AĞSTAFADA AQRAR SAHƏ İNKİŞAF EDİB
Region

AĞSTAFADA AQRAR SAHƏ İNKİŞAF EDİB

Bu gün bütün dünyanın ərzaq böhranı ilə üz-üzə qaldığı bir zamanda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bir sıra vacib reformaların həyata keçirilməsi uğurla davam etdirilir.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kənd təsərrüfatının inkişaf etdirilməsi üçün dövlət bu sahədə çalışanlara hərtərəfli yardımlar göstərir, bu da ərzaq bolluğuna səbəb olur. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan, iqtisadiyyatının əsasını kənd təsərrüfatının təşkil etdiyi Ağstafa rayonunda son illərdə bu sahədə ürəkaçan nailiyyətlər əldə olunmaqdadır.

Keçən il 9567,9 hektar sahədə taxıl, o cümlədən 6952,6 hektar sahədə buğda, 2063 hektar sahədə arpa səpilərək yüksək aqrotexniki qulluq göstərilmişdir. Hər hektardan bu il orta hesabla 36,5 sentner buğda, 28,7 sentner arpa əldə olunmuşdur. Ümumilikdə rayon üzrə hər hektardan 34,7 sentner yüksəkkeyfiyyətli məhsul biçilmişdir.

2022-ci ilin məhsulu üçün yazlıq əkinlər üzrə 417 hektar qarğıdalı, bundan 110 hektarı təkrar əkin, 1186 hektar sahədə günəbaxan, 4700 hektar heyvandarlığın inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malik olan çoxillik yem bitkisi yonca becərilmişdir.

715 hektar kartof əkini aparılaraq hər hektardan 313 sentner məhsul əldə olunmuşdur. 110 hektar təkrar əkin aparılmış, sahənin hər hektarından 41,9 sentner silosluq qarğıdalı biçilmişdir.

Cari ilin payızında 9 min hektar sahədə taxıl səpini nəzərdə tutulmuşdur. Artıq qeyd olunan sahədə şumlama aparılmış, 15 hektar sahədə arpa səpini başa çatdırılmışdır.

Rayonda 500 hektara yaxın üzüm bağlarına aqrotexniki qulluq göstərilərək yüksək məhsul əldə olunur. Artıq bağların 300 hektardan çoxunda yığım aparılmışdır. Hələlik məhsuldarlıq hər hektardan 120 sentner təşkil edir, orta məhsuldarlığın artacağı proqnozlaşdırılır. Bağlarda əsasən müxtəlif növ süfrə sortları, 100 hektara yaxın isə texniki sort üzüm becərilir. Əldə olunan yüksəkkeyfiyyətli məhsul əsasən respublika bazarında realizə olunur.

Üzümçülüyün inkişafı bazarda bolluq yaratmaqla yanaşı, bölgədə insanların məşğulluğunun təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bundan başqa, Ağstafada gəlirli sahə olan fındıqçılığın inkişafında da ürəkaçan mənzərə müşahidə olunur. Ölkəmizdə fındıqçılığın inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilir.

2020-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) fındıqçılıq sahəsində birgə layihələr həyata keçirmişlər. «Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi» adlanan layihədən fındıqçılıqla məşğul olan fermerlər faydalanırlar. Hazırda rayonda 208 hektar bar verən fındıq bağı mövcuddur. Artıq məhsul yığımı başa çatmış, hər hektardan orta hesabla 27,5 sentner məhsul əldə olunmuşdur.

Cari ildə 30 hektar sahədə yeni fındıq bağları salınacaqdır. Bununla bağlı bütün hazırlıq işləri aparılmışdır. Bundan başqa, 1168 hektar digər meyvə bağları becərilir. 148 hektar alma bağı, 107 hektar xurma, 81 hektar ərik, 4 hektar yeni salınmış badam bağı və s. bağlara qulluq göstərilir. Rayonda ümumi sahəsi 4 hektar olan istilikxanalarda pomidor, xiyar və başqa tərəvəz məhsulları yetişdirilir.

Bu sahədə çalışanların problemi soyuducu kameraların olmamasıdır. Ağstafada bir dənə də olsun soyuducu kamera fəaliyyət göstərmir. Ümid etmək olar ki, yaxın zamanlarda qeyd olunan bu məsələ öz həllini tapmaqda meyvəçiliklə məşğul olanların böyük sevincinə səbəb olacaqdır.

Rayonda heyvandarlığın inkişafı üçün də münbit təbii şərait mövcuddur. Baytarlar epizootik vəziyyəti daim nəzarətdə saxlayırlar. İlin əvvəlindən indiyədək 24558 baş iribuynuzlu, 1620 baş təkdırnaqlı heyvanda, 62476 baş xırdabuynuzlu heyvanda qarayara, 3465 baş itdə quduzluq, 25049 baş iribuynuzlu, 68156 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə aparılmışdır.

Ağstafada baramaçılığın inkişafı da diqqətdə saxlanılır. Cari ildə 43 kümçüyə 79 qutu baramaqurdu paylanmış, 2442,6 kiloqram yaş barama təhvil verilmişdir.

Ümid etmək olar ki, ağstafalı fermerlər bu estafeti qoruyaraq növbəti illərdə də yüksək məhsuldarlığa nail olacaqlar.

Vəli VƏLİYEV,

«Respublika».