Elin iftixarı mərd oğullar
Region

Elin iftixarı mərd oğullar

O, Kəlbəcər rayonunun Alagöllər sahəsində, qar çovğununda itkin düşərək şəhid oldu. Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant idi. Doğma yurda bağlı olduğundan hamı xətrini əziz tuturdu. Ölüm xəbəri gələndə tanış-bilişlər "evdən yox, eldən getdi", dedilər. Bu günlərdə baş leytenant Fuad Allahverdi oğlu Bağırovun anım günü həm kədər, həm də qürur hissi ilə qeyd edildi.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, şəhər icra hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Şirvandan olan və Şəkidən gələn şəhid ailələri, şəhidin ailə üzvləri, dostları ilə birlikdə baş leytenant Fuad Bağırovun məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Fuadın xatirəsinin daim əziz tutulacağı bildirildi.

Sonra Şirvan Dövlət Rəsm Qalereyasının direktoru, Vətən müharibəsinin şəhidi Nicat Hüseynovun bacısı Çinarə Vəliyeva Fuad Bağırovun portretini anasına təqdim etdi.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Tofiq HÜSEYN,

"Respublika".