Köndələnçayın sahilində salınan
Region

Köndələnçayın sahilində salınan "Ağıllı kənd"

Kənd Köndələnçayın sahilində, Qarabağ silsiləsinin ətəyində yerləşir və gözəl mənzərəsi olan ərazinin ətrafı təpələrlə əhatə olunub. Dövlətyarlının torpağı yeraltı sərvətlərlə zəngindir. Belə ki, kəndin qərb istiqamətində daş karxanası və yaxınlıqdakı Allahqulular dağında qranit daşlar mədəni yerləşir. Qeyd edək ki, kənd otuz il Ermənistanın işğalı altında qalıb və erməni faşizmi öz çirkin mahiyyətini bu kənddə daha qabarıq və iyrənc şəkildə büruzə verib, bu qədim yaşayış məntəqəsi xarabalığa çevrilib. Kənd 2020-ci il noyabrın 9-da qəhrəman Silahlı Qüvvələrimizin bölmələri tərəfindən işğaldan azad edilib.

Qarabağ iqtisadi rayonuna daxil olan Füzulidə başlanan genişmiqyaslı quruculuq işləri Dövlətyarlı kəndini də əhatə edir. İşğaldan azad edilən torpaqlarda ikinci "ağıllı kənd" Dövlətyarlıda salınacaq. Xatırladaq ki, kəndin təməli 2021-ci il oktyabrın 17-də Prezidentimiz İlham Əliyev tərəfindən qoyulub. "Ağıllı kənd" konsepsiyasının bütün cizgiləri burada öz həllini tapacaq. Qeyd edək ki, kənddə xarici investisiya əsasında alternativ enerji həlləri üzrə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsində gücü 50 meqavat nəzərdə tutulan "tarla"da 20 daimi iş yeri yaradılacaq. Əlbəttə, bu da gələcəkdə ölkəmizdə ərzaq təhlükəsizliyinin inkişafına böyük töhfə olacaq.

Hər şeydən əvvəl "Ağıllı kənd" layihəsi Dövlətyarlıya qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edəcək. Sakinlər üçün kifayət qədər iş yerləri yaradılacaq. Kəndin yerləşdiyi coğrafiya və təbii üstünlükləri nəzərə alınmaqla bir neçə bölmə üzrə müəssisələrin yaradılması da nəzərdə tutulur. Kənddə ilk növbədə, kartofçuluq inkişaf etdiriləcək. Yaradılan emal müəssisələrində 40 daimi, 300-dək mövsümi iş yeri olacaq. Eyni zamanda, Köndələnçay Su Anbarı əsasında "ağıllı akvakultura" sistemlərinin tətbiqi hesabına balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. İstehsal olunacaq balıq məhsulları" "made in Azerbaijan" brendi ilə reallaşdırılacaq. Eyni zamanda, kənddə quşçuluq təsərrüfatı da yaradılacaq və burada ilkin mərhələdə 85 daimi iş yeri olacaq. Kəndin iqlimi və relyef üstünlükləri nəzərə alınaraq gələcəkdə turizm və otel infrastrukturunun yaradılması da nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, 2026-cı ilin sonuna qədər 34 min 600 ailənin köçürülməsi nəzərdə tutulur. Bu istiqamətdə bərpa ediləcək şəhər, kənd və qəsəbələrin konkret siyahısı təsbit olunub. Layihə çərçivəsində ən önəmli komponentlərdən biri də "ağıllı kənd" və "ağıllı şəhər"lərin tikintisidir. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri kimi mühüm prinsiplər üzərində qurulacaq. Bu isə məskunlaşmanın özünəməxsus yeni modelini təşkil edəcək.

Zəngilan rayonunun Ağalı kəndindən sonra növbəti belə kənd Azərbaycan dövlətinin öz maliyyəsi hesabına Dövlətyarlıda olacaq. Bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcraçı direktorunun müavini Səbuhi Abdullayev məlumat verərək bildirib ki, Dövlətyarlı kəndinin layihələndirilmə işləri yekun mərhələdədir. Ümumilikdə, "Ağıllı kənd"in ərazisi 323 hektar sahəni əhatə edir. Birinci növbədə 450 evin yerləşdiyi ərazinin layihələndirilməsi nəzərdə tutulub. Bu ərazi isə 137,1 hektar sahəni əhatə edir. Həmin ərazidə ilkin olaraq xeyli sayda istismara yararsız müxtəlif təyinatlı dağılmış tikililərin sökülərək yerində müasir tələblərə cavab verən, izolyasiyalı müasir tikinti materiallarından istifadə olunmaqla 1 və 2 mərtəbəli fərdi yaşayış evləri, 1 və 2 mərtəbəli sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün qeyri-yaşayış binalarının, uşaq bağçalarının və məktəb binalarının tikintisi aparılacaq.

Qeyd edək ki, kəndə ilkin olaraq köçürüləcək ailələrin mənzillə təmin edilməsi üçün 150 ədəd 2 otaqlı, 150 ədəd 3 otaqlı, 100 ədəd 4 otaqlı, 50 ədəd 5 otaqlı olmaqla 450 ədəd fərdi yaşayış evləri tikiləcək. Bu evlərin hər biri üçün 0,12 hektar olan həyətyanı torpaq sahəsi nəzərdə tutulub. Bundan başqa, ev quşlarının və təsərrüfat alətlərinin saxlanılması üçün hər evin həyətində sahəsi 16 kvadratmetr olan təsərrüfat tikilisi sakinlərin ixtiyarına veriləcək. Birinci mərhələ başa çatdıqdan sonra əlavə 300 ev də tikiləcək. Evdaxili mühəndis kommunikasiya və isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu evlərdə yaşayanlar yüksəksürətli internetdən istifadə edəcəklər. "Ağıllı kənd"də İKT geniş istifadə olunduğundan məlumatların təhlükəsizliyi və gizliliyinə xüsusi diqqət yetiriləcək. Ərazidə sosial-məişət və digər xidmət müəssisələrinin yerləşdirilməsi üçün 16 ədəd 1 mərtəbəli, 4 ədəd 2 mərtəbəli qeyri-yaşayış binası tikiləcək. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcud olacaq. Sakinlərin məktəbəqədər təhsil müəssisələrinə olan tələbatını ödəmək üçün isə 120 yerlik uşaq bağçası tikiləcək. Uşaq bağçasının həyətində hər qrup üçün ayrıca oyun meydançası, kölgəlik və ümumi oyun meydançası da layihələşdirilib. Kənddə tikiləcək 360 yerlik orta məktəb binasında müasir tələblərə cavab verən geniş və işıqlı sinif otaqları, kitabxana, akt zalı, yeməkxana, qapalı idman zalı və həyətində geniş açıq idman meydançası yaradılacaq.

Qeydlərimi dövlətimizin başçısının son 20 il ərzində bütün görüşlərində böyük inamla dediyi fikirlərlə tamamlayıram: Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən "məğlubedilmiş" sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı, müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.

Salman ALIOĞLU,

"Respublika".