli şəhərində inzibati binanın, 240 yerlik uşaq bağçasının, ikinci və üçüncü yaşayış komplekslərinin təməlini qoyub. İnşa olunacaq ikinci yaşayış kompleksində ümumilikdə 653 mənzildə 2288 nəfərin, üçüncü yaşayış kompleksində 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Komplekslərdəki binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin olunacaq.

Həmin gün Prezident Qoçəhmədli və Cuvarlı kəndlərinin də təməlini qoyub. Kəndlərdə tarixi ənənələr qorunmaqla müasir üslubda fərdi evlər tikiləcək, Qoçəhmədli kəndinə 1364 nəfərin, Cuvarlı kəndinə 1697 nəfərin köçürülməsi planlaşdırılıb.

Füzulidə, eləcə də Qarabağın digər rayonlarında, Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti, quruculuq və bərpa işləri yurdumuzun bir parçası olan bu əsrarəngiz diyarın parlaq, firavan gələcəyindən, gözəl növrağından soraq verir. Tezliklə bu yerlər gülüstana, əsl cənnətə çevriləcəkdir.

Əlisəfa HƏSƏNOV,

"Respublika".