Erməni məkri, Qarakənd faciəsi
Tarix

Erməni məkri, Qarakənd faciəsi

Qarakənd faciəsindən 32 il ötür. 1991-ci il noyabrın 20-də Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında Azərbaycana məxsus "Mi-8" hərbi helikopteri erməni silahlı quldurları tərəfindən vurulub. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan helikopter 14:42-də vurulub.

Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanıb. Həmin gün hadisəni Tehran radiosu saat 16:15-də, Moskva radiosu isə 17:00-da açıqlayıb. Faciənin səbəbi ilə bağlı ilk açıqlanan versiya helikopterin dumanlı havada qayalara çırpılması olub. Hava nəqliyyat vasitəsinin vurulduğu isə bir neçə gün sonra etiraf edilib. Bütün həqiqətləri bilmək üçün vertolyotdakı qara qutu Rusiyaya göndərilsə də, ondan heç bir səs-soraq çıxmayıb. Ermənilərin hazırladığı daha bir məkrli plan gizlədilib. Halbuki "qara qutu"nun sirləri Gəncədəki vertolyot təmiri zavodunda aşkarlana bilərdi.

Qəza nəticəsində ümumilikdə 22 nəfər həlak olub. Onlar dövlət katibi Tofiq İsmayılov, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, videooperator Fəxrəddin Şahbazov, qondarma DQMV-nin prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-in müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, helikopter heyətinin üzvləri Vyaçeslav Kotov, Gennadi Domov, Dmitri Yarovenko olublar.

İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxsləri, hərbi əməliyyat zonası üzərindən uçan "Mi-8"i silahlı mühafizə vertolyotu müşayiət etməyib? Nəyə görə onların hamısı bir vertolyotda olublar? Bütün bunlar təhlükəsizlik qaydalarına ziddir. Amma siyahıya nəzər salanda görürük ki, heç nə təsadüfi olmayıb və bu, sıradan bir qəza deyildi. Hadisələrin gedişatına nəzər salaq: 1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya zəng vuraraq respublikanın Dağlıq Qarabağ rəhbərliyindən Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirməyi xahiş edib. Əsl səbəb isə həmin ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakının planlaşdırılması olub. Bu telefon zəngindən sonra Bakıda iclasda iştirak edəcək şəxslərin siyahısı tərtib edilib. Rəsmi Moskva həmin vaxt Azərbaycanda böyük nüfuza malik şəxslərin, o cümlədən dövlət katibi Tofiq İsmayılovun, baş prokuror İsmət Qayıbovun həmin siyahıda yer alması üçün xüsusilə israr edib. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi haqqında qərar qəbul olunsa da, faciədən bir gün əvvəl, gecəyarısı "ölüm siyahısı yenilənib".

İndi isə siyahıya nəzər salaq: Tofiq İsmayılov Azərbaycanın dövlət katibi postuna yenicə təyin olunmuşdu. O, eyni zamanda Azərbaycanın deputatı kimi ovaxtkı SSRİ-nin yüksək kürsülərindən erməniləri ifşa edir, haqq səsimizi dünyaya çatdırmağa çalışırdı. Sözsüz ki, qisas hissi ilə alışıb-yanan ermənilər Tofiq İsmayılovu hansı yollarla olursa-olsun aradan götürmək istəyirdilər. Telejurnalist Alı Mustafayev isə Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə cəbhənin qaynar nöqtələrindən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdı. Azərbaycanın baş prokuroru İsmət Qayıbovu daxili işlər naziri Məhəmməd Əsədovu isə ermənilər özlərinin bir nömrəli düşmənləri sayırdılar. Hətta onların hər ikisinin aradan götürülməsi üçün erməni lobbisi külli miqdarda pul ayırmışdı.

Bir dəfə İsmət Qayıbov həbs olunan bir ermənini sorğu-suala tutaraq onların hansı haqla Azərbaycana qarşı torpaq iddiasına düşdüklərini soruşmuşdu. Baş prokuror bildirmişdi ki, ermənilərin Qarabağla bağlı arzuları gerçəkləşməyəcək, gec-tez xalqımız işğal altında qalan torpaqları geri qaytaracaq. Doğrudur, bir qədər gec oldu, amma reallaşdı.

Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, bütün bölgələrdə üçrəngli ay-ulduzlu bayrağımız dalğalanır. Ərazilərimizdə qondarma rejim yaradıb cinayətlər törədənlər isə həbs edilib, məhkəmələrə çıxarılırlar. Hazırda Azərbaycan regionun ən güclü dövlətinə çevrilib. Ölkəmiz Cənubi Qafqazda diktə edən tərəfdir və qlobal güclər rəsmi Bakı ilə hesablaşmağa məcburdurlar.

Jalə QASIMZADƏ,

"Respublika".